Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2804/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı X1 Cavabdeh ASC-yə qarşı “ödənişlərin və faizlərin dayandırılması, hesablanmış cərimələrin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh ASC-yə qarşı “ödənişlərin və faizlərin dayandırılması, hesablanmış cərimələrin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə aralarında olan öhdəlik üzrə onun Cavabdeh ASC-yə olan aylıq ödəniş və faizlərin dayandırılması, hesablanmış cərimələrin isə silinməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bildirmək istərdi ki 16.03.19-cu il tarixdə Cavabdeh ASC-dən 3500(üç min beş yüz) AZN məbləğində 24 aylıq müddətinə aylıq ödəniş 188.56 AZN olmaqla kredit götürmüşdür. Əlavə edir ki 07.01.2019-cu il tarixdə işlədiyi Azərtrans MMC-dən ailə vəziyyətimlə əlaqədar olaraq işdən çıxmışdır. Hal-hazıra kimi işləməmişdir. Tək anadır. Himayəsində 1 azyaşlı qız övladı var. Maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyi üçün anamın yanırıda yəni Balakən rayon Rüfət Əhmədzadə 9 ünvanında yaşayır. Azərbaycan Respublikası Prezidentinin 31.12.2020c il tarixdə imzaladığı qanuna əsasən 2021-ci ildə ölkə ərazisində yaşayış minimumu ölkə üzrə ümumi 196 manat təşkil edir. Faktiki vəziyyətimi nəzərə alsaq deyə bilər ki maddi vəziyyəti çox çox pisdir, çünki heç bir yerdə işləmir və əlavə gəlir yeri yoxdur. Qeyd edir ki ödənişlərini 2020-ci ilin 13 mart tarixinə kimi vaxtı vaxtında ödəmişdir. Lakin işsiz olduğu üçün artıq ödənişlərində çətinliklər yarandığına görə Cavabdeh ASC ilə aralarında imzalanmış 13.03.2020-ci il tarixli yeni ödəniş cədvəlinə görə ödənişim aylıq 78 AZN təşkil etmişdir. Ölkə ərazisində Covid-19 pandemiyasına görə ümumi karantin rejimi tətbiq edildiyindən zamanla onun maddi vaziyyəti lap da pisləşmişdir. Artıq 2020-ci ilin noyabr ayından ödənişlərini ödəməyə heç cür imkanı olmayıb, hətta qeyd etdiyi tarixə kimi ödənilən ödənişlər də bibisi X2 tərəfindən ödənilmişdir. Bir daha qeyd edir ki, tək anadır, himayəsində 1 azyaşlı qız övladı var, 15 aydır ki işsizdir, əlavə gəlir yeri yoxdur, hazırda qızı ilə rayonda anasının himayəsində yaşayırlar. Anası pensiyaçıdır. Cavabdeh ASC-nin nümayəndələri ödənişlərini ödəmədiyi üçün ona dəfələrlə zəng edir. Onlara maddi vəziyyətimin çox pis olduğunu işsiz tək çarəsiz olduğumu izah etsə də, faiz və cərimələrimin dayandırılmasını xahiş etsə də, əksinə bank nümayəndəsi onun Cavabdeh ASC tərəfindən 300 (üç yüz) AZN cərimə olunacağını bildirir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Eyni zamanda Cavabdeh ASC-nin nümayəndəsi X5 iddia tələbinə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, belə ki, İddiaçı ilə Cavabdeh ASC arasında 13.03.2020-ci il tarixdə 48 ay müddətinə illik 26 faiz olmaqla 2369 manat kredit verilməsi ilə bağlı müqavilə imzalanmışdır. Göründüyü kimi kredit faizli kreditdir. Kredit müqaviləsi üzrə öhdəliyin müddəti 13.03.2024-cü il tarixində başa çatır və faizlərin hesablanması da müvafiq olaraq aparılmaqdadır. Faizlərin hesablanmasının dayandırılmasının heç bir hüquqi əsası yoxdur. Aylıq ödənişlər isə müştəri ilə bankın razılaşdığı ödəniş cədvəlinə əsasən həyata keçirildiyindən həmin cədvəldən yayınma və gecikmə kredit müqaviləsinin şərtlərinin pozulması sayılır və belə davam edəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. Tərəflər arasında bağlanmış Cavabdeh ASC-nin müştərilərinə kreditləşmə və xidməti şərtlərinin 3.4-cü maddəsinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit tam məbləğdə faktiki qaytarılan günədək Kredit sazişi ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. İddia ərizəsində məhkəmədən, eyni zamanda, cərimənin silinməsi də xahiş edilmişdir. İddianın bu hissəsi də əsassızdır. Belə ki, Cavabdeh ASC ilə borclu arasında bağlanmış kredit sazişinin ayrılmaz tərkib hissəsi olan 26 aprel 2014-cü il tarixli Cavabdeh ASC-nin müştərilərinə kreditləşmə və xidməti şərtlərinə əsasən müştəri müqavilə üzrə ödəniş öhdəliklərinin ödəniş cədvəlinə əsasən vaxtında icra edilməməsinə görə 2 (iki) gündən sonra 88 (səksən səkkiz) gün ərzində, ödənişin hər gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həddində, kreditin valyutasından asılı olaraq 0.50 manatdan/ABŞ dolları/Avrodan az olmamaq şərti ilə Banka cərimə ödəyir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 13.03.2020-ci il tarixli, RK/31139/74 nömrəli Kredit Sazişinə əsasən İddiaçı illik 26 faiz olmaqla, 48 ay müddətinə 2369.19 manat kredit verilmişdir. İş materiallarında Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 13.03.2020-ci il tarixli, RK/31139/74 nömrəli Kredit Sazişinə 1 saylı əlavədən görünür ki, İddiaçı 2369.19 manat məbləğində vəsaiti aylıq 79.88 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 13.03.2020-ci il tarixli, MXD-1 saylı ödəniş tapşırığından görünür ki, 2369.19 manat vəsait Cavabdeh ASC tərəfindən İddiaçı hesabına ödənilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 13.03.2020-ci il tarixli, RK/31139/74 nömrəli Kredit Sazişinə əsasən İddiaçı illik 26 faiz olmaqla, 48 ay müddətinə 2369.19 manat kredit verilmişdir. Hazırda iddiaçı bildirir ki, maddi vəziyyəti ilə əlaqədar kredit müqaviləsi üzrə ödənişlər edə bilmir və Cavabdeh ASC-yə olan aylıq ödəniş və faizlərin dayandırılması, hesablanmış cərimələrin isə silinməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlbatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh ASC-yə olan aylıq ödəniş və faizlərin dayandırılması, hesablanmış cərimələrin isə silinməsi vəzifəsini cavabdehin üzərinə qoyulmasını xahiş edərkən, haqlı olmamışdır. Bu baxımdan qeyd olunmalıdır ki, irəli sürülmüş iddia tələbinin qanuni əsası mövcud deyil, buna dair faktiki hallar müəyyən edilmir, əgər faktiki hallar müəyyən edilmirsə, iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşması mövcud olmur ki, bununla da hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı X1 Cavabdeh ASC-yə qarşı “ödənişlərin və faizlərin dayandırlması, hesablanmış cərimələrin silinməsi” tələbinə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı X1 Cavabdeh ASC-yə qarşı “ödənişlərin və faizlərin dayandırılması, hesablanmış cərimələrin silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2804/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2804/2021
18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver