Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2789/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Cəfərov Davud Rauf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş elektron nəzarət vasitəsinin 2277,4 manat dəyərində pul məbləğinin ondan tutularaq Azərbaycan Respublikası Dövlət Xəzindarlıq Agentliyində müvafiq hesablaşma hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh-məhkum Qaracayev X1 Rayon Məhkəməsinin 1(005)-417/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli 01 il, 11 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair göstərişi xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş, cavabdeh xx.xx.2023-cü il tarixdə qeydiyyata alınaraq, onunla ilkin qaydada fərdi söhbət aparılmış və xx.xx.2023-cü il tarixdə ona “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək, ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı iş üzrə cavabdehə tətbiq edilərək təhvil verilmişdir. Cavabdeh elektron nəzarət vasitəsinə baxış keçirilən zaman mobil qurğunun ekranında ləkə olduğu və bu səbəbdən onun qeyri-işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Cavabdehdən bu barədə izahat alınmış, o, izahatında bununla bağlı heç bir üzrlü səbəb göstərməmişdir. Həmin qurğu xx.xx.2024-ci il tarixdə qeyri-işlək vəziyyətdə olduğundan cavabdehdən təhvil alınaraq yenisi ilə əvəz edilmiş və bu barədə həmin tarixdə müvafiq qaydada protokol tərtib edilərək şəxsi işə əlavə edilmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında" xx.xx.2024-cü il tarixli texniki rəydə düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlərin sıradan çıxdığını və təmirinin mümkün olmadığı bu səbəbdən həmin cihazın istifadəyə tam yararsız olduğu bildirilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsini dəyəri 2277,4 manat təşkil edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı icra məmuru Cavid İsmayılov iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehə “Attenti” markalı elektron nəzarət vasitəsi tam işlək vəziyyətdə təhvil verilmiş və istifadə qaydaları ona izah edilmişdir. Lakin cavabdehin düzgün istifadə etməməsi səbəbindən, ana platada elektron elementlər sıradan çıxmış, təmiri mümkün olmamış və istifadəyə tam yararsız hala düşmüşdür. Sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, ona verilmiş elektron cihazı səliqəli işlətmiş, bundan əvvəldə cihaz iki dəfə öz-özünə sönmüş, müraciət edəndən sonra təmir edib qaytarılmışdır. Cihazın işləməməsi onun təqsirindən olmadığını qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədəsində xəbərdarlıq edilmiş İddiaçı icra məmuru Cavid İsmayılov tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-417/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulması və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il, 11 ay, 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanması; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Cavabdeh üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanını iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması; Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması; Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması; Cavabdeh təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasının İddiaçınə həvalə edilməsi; Cavabdeh yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi; Cinayət işi üzrə maddi sübut - Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı - 0,262 qram narkotik vasitə heroinin məhv edilməsi; Cinayət işi üzrə maddi sübut - 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması; Ekspertiza tədqiqatının dəyəri 110 manatın Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməsi; Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən təqsirləndirilən şəxs Cavabdeh hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 manat hesab edilməklə, iş saatı üçün cəmi 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilməsi hökm edilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş protokolun surətindən görünür ki, Cavabdeh “Attenti” markalı elektron nəzarət vasitəsi tətbiq edilərək, ona mobil qurğu təhkim edilmişdir. Cavabdeh məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılmasına dair protokolun surətindən görünür ki, məhkum Cavabdeh tətbiq edilmiş Attenti markalı, 35639933 seriyalı elektron nəzarət vasitəsinə baxış keçirilmiş, baxış zamanı mobil qurğunun ekranında ləkə olduğu və qeyri-işlək vəziyyətdə olduğu aşkar edilmişdir. Buna dair məhkum Cavabdeh izahat alınaraq şəxsi işə əlavə edilməklə, Attenti markalı 35639737 seriyalı elektron nəzarət vasitəsi ilə mobil qurğu əvəzlənmişdir. Məhkumla fərdi söhbət aparılaraq, hüquq və vəzifələri, cəzanın çəkilməsinin şərtləri və elektron nəzarət vasitəsinin istifadə qaydaları bir daha izah olunmuşdur. "xxxx" QSC-nin Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında mütəxəssis rəyində qeyd edilmişdir ki, Cavabdeh nəzarətinə verilmiş “Attenti” markalı elektron nəzarət vasitəsi düzgün istifadə edilməməsi səbəbindən ana platada elektron elementlər sıradan çıxmış, təmiri mümkün deyil və istifadəyə tam yararsızdır. “Eurodesign” ("xxxx") QSC-nin xx.xx.2021-ci il tarixli, ED-M-N 96-21 saylı məktubundan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitələrinin cəmi məbləği 2277,40 manat təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-417/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Hazırda iddiaçı cavabdehə təhvil verilmiş elektron nəzarət vasitəsinin sonuncunun təqsiri nəticəsində yarasız vəziyyətə düşməsini iddia edərək, dəymiş ziyanın ödənilməsini tələb edir. Cavabdeh isə buna etiraz edərək, elektron nəzarət vasitəsinin əvvəldən yararsız halda olduğunu, bundan əvvəl iki dəfə söndüyünü əsas gətirərək, iddianı qəbul etmir. Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsi mütəxəssis tərəfindən tədqiq edilmiş və nəticədə qolbağın düzgün istifadə edilməməsi səbəbindən qeyri-işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21.2 və 1096-cı maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Cəzaların İcrası Məcəlləsinin 15-2-ci maddəsinə əsasən ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh mülki məsuliyyət daşıyır və dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq “Attenti” markalı elektron nəzarət vasitəsinə görə 2277,40 manat pul vəsaiti alınaraq Azərbaycan Respublikası Dövlət Xəzindarlıq Agentliyində müvafiq hesablaşma hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 manat pul vəsaiti alınaraq Azərbaycan Respublikası Dövlət Xəzindarlıq Agentliyində müvafiq hesablaşma hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-2789/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2789/2024
11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver