Məhkəmə qərarları › İş №2(005)-2801/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2801/2021

19.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2801/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı və cavabdeh “Bank of Baku”ASC-nin nümayənsədi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ekspertizanın rəyi əsasında ədalətli və düzgün hesablanmış məbləğ bank tərəfindən iddia olunan ümumi kredit məbləğindən çıxılması barədə hesablamalar əsasında artıq məbləğ qaldığı aşkar olunduğu halda bu məbləğin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh ASC arasında 11.10.2014-cü il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank iddiaçıya 36 ay müddətinə illik 28 faiz olmaqla 5200 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilədə kredit dollar qeyd edilsə də, məzənnə manatla verilib. İddiaçı həmin krediti bir müddət ödəmişdir. Devalvasiyadan sonra faizlər çoxalmış və bu faizlərlə əlaqədar yenidən hesablaşmalar aparılmışdır. İddiaçı banka müraciət edərək Respublika Prezidentin Fərmanına əsasən restrukturizasiya aparılmasını xahiş etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixində təsdiq edilmiş Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən iddiaçının 11.10.2014-cü il tarixli CC/04151/45/21 saylı kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixinə 4804,45 ABŞ dolları və 21.12.2015-ci il tarixinə 4804.45 ABŞ dollar əsas borc məbləği qalmışdır. İddiaçı hesab edir ki, onun barəsində düzgün hesablama aparılmamışdır. Bununla əlaqədar banka müraciət etmiş, hesablama aparılmış və mütəxəsislər tərəfindən bildirilmişdir ki, təxminən 4000 manata yaxın artıq hesablama aparılmışdır. Bu məsələlərin düzgün həlli üçün ekspertiza təyin olunması və hesablama aparılması zəruridir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ”Bank of Baku”ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Mülki işin materiallarında olan tərəflər arasında bağlanmış 11.10.2014-cü il tarixli nağd pul layihəsi müqaviləsinə əsasən bank iddiaçıya 36 ay müddətinə illik 28 faiz olmaqla 5200 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan 10.03.2020-ci il tarixli Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixində təsdiq edilmiş Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən iddiaçının 11.10.2014-cü il tarixli CC/04151/45/21 saylı kredit müqaviləsi üzrə 21.02.2015-ci il tarixinə 4804,45 ABŞ dolları və 21.12.2015-ci il tarixinə 4804.45 ABŞ dollar əsas borc məbləği qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 avqust tarixli, 9/5176 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 11 oktyabr 2014-cü il tarixdə bağlanmış CC/04151/45/21 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla İddiaçı Cavabdeh ASC -yə müqavilə müddəti tarixinə yəni, 11.10.2017-ci il tarixinə olan borcu 7723,38 ABŞ dolları olmaqla, bundan 4800,52 ABŞ dolları əsas borc, 2922,86 ABŞ dolları faiz borcu kimi müəyyən edilir. Təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, cavabdeh tərəfindən 11.10.2017-cİ il tarixdən son ödəniş tarixinə, yəni 19.04.2019-cu il tarixədək 1039,85 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə də iddiaçının cavabdehə olan borcunun ödənilməməsi sübuta yetirildi. Belə olan halda məhkəmə cavabdehdən iddiaçının xeyrinə hər hansı məbləğin tutulması üçün əsas görmür. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı artıq ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutulub X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar