Məhkəmə qərarları › İş №2(005)-2832/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2832/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2832/2021 08.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, onun vəkili Vəkil1 Cavabdehlər Cavabdeh2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3000 (üç min) ABŞ dolları məbləğində borc pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı 26.08.2021-ci il tarixdə tələbinin dəyişdirilməsinə dair yazılı ərizə təqdim edərək, Cavabdeh1 oğlu Cavabdeh2 ikinci cavabdeh kimi işə cəlb olunması və iddianın predmeti olan 3000 (üç min) ABŞ dolları məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, Cavabdeh1 onun sinif yoldaşının anasıdır. Təxminən 2018-ci ildə cavabdehin övladları – Emin və Orxan iddiaçıyla telefon vasitəsi ilə əlaqə saxladığı zaman ona Kayseridə yaşadıqlarını və burada iş görməyin rahat olduğunu söyləmişlər. Bu məqsəd ilə iddiaçıdan onlara 3000 dollardan çox pul göndərməsini və Kayseridə çayxana açıb işlətməyi təklif etmiş, iddiaçı isə təkliflə razılaşmış, lakin məbləğ yuxarı olduğu üçün özü ilə birlikdə Kayseriyə aparmaq istəməmişdir. Cavabdehin övladları iddiaçıya pulu analarına verməsini və onun bank hesabı vasitəsi ilə pulu göndərə biləcəyini söyləmiş, 05.12.2018ci il tarixdə 3000 dollar pulu cavabdehə vermişdir. Daha sonra telefon ilə əlaqə saxladıqda ona əlavə 300 (üç yüz) dollar da göndərməsini bildirmiş, yenidən o banka gedərək onlara 300 dollar göndərmişdir. Həmin günü iddiaçıda Kayseriyə yola çıxmış və üzərində 300 dollar götürmüş və həmin məbləği Türkiyədə onu qarşılayan Orxana vermişdir. Daha sonra iddiaçı onlardan iş məsələsi barədə soruşmuş, onlar isə bankda borclarının olduğunu və göndərilən 3300 dollar pulun da həmin borca çıxıldığını demiş, belə olan halda iddiaçı onlardan pulunu geri qaytarmaqlarını tələb etmişdir. Onlar isə iddiaçıya bu məsələni heç kimə söyləməməsini, İstanbulda işləyərək pulunu geri qaytaracaqlarını, əks halda pulunu geri qaytarmayacaqlarını bildirmişlər. İddiaçının valideynlərinin bütün bu hadisələrdən xəbəri olmamış, sonradan xəbər tutmuşdurlar. Bir neçə gün keçdikdən sonra o, Eminlə birlikdə İstanbula getmiş, hava limanında olarkən onlar bankdan 600 dollar çıxararaq iddiaçıya vermiş, anasına guya 600 dolları bir cibinə qoyduğunu, 3000 dolları isə başqa cibinə qoyduğunu və yolda 3000 dolların oğurlandığını söyləməsini demişlər. İddiaçı isə pulun geri qaytarılacağı ümidi ilə onlarla razılaşmışdır. İddiaçı anasına Emin tərəfindən borc pulun qaytarılması ilə bağlı mesajlar yazanda o anası barədə təhqiramiz ifadələr yazmış və söyüş söymüşdür. Daha sonra İddiaçı valideynlərinə olanları olduğu kimi danışmışdır. 2018-ci ildə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmiş, cavabdeh polis bölməsinə dəvət edilmiş və anası izahatı zamanı iddiaçının ona 3000 dollar pul verdiyini etiraf etmişdir. Cavabdeh hər dəfəsində pulu geri qaytaracağını bildirsə də, bu günə qədər heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməmiş, bildirmişdir ki, İddiaçı evdən götürdüyü pulu Türkiyədə iş qurmaq, kafe işlətmək üçün ona göndərmiş, bunun üçün banka anası Cavabdeh1 da getmiş, onun vasitəsilə 3000 (üç min) ABŞ dolları məbləğində pulun köçürülməsi ilə bağlı bank əməliyyatını həyata keçirmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 yazılı etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı Cavabdeh1 2018-ci ildə 3300 (üç min üç yüz) ABŞ dolları verdiyini və həmin məbləğin onun tərəfindən Şimali Kipr Respublikasında yaşayan oğulları Cavabdeh2 və Hacıyev Eminə göndərməsini, sonradan qeyd olunmuş məbləğin guya onunla birlikdə oğulları tərəfindən mənimsənilərək qaytarılmamasını bildirmişdir. İddia ərizəsinin tam əsassız olduğunu qeyd edərək, onun yazmış olduğu iddia ərizəsində göstərilmiş məbləğin onun özü tərəfindən cavabdehin adından göndərildiyini qeyd edərək, həmin iddia ərizəsinə etiraz etmişdir. İddiaçı ilə cavabdehin oğulları birlikdə məktəbdə oxumuş, həmişə onların evlərinə gediş gəlişi olmuşdur. Sonradan onlar oxumaq üçün Kipr Respublikasının Keysəriyyə şəhərinə getmiş, bir müddət sonra Əşrəf qayıdıb Bakıya gəlmişdir. Əşrəfin anası uzun müddətdir ki, atasından ayrı Türkiyədə yaşayır. Əşrəf gah anasının yanında Türkiyədə, gah da Bakıda olur. 2018-ci ilin sonlarında cavabdeh uşaqlarına pul göndərmək üçün banka getmiş, İddiaçı orada olmuşdur. O, cavabdehə yaxınlaşıb oğullarının adına pul göndərmək istədiyini, ancaq bunu öz sənədi ilə göndərə bilmədiyini demişdir. Cavabdeh iddiaçını ailəsinin bir üzvü kimi qəbul etdiyindən, heç nə fikirləşmədən razılıq vermiş, özü sənədləri doldurub, pulu sayıb kassaya vermiş, qəbzə imza etmişdir. Həmin vaxt göndərilən pulun nə məqsədlə göndərildiyini qətiyyən bilməmiş, bir müddət sonra İddiaçı onun oğulları ilə birlikdə orada yaşayan bir türk qızının adına çay evi açıb işlətmək istədikləri cavabdehə məlum olmuşdur. Onların qanunlarına görə hər hansı obyektin açılması üçün müqavilə bağlanır və banka pul keçirilir. İddiaçı özünün razılığı ilə göndərdiyi məbləğ və oğullarının müəyyən məbləğdə pulu obyektin açılaraq işlədilməsi üçün banka köçürülmüşdür. Sonradan obyekti işlədə bilmədiklərinə görə bağlanmış və ödənilmiş avans bankın hesabında qalmışdır. İddiaçı ondan 3300 ABŞ dolları tələb etməsini qətiyyən qəbul etmir, o, pulu cavabdehin adından göndərməkdə gələcəkdə baş verə biləcək problemlərdən sığortalanmaq, pulu guya ona verdiyini iddia edərək ondan tələb etmək məqsədini güdmüşdür. İddia tələbi əsassız olduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nərimanov RPİ-nin 18-ci PŞ-nin 18.12.2018-ci il qərarının nəticəsi olaraq toplanmış material üzrə cinayət tərkibi olmadığından aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir; Nərimanov RPİ-nin 18-ci PŞ tərəfindən məhkəmənin sorğusu əsasında təqdim olunmuş Cavabdeh1 Bölməyə verdiyi izahatın surətindən görünür ki, “X3 şikayəti ilə tanış olmuşdur. Oğlu, Şükürlü X4 Respublikasının hansısa şəhərində yaşayır. Orxan ailəli olduğundan, ailə xərcləri çətindir. Ona görə də hərdən ona pul göndərir. Sonuncu dəfə 05.12.2018-ci il tarixdə saat 10:30 radələrində Nəsimi rayonu ərazisində yerləşən Unibanka getmiş və oğlu Orxana 160 manat pul göndərmişdir. Bu zaman həmin bankda oğlu Orxanın sinif yoldaşı İddiaçı təsadüfən görmüşdür. Əşrəf ona bildirmişdir ki, Orxana 3000 ABŞ dolları pul göndərməlidir, ancaq özü göndərə bilmir. Ona görə də Əşrəf ondan xahiş etmişdir ki, pulu öz adından göndərsin. Cavabdeh1 ondan soruşmuş ki, nə üçün Türkiyə respublikasında yaşayan öz anasına göndərmir. Əşrəf ona cavab vermişdir ki, anasının həmin banka aid kartı yoxdur. Ona inandığı üçün, Cavabdeh1 öz adından 3000 ABŞ dollarını oğlu Orxanın adına göndərmişdir. Sonra qonşudan eşitmiş ki, İddiaçı evlərindən pul götürərək qaçmışdır. Oğlu Orxan ilə əlaqə saxlayarkən o bildirmiş ki, Əşrəf onunla əlaqə saxlayarkən ona pul göndərəcəyini və 1-2 gün sonra özü də gələcək. Orxan da ondan nə üçün pulu anasına göndərmədiyini soruşarkən, Əşrəf bildirmişdir ki, anasının kartı yoxdur. Ancaq Orxanın kredit borcu da olduğundan həmin pullar kreditə çıxılmışdır” bildirmişdir; 03.05.2021-ci il tarixli qəbzə əsasən iddiaçı tərəfindən oğlu məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şükürova X2 RPİ-nin 18-ci PŞ-nə verdiyi izahatında İddiaçı adından 3000 (üç min) ABŞ dolları məbləğində pulu bank hesabı vasitəsilə oğlu Orxana göndərdiyini bildirmişdir. Digər tərəfdən məhkəmədə izahat verən iş üzrə Cavabdeh2 məhkəmə iclasında ona 3000 ABŞ dolları pulun bank vasitəsilə İddiaçı tərəfindən göndərildiyini etiraf etmişdir. İddiaçı 3000 (üç min) ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 iddiaçıdan pul vəsaitinin alınmasını və göstərilən məbləğdən tələb edilən 3000 ABŞ dolları məbləğində puldan qaytarılmadığını bildirmiş, bununla da iddiaçı bu halı sübut etmək vəzifəsindən (yükündən) azad edilmişdir. Digər tərəfdən, qeyd edilən məbləğdə pul vəsaiti iddiaçı tərəfindən cavabdehlərə borc qismində verilmiş vəsait kimi də qiymətləndirilə bilməz. Belə ki, mülki qanunvericiliyə 2016-cı ilin may ayında edilmiş dəyişikliyə uyğun olaraq 740-cı maddənin mətni yeni redaksiyada verilmiş və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğu halda borc müqaviləsinin yazılı formada bağlanması imperativ qaydada təsbit edilmişdir. Lakin tərəflər qanunvericiliyin bu tələblərinə riayət etməmiş və aralarında yazısı şəkildə borc müqaviləsi bağlamamışdılar. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 hər hansı hüquqi əsas olmadan İddiaçı verdiyi pul vəsaitini özündə saxlamış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan İddiaçı hesabına əmlak əldə etmə və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, Cavabdeh2 hər hansı hüquqi əsas olmadan əldə etdiyi tələb edilən məbləğdə pulu İddiaçı qaytarmalıdır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi borc pulun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, iddia üzrə tələb edilən 3000 ABŞ dolları məbləğindən pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “pulun Cavabdeh1 tutulub ona verilməsi” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki. həmin pul vəsaiti ilə bağlı İddiaçı ilə Cavabdeh1 arasında hər hansı danışıqlar olmamış, Cavabdeh1 həmin pulun bank vasitəsilə göndərilməsində iştirak etmişdir. Buna görə də, iddia tələbi ona münasibətdə əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh 3000 (üç min) ABŞ dolları məbləğində pul, ödənilmiş, 30 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 3000 (üç min) ABŞ dolları məbləğində pul (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar