Məhkəmə qərarları › İş №2(005)-2833/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2833/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2833/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin bağlanması və icra işinin geri çağırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin bağlanması və icra işinin geri çağırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixində Cavabdeh ASC-dən 4175 ABŞ dolları məbləğində kredit götürmüşdür. Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərman imzalanmışdır. Həmin Fərmana görə problemli krediti olan vətəndaşlarla 5 il müddətinə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması tövsiyə edilmiş, həmçinin icra mərhələsində olan icra işlərinin geri götürülməsi göstərilmişdir. O, da həmin Fərmanı əsas götürərək onun barəsində də bu Fərmanın tədbiq olunmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən bu günə kimi onun müraciətinə heç bir cavab verilməmişdir. Bir halda ki, o, hər şeyi şifahi şəkildə, həm də yazılı şəkildə dəfələrlə cavabdehə müraciət etmişdir. Qeyd etmək istəyir ki, bank tərəfindən ona qarşı kredit müqaviləsi üzrə borc pulun tutulması barədə məhkəməyə iddia ərizəsi verilmiş və müvafiq qətnamə qəbul edilərək icraya da yönəldilmişdir. Qeyd edir ki, yuxarıda qeyd etdiyi Fərmanın 8.8-ci bəndinə görə həmin bu Fərmanın tətbiq dairəsinə düşən fiziki şəxslərə illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə banklar tərəfindən güzəştli kreditlərin verilməsi, həmçinin məhkəmədə olan və icra mərhələsində olan işlərin geri götürülməsi tapşırılmışdır. Lakin cavabdeh tərəfindən bu Fərman onun barəsində icra olunmadığı üçün xeyli miqdarda ziyan çəkir. Belə ki, icra işi ilə əlaqədar icra məmurunun məktubuna əsasən əmək haqqından hər ay həmin məbləğdə məcburi tutulmalar olur. Bu isə onsuz da çətin olan maddi vəziyyətini daha da çətinləşdirir. Qeyd edilənləri nəzərə alaraq, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar onunla güzəştli kredit müqaviləsinin bağlanması və barəsində olan icra işinin geri çağırılması öhdəliyinin “Cavabdeh“ ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda izahatında qeyd edilən Fərmanın icrası ilə bağlı tədbirlərin 1 il ərzində görüldüyünü bildirdi. Həmçinin göstərdi ki, Fərmanın icrası ilə bağlı məsələlərə əvvəllər Maliyyə Nazirliyi yanında Hesablama Palatası baxmışdır, sonradan isə bu səlahiyyətlər Azərbaycan Respublikası Mərkəzi Bankına verilmişdir. Hər bir halda iddiaçıya münasibətdə Fərmanın icrasını həyata keçirilməsi barədə cavabdehin səlahiyyətləri yoxdur, bu səbəbdən iddia tələbləri əsassızdır və rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, BALBL252221/14 saylı Razılaşmadan görünür ki, Cavabdeh ASC ilə İddiaçı arasında kredit sazişi imzalanmış və sonuncuya 10000 manat kredit limitində bolkart verilmişdir. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC/76591/45/1 saylı kredit sazişindən görünür ki, İddiaçı 36 ay müddətinə, illik 30 % dərəcəsi olmaqla 4175 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, aylıq ödəniş məbləği 177,24 ABŞ dolları, son ay üçün isə 170,85 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, banka pretenziya qaydasında müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Prezidentinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır. 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Cavabdeh ASC-nin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar onunla güzəştli kredit müqaviləsinin bağlanması səlahiyyəti olmadığından iddia tələbləri təmin edilə bilməz. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənmilmiş dövlət rüsumu 20 manat iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı müqavilənin bağlanması və icra işinin geri çağırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar