Məhkəmə qərarları › İş №2(005)-2809/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2809/2022

13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2809/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 6605 manat əmək haqqının, 96 manat dövlət rüsumunun, cəmi 6701 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək «X9» MMC-də baş mühasib vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə almadığı aylar üçün bütün əmək haqqının bir hissəsi, cəmi 6605 manat pul cəmiyyətin Cavabdeh ASC-də olan hesabına köçürülmüşdür. Bank pulu kartına vurmuşdur. Bir neçə gün sonra kartını bankomata daxil edib yoxlamış və 6605 manat əmək haqqının kartında olduğunu görmüşdür. Həmin gün kartdan pul çıxarmamışdır. xx.xx.2022-ci il tarixdə pul çıxarmaq üçün kartı bankomata daxil etmiş və kartın boş olduğunu görmüşdür. Bununla əlaqədar Cavabdeh ASC-nə müraciət etmişdir. Ona bildirmişlər ki, «X9» MMC-nin xx.xx.2022-ci il tarixli məktubu əsasında əmək haqqı kartından geri çağırılmışdır. O, buna etiraz etmiş və əmək haqqının geri çağırılması üçün heç bir qanuni əsasların olmadığını bildirərək pulunu tələb etmişdir. Lakin bank pulunu karta vurmamışdır. Bundan sonra yazılı müraciətlə Cavabdeh ASC-nə və Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edərək bu məsələni araşdırmalarını, qanuni qərar qəbul etmələrini və əmək haqqını ona qaytarmalarını xahiş etmişdir. Cavabdeh bank müraciətlərinə ümumiyyətlə cavab verməmiş, Mərkəzi Bankdan isə müraciətinə 3 aydan sonra çətinliklə cavab ala bilmişdir. Mərkəzi Bankdan müraciəti üzrə ətraflı araşdırma aparıldığı bildirilsə də, cavab alanda görmüşdür ki, əslində heç bir araşdırma aparılmamış və bank cavab məktubunda hüquq normalarını təsvir etməklə və məhkəməyə müraciət etməli olduğunu bildirməklə kifayətlənmişdir. Cavabdeh bankın onun kartından pulu çıxarmaq üçün heç bir qanuni əsası olmamışdır. Tələb etdiyi 6605 manat onun halal əmək haqqıdır. Bundan başqa, məhkəməyə müraciət etmək üçün 96 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğ də cavabdehdən tutulub ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X4 iddia tələbini müdafiə etdilər, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X3 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, «X9» MMC-nin direktoru Fuad Nəzərov 23 iyun 2021-ci il tarixdə Cavabdeh ASC-nin İdarə Heyətinin sədri E.Ə.Həsənova məktub ünvanlayaraq MMC-nin iki əməkdaşının – X5 və İddiaçı 3 (üç) illik əmək haqqı kartı ilə təmin edilməsini xahiş etmişdir. 24 iyun 2021-ci il tarixdə Cavabdeh ASC ilə «X9» MMC (müştəri) arasında plastik əmək haqqı kartlarının alınması və istifadə edilməsi qaydaları barədə PK-01 №-li müqavilə bağlanmışdır. «X9» MMC-nin direktoru Fuad Nəzərov 01 fevral 2022-ci il tarixli məktubla Cavabdeh ASC-nin rəhbərliyinə müraciət edərək, İddiaçı əmək haqqı kartının dondurulmasını və hesabında olan vəsaitin şirkətin hesabına köçürülməsini xahiş etmiş, bank tərəfindən Cəmiyyətin (müştərinin) müraciəti təmin edilmişdir. Belə ki, yuxarıda adı çəkilən müqavilənin 4.2-ci bəndinə əsasən kart sahibinin hesabından akseptsiz vəsaitin silinməsi və geri qaytarılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada və ya müştərinin müraciəti əsasında həyata keçirilir. Göründüyü kimi, Cavabdeh ASC 24 iyun 2021-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq müştərinin, yəni «X9» MMC-nin müraciətini təmin etmiş və hər hansı qanun pozuntusuna yol verməmişdir. Bu səbəbdən iddiaçının hazırda əmək haqqını Cavabdeh ASC-dən tələb etməsi tamamilə qanunsuz və əsassızdır. İddiaçı əmək haqqının ona ödənilmədiyini iddia edirsə, bununla əlaqədar işəgötürən, yəni «X9» MMC-nə müraciət edə bilər. Hazırkı iddia tələbinin Cavabdeh ASC-nə heç bir aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs «X9» MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin və əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 01 iyun 2021-ci il tarixdə «X9» MMC-nə baş mühasib vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt regional ərazi şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış **********1 №-li 23 may 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə cəmiyyətin 10 mart 2022-ci il tarixli 01/22 saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə 10 mart 2022-ci il tarixdə xitam verilmiş və Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin tələbləri pozulmuşdur. Həmçinin, cəmiyyət tərəfindən iddiaçının əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində pozuntulara yol verilmiş, son haqq-hesabın ödənilməsi təmin edilməmiş və Əmək Məcəlləsinin 83.2-ci və 172.4-cü maddələrinin tələbləri pozulmuşdur. Aşkar olunmuş pozuntulara əsasən cəmiyyətin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinə müvafiq olaraq 16 may 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin, iddiaçının əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində yol verilən pozuntuların aradan qaldırılması məqsədilə cəmiyyət rəhbərliyinə 16 may 2022-ci il tarixli **********4 nömrəli göstəriş məktubu ünvanlanmışdır. İş materiallarında olan «X9» MMC-nin direktoru Fuad Nəzərovun Cavabdeh ASC-nin İdarə Heyətinin sədri E.Ə.Həsənova ünvanladığı 23 iyun 2021-ci il tarixli məktubdan görünür ki, F.Nəzərov MMC-nin iki əməkdaşının – X5 və İddiaçı 3 (üç) illik əmək haqqı kartı ilə təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ASC ilə «X9» MMC (müştəri) arasında bağlanmış plastik əmək haqqı kartlarının alınması və istifadə edilməsi qaydaları barədə PK-01 №-li 24 iyun 2021-ci il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən kart sahibinin hesabından akseptsiz vəsaitin silinməsi və geri qaytarılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada və ya müştərinin müraciəti əsasında həyata keçirilir. İş materiallarında olan «X9» MMC-nin direktoru Fuad Nəzərov tərəfindən Cavabdeh ASC-nin rəhbərliyinə ünvanlanmış 01 fevral 2022-ci il tarixli məktubdan görünür ki, F.Nəzərov İddiaçı əmək haqqı kartının dondurulmasını və hesabında olan vəsaitin şirkətin hesabına köçürülməsini xahiş etmişdir. İş materiallarında olan hesabdan görünür ki, «X9» MMC-nin 01 fevral 2022-ci il tarixli məktubuna əsasən İddiaçı əmək haqqı kartındakı 6605 manat məbləğində pul vəsaiti «X9» MMC-nin hesabına qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinin 2-ci və hissəsinin e bəndinə əsasən mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutulur. İşin məhkəmə iclasında araşdırılan hallarından və qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, Cavabdeh ASC «X9» MMC ilə aralarında bağlanmış plastik əmək haqqı kartlarının alınması və istifadə edilməsi qaydaları barədə PK-01 №-li 24 iyun 2021-ci il tarixli müqavilənin 4.2-ci bəndinə əsasən müştəri - «X9» MMC-nin müraciəti əsasında iddiaçının hesabından 6605 manat məbləğində əmək haqqını MMCnin hesabına geri qaytarmışdır. Belə olan halda iddiaçının qaytarılmış əmək haqqı məbləğini Cavabdeh ASC-dən tələb etməsi əsassızdır, ona görə də iddia tələbi rədd edilməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi iddiaçı əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Sumqayıt regional ərazi şöbəsinə müraciət etmiş, araşdırma zamanı işəgötürən «X9» MMC tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyi, həmçinin iddiaçının əmək və məzuniyyət haqlarının hesablanması və ödənilməsində pozuntulara yol verildiyi qeyd edilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının pozulmuş əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 иyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affиrmantи, non negantи, иncumbиt probatиon (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbяr tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar