Məhkəmə qərarları › İş №2(005)-2802/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2802/2021

29.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2802/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı (adından Qanuni nümayəndə) Cavabdeh qarşı “istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (Qanuni nümayəndə) Cavabdeh qarşı “istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 29, mənzil 28 ünvanından istifadə hüququna xitam verilməklə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə Cavabdeh ilə 07 iyun 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx xxx 2008-ci il təvəllüdlü İddiaçı və 30 mart 2011-ci il təvəllüdlü X6 adlarında iki övladları dünyaya gəlmişdir. Ailə qurduqları gündən cavabdehlə münasibətləri gərginləşmiş, dəfələrlə cavabdeh tərəfindən döyülmüş, təhqir edilmiş, xarakterlərində bir çox zidiyyətlər əmələ gəlmişdir. Qanuni nümayəndə Cavabdeh tərəfindən sonuncu dəfə vəhşicəsinə döyülməsi faktı ilə bağlı şikayəti əsasında iş Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis bölməsində araşdırılmışdır. Belə ki, araşdırma zamanı iş üzrə təyin edilib keçirilmiş məhkəmə tibbi ekspertiza və X4 Publik Hüquqi şəxsinin 14.09.2020-ci il tarixli 654 saylı rəyindən də göründüyü kimi Qanuni nümayəndə Cavabdeh tərəfindən döyülməsi nəticəsində bədən səthində aşkar edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bununla da toplanmış materialda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan, yəni qəsdən sağlamlığa yüngül zərər vurma cinayətinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Bundan sonra araşdırmanın davam etdirilməsi üçün toplanmış material istintaq aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Ailəli olduqları müddətdə onu azyaşlı uşaqlarının gözü qarşısında dəfələrlə vəhşicəsinə döymüşdür. Uşaqların psixologiyası pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.03.2021-ci il tarixli 2(005)-464/2021 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında 07 iyun 2005-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1157 nömrə ilə Səadət Sarayı tərəfindən qeydə alınmış nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları xx xxx 2008-ci il təvəllüdlü İddiaçı və 30 mart 2011-ci il təvəllüdlü X2 ananın yanında qalmaları qət edilmişdir. Cavabdeh hal-hazırda ünvan 1 ünvanda qeydiyyatdadır. ünvan 2rləşən mənzilə mülkiyyət hüququ Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla qızı İddiaçı məxsudur. Cavabdeh onunla birgə həmin mənzildə yaşaması onun və qızlarının həyat və sağlamlığı baxımından təhlükəlidir və qızlarına mənfi təsir göstərir. Cavabdehin onlarla yaşaması qeyri-mümkündür. Cavabdeh hazırda qeyd edilən ünvanda qeydiyyatda olmaqla, qızı İddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Cavabdeh həmin mənzildə yaşasa da, cavabdehin həmin mənzidən istifadə hüququ yoxdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 27.04.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 23.05.2015-ci il tarixindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 29, mənzil 28 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 18 fevral 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 29, mənzil 28 ünvanında yerləşən ümumi sahəsi 123.6 kv.m olan mənzili azyaşlı qızı İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 29, mənzil 28 İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1165 nömrəli reyestr kitabının 105755 nömrəli vərəqində 23.02.2017-ci il tarixində ********** nömrəli qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 464/2021 saylı 30.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Səidova (Bağırova) Nərgiz Xanlar qızı arasında 07 iyun 2005-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1157 nömrə ilə Səadət Sarayı tərəfindən qeydə alınmış nikahın pozulması, nikah pozuldqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı və 30.03.2011-ci il təvəllüdlü X2 iddiaçı Səidova (Bağırova) Nərgiz Xanlar qızının yanında qalması və uşaqların saxlanması üçün 13.10.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13.07.2021-ci il tarixli məlumatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 29, 28 saylı mənzil ilkin olaraq X3 adına qeydiyyatdan keçmişdir. 2 saylı ASAN Xidməti mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-1893 reyestr nömrəli 24.08.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir. X1 tərəfindən təsdiqlənmiş 4Ə-36 reyestr nömrəli 18.02.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən, İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə Qanuni nümayəndə 07.06.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-464/21 saylı 30.03.2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 29, 28 saylı mənzil ilkin olaraq X3 adına qeydiyyatdan keçmişdir. Daha sonra 24.08.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir. Cavabdeh ilə Qanuni nümayəndə nikahı dövründə, yəni 18.02.2017-ci il tarixdə bağışlama müqaviləsinə əsasən cavabdehin qızı İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı və cavabdehin birgə nikahdan olan qızlarıdır və anası ilə qalır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında olan hüquq münasibətləri 01 oktyabr 2009-cu ildən sonrakı dövrdə yarandığından məhkəmə hesab edir ki, bu mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Həmin qərarda qeyd olunur ki, ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə hesab edir ki, mövcud hüquq münasibətlərinin yaranma tarixi nəzərə alınmaqla Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Mənzil Qanuni nümayəndə mülkiyyətində olmadığı üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları hazırki iddia tələbində tətbiq oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. O da qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçı azyaşlı İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 29, 28 saylı mənzilin mülkiyyətçisidir. Hazırda onun qanuni nümayəndəsi kimi anası Qanuni nümayəndə çıxış edir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçının anası Qanuni nümayəndə öz mənafeyinə uyğun çıxış etməklə qızının (yetkinlik yaşına çatmayan) mülkiyyətində olan əmlakdan keçmiş həyat yoldaşı olan Cavabdeh çıxarılmasını tələb edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edlməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı (Qanuni nümayəndə) Cavabdeh qarşı “istifadə hüququna xitam verilməklə mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar