Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2779/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 3 saylı Notariat Ofisinə və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi və faiz borcunun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 3 saylı Notariat Ofisinə və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi və faiz borcunun silinməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 iddiaçı barəsində çıxardığı İcra qeydinin ləğv olunması və Bank olmayan Kredit təşkilatının verdiyi kreditin ana borcunun ödənilib, faizlərin silinməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə BOKT "xxxx" MMC arasında bağlanmış 18 iyun 2021-ci il tarixli 027-KOS/AZN-2021 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3100 (üç min yüz) AZN məbləğində borc götürmüşdür. Kreddit təşkilatından pul götürülərkən iddiaçıya 2800 manat verilmiş, 400 manat isə sığorta və xidmət haqqı çıxılmışdır. Kredit 12 aylıq müddətə və 28% (illik) verilmişdir. 1 nömrəli əlavəyə əsasən iddiaçı ayda 299 manat 17 qəpik ödəməklə xx.xx.2022-ci il tarixdə tamamlamalı idi. İddiaçı “Bələdiyyə birliyi” qəzətinin təsisçisi və baş redaktoru olmaqla həm də təqaüdçüdür, aldığı təqaüdün məbləği isə 327 manatdır, bu səbəbdən də kredit ödənişində gecikmə hallar yaranmışdır. İddiaçı 2400 (iki min dörd yüz) manat kredit təşkilatına ödəniş etmişdir, lakin 29 iyul 2022-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisinin notariusu X5 onu görmədən, onun maddi durumunu, səhhətini araşdırmadan İcra qeydi çıxarmış və Nərimanov Rayonu İcra və Probasiya İdarəsinə göndərmişdir. İcra qeydində İddiaçı 3056 manat 59 qəpik əsaslara və 1634 manat 46 qəpik cərimə peniya, həmçinin 25 manat tələbkar tərəfindən ödənilmiş rüsum, cəmi 4716 manat 05 qəpik tutulması qeyd edilmişdir. İddiaçı 3100 manat kredit məbləğindən bu günə qədər 2740 manat ödəmişdir. Həmçinin notariusun çıxardığı icra qeydində göstərilmiş 4716 manat məbləğin ödənilməsi üçün Nərimanov İcra və Probasiya İdarəsinə də 7% əlavə (təxminən 350 manat) ödəməlidir. İddiaçı maddi vəziyyətinin və səhhətinin yaxşı olmaması səbəbilə, Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X3 iddiaçı barəsində çıxardığı İcra qeydinin ləğv olunması və Bank olmayan Kredit təşkilatının verdiyi kreditin ana borcunun ödənilib, faizlərin silinməsi barəsində qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi X4 iddia tələbini qismən qəbul edərək, ekspertin rəyi ilə müəyyən olunmuş borc məbləğini qəbul etdiklərini və həmin borc məbləği həddində iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC yazılı etiraz təqdim etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Baş ofisi ilə İddiaçı "arasında bağlanmış xx.xx.2021-ci il tarixli özəl 027-KOS/AZN 2021 saylı kredit müqaviləsinə əsasən illik faiz 28% olmaqla 12 (on iki) ay müddətinə qarşı tərəfə 3100 manat (üç min yüz manat) məbləğində kredit verilmişdi. Kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı aldığı kredit məbləğini bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan "kredit ödəniş cədvəli"nə (1 saylı əlavə) uyğun olaraq bir il müddətinə kreditdən istifadəyə görə hesablanmış 490 manat 02 qəpik faiz məbləği də daxil olmaqla 3590 manat 02 qəpik məbləği Borc verənə vaxtında qaytarmağı öz öhtəsinə götürmüş və kreditin verilmə şərtlərilə yaxından tanış olaraq imzası ilə təsdiq etmişdir. Ödəniş cədvəlinə əsasən kredit üzrə əsas və faiz borclarının ödənilmə müddəti hər ayın 18-20 tarixlərinə müəyyən olunsa da ,Borc alan tərəfindən bu öhtəlik lazımınca yerinə yetirilməmiş, ödənişin vaxtlı-vaxtında edilməməsi ilə bağlı dəfələrlə rəsmi və şifahi məlumat verilsə də, kredit müqavilə müddətinin xx.xx.2021-ci il tarixdə (bir il bundan əvvəl) bitməsinə baxmayaraq Borc alan İddiaçı bu günə kimi kredit ödənişini başa çatdırmamışdı. Borclu xx.xx.2023-cü il tarixdə yazdığı iddia ərizəsində ödəniş etdiyi pul məbləğlərini göstərmiş “BOKT Falcon Finance" MMC-nin hesabına 2740 manat ödəniş etdiyini qeyd etmişdir. Bildirirəm ki,ödəniş zamanı ödəniş kanallarından Terminallar şəbəkəsi,Veb səhifələr və Mobil Tətbiqlərdən istifadəyə görə ödəniş kanallarından aslı olaraq kreditin ödəniş məbləğinin ən azı 0.6%, ən çoxu 1.5% nisbətində əlavə komissiya haqqı tutulur.Borc alanlara təqdim olunan "xxxx"xxxx"BOKT Falcon Finance MMC"-nin hesab nömrəsi vasitəsilə ödəniş olunduqda isə komissiya haqqı tutulmur.Borc alan İddiaçı ödədiyi məbləğləri ödənişli kanallar vasaitəsilə etdiyindən faiz tutulmaları (komissiya haqqı) olmuş,tutulan məbləğlər ödəmə qəbzlərində də öz əksini tapmış və ödənişlər Təşkilatın hesabına aşağıdakı məbləğlərdə daxil olmuşdu. xx.xx.2021-ci il tarixdə 300 AZN - hesaba daxil olub 298.20 AZN, xx.xx.2021-ci il tarixdə 310 AZN - hesaba daxil olub 308.14 AZN, xx.xx.2021-ci il tarixdə 210 AZN - hesaba daxil olub -208.74 AZN, xx.xx.2022-ci il tarixdə 300 AZN - hesaba daxil 297.60 AZN, xx.xx.2022-ci il tarixdə 300 AZN - hesaba daxil olub 297.60 AZN, xx.xx.2022ci il tarixdə 1000 AZN - hesaba daxil olub 992 AZN, xx.xx.2023-cü il tarixdə -1.77 AZN, xx.xx.2023-cü il tarixdə - 80.03 AZN, xx.xx.2023-cü il tarixdə - 81.80 AZN. Beləliklə boclu iddia ərizəsində bu günə kimi 2740 manat ödəməsini bildirsə də faktiki bu günə kimi borclunun təqaüdündən tutulmalar da daxil olmaqla Təşkilatın hesabına cəmi 2565 manat 88 qəpik ödəniş olunmuş, (onlardan 815 manat 08 qəpiyi icra qeydi çıxmamışdan əvvəl, bir il ərzində ödənilən məbləğdi.) xx.xx.2022-ci il tarixdə İcra qeydi ilə təsdiq olunmuş 4716 manat 05 qəpik məbləğdən isə cəmi 1750 manat 80 qəpik ödənilmişdir. Bu ödənişlərdən sonra cavabdehin ödənilməmiş 2965 manat 25 qəpik qalıq borcu qalmışdı. Ödənişlərdəndən də göründüyü kimi borclu 2021-ci il ərzində cəmi 3 dəfə, 2022-ci il ərzində də cəmi 3 dəfə ödəniş etməsi ilə “Bank” qarşısında götürdüyü öhdəliyin tələblərini pozmuş, təqdim olunmuş ödəniş cədvəlinə əməl etməmiş, nəticədə ödənilməmiş məbləğə görə faiz və cərimə (dəbbə) pulu hesablanaraq kredit məbləğinə əlavə olunmuşdu. 2023cü ildə edilmiş ödənişlər isə İcra şöbəsi- tərəfindən borclunun təqaüdünə yönəltmə olunduqdan sonra hesaba daxil olan məbləğlərdi. Borc alanın iddia ərizəsində qeyd etdiyi 2023-cü ilin aprel və may aylarında hər aya görə 160+160=320 manat məbləğin təqaüdündən tutulub hesaba ödənilməsi tamamilə yanlışdı, hans, ki, may və iyun aylarında cəmi 163 manat 60 qəpik məbləğində pul Borclunun təqaüdündən tutulub hesaba ödənilmişdi. "xxxx" MMC-nin Baş ofisi ilə Borc alan İddiaçı arasında bağlanmış kredit müqaviləsinin 3.1.3-cü bəndində qeyd olunub ki, əgər borc alan öhdəliklərni pozarsa və Borc verən borcunun tutulması ilə bağlı Məhkəməyə və ya icra qeydi almaq üçün natariusa müraciət edərsə,qətnamə (məhkəmə əmri) və ya icra qeydi (sonra-icra sənədi) çıxarıldıqdan sonrakı müddət ərzində hesablanmış faizləri,o cümlədən vaxtı keçmiş ikiqat faizləri Borc alan özünün borcu kimi etiraf edir və qəbul edir.Həmin faiz və ikiqat faiz borcunu ödəməyi öz öhtəsinə götürür. Qeyd olunanlardan göründüyü kimi, Borc alan İddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmaqla "Bank" qarşısında üzərinə götürdüyü öhtəliyi layiqincə yerinə yetirməmiş,götürdüyü kredit borcunu vaxtlı-vaxtında ödəməməsi səbəbindən Borc verənin digər şəxslərə də pul kreditinin verilməsində müəyyən çətinliklər yaratmışdı. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbdən iştirak etməməsi barədə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Bakı şəhəri 3 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: - Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsinə əsasən, Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana 12 (on iki) ay müddətinə qaytarmaq şərti ilə 3100 AZN məbləğdə kredit verməyi, Borc alan aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə uyğun olaraq Borc verən qaytarmağı və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürür. - xx.xx.2022-ci il tarixli İcra Qeydindən görünür ki, Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1052, BAKİ ŞƏHƏRİ ünvan 1 ünvanında yerləşən Bank Olmayan Kredit Təşkilati “Falcon Finance" Məhdud Məsuliyyətli Cəmiyyəti /VÖEN ********** xeyrinə Azərbaycan Respublikasi Baki şəhəri, Atatürk pr. ev 41 mənzil 31 ünvanında qeydiyyatda olan İddiaçı (AZE0*******, xx.xx.2012 - Nərimanov RPİ: FİN: xxxxxxx.) 027-KOS/AZN-2021 nömrəli müqaviləyə əsasən, müddət üçün vaxtında ödənilməmiş 3056 manat 59 qəpik tutulsun. Bundan əlavə təklif edirəm borcludan İddiaçı 1634 manat 46 qəpik məbləğində cərimə periya tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 4716 manat 05 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2022 tarixdə aparılmışdır. - xx.xx.2022-ci il tarixli Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış bildirişdə qeyd edilir ki, məlum olduğu kimi, "xxxx" BOKT ilə Sizin aranızda xx.xx.2021-ci il tarixli Özəl 027-KOS/AZN-2021 saylı kredit müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən Sizə 12 (on iki ay) ay müddətinə 3100 AZN məbləğində kredit verilmişdir. Qeyd olunan kredit müqaviləsinin şərtlərinə əsasən siz alınmış krediti və banka ödəməyi öz öhdənizə götürmüsünüz. Ödəniş qrafikində kredit üzrə əsas və faiz borclarının ödənilmə müddəti hər ayın 18-i tarixinə müəyyən olunsa da, sizin tərəfinizdən bu öhdəlik lazımınca yerinə yetirilmir. Bu barədə sizə tərəfimizdən dəfələrlə məlumat verilsə də tərəfinizdən banka olan kredit və faiz borcunuz lazımınca ödənilmir. Qeyd olunanlarla sizdən 7 iyul 2022-ci il tarixə ödəniş qrafiki üzrə gecikdirilmiş 2493.92 manat məbləğində əsas, 562.67 AZN faiz və 1634.46 AZN cərimə borcunuzu ən qısa müddət ərzində (xx.xx.2022-ci il tarixədək) ödəməyiniz tələb olunur. Əks halda tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Özəl 027- KOS/AZN-2021 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və Banka olan ümumi borcunuzun, 4691.05 AZN (2493,92 əsas + 562,67 faiz 1634,46+cərimə) məhkəmə qaydasında tutulması barədə iddia tələbi ilə müvafiq məhkəmə orqanlarına müraciət olunaraq girov predmetinə yönəldiləcək. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 avqust 2023-cü il tarixli 9/6154/2023 saylı ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri; hesabdan çıxarış məlumatları və 18 iyun 2021-ci il tarixli, 027-KOS/AZN-2021 №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən İddiaçı “Falcon Finance" MMC-yə olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 2493,92 manat; faiz borcu üzrə 605,35 manat, cərimə 1705,43 manat, 25 avqust 2023-cü il tarixə əsas borc üzrə 1590,09 manat, faiz borcu üzrə 761,93 manat müəyyən edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı illik 28 faizlə 12 aylıq 3100 manat məbləğində kredit verilmişdir. BOKT tərəfindən borcalana xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək öhdəliyin lazımınca icra edilməməsi nəticəsində borcunun olduğu, habelə həmin borcun gecikdirildiyi üçün faiz və cərimə borcunun hesablandığı bildirilmiş, bu səbəbdən də borcun ödənilməsi təklif edilmiş, notarius tərəfindən icra qeydi aparılacağı barədə məlumat verilmişdir. İddiaçı bildirir ki, icra qeydi üzrə tutulmalı olan borc düzgün hesablanmayıb, onun tərəfindən aparılmış ödənişlər nəzərə alınmadığı üçün əsas və faiz borcu çox hesablanmışdır, bu səbəbdən də icra qeydi ilə razı deyildir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası “Notariat haqqında” Qanununun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixə iddiaçının BOKT-a olan 2493,92 manat; faiz borcu üzrə 605,35 manat, cərimə 1705,43 manat təşkil etmişdir. Göründüyü kimi, iddia tələbinin dəlilləri ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən, icra qeydi borcun mübahisəsiz olduğu təsdiq olunduğu təqdirdə verilməlidir. Lakin ekspert rəyi ilə müəyyən olunmuşdur ki, icra qeydi verildiyi tarixdə iddiaçının 2493,92 manat əsas borcu olduğu halda həmin borca tənasübsüz məbləğdə cərimə (penya) hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçının əsas gətirdiyi dəlillər məhkəmədə işin araşdırılması zamanı öz təsdiqini tapdığından iddiaçı icra qeydinin ləğv edilməsi barədə iddia irəli sürməkdə haqlı olmuşdur, bu səbəbdən də iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “kreditin ana borcunun ödənilib, faizlərin silinməsi” hissəsində isə iddianı əsassız hesab edir. Belə ki, həmin hissədə iddia tələbinin heç bir hüquqi əsası müəyyən edilmir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddiaçı əsas borcun və faizlərin silinməsini mübahisələndirməklə, iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanların kontekstində məhkəmə həmçinin qeyd edir ki, icra qeydi ilə bağlı həyata keçirilən əməliyyatlar qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC və Bakı şəhəri 3 saylı Notariat Ofisi tərəfindən icra qeydi aparılarkən borcun mübahisəsiz olmadığı aşkar olsa da, Notarius tərəfindən xx.xx.2022-ci il tarixdə icra qeydi verilmişdir. Məhkəmə yekun olaraq qeyd edir ki, 25 avqust 2023-cü il tarixli 9/6154/2023 saylı ekspert rəyi ilə iddiaçının hazırda cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 1590,09 manat əsas borc, 761,93 manat faiz borcu olduğu müəyyən olunmuşdur. Tərəflər hər ikisi həmin borc məbləğini etiraf etmişlər. Lakin məhkəmədə, mülki işin barışıq sazişi ilə yekunlaşdırılması barədə məhkəmənin təklifi ilə razılaşmamışlar, həmin borcun məhkəmə tərəfindən təsdiqlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Lakin nəzərə alınmalıdır ki, məhkəmə yazılı tələblər üzrə mülki işə baxır, iddiaçının isə belə yazılı tələbi olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 3 saylı Notariat Ofisinə və Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi və faiz borcunun silinməsi” tələbinə dair iddiası qismən təmin edilməli, Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış icra qeydi ləğv edilməli, iddia tələbi digər hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat ekspertiza xərci Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən tutulmalı, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən xx.xx.2022-ci il tarixdə aparılmış icra qeydi ləğv edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 50 manat ekspertiza xərci Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2779/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2779/2023
21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver