Məhkəmə qərarları › İş №2(005)-2834/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2834/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2834/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 694,08 ABŞ dolları əsas borc, 2,64 ABŞ dolları faiz borcu və 67,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 764,55 ABŞ dolları borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 34 faizlə 24 ay müddətinə 2550 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2015-dək Cavabdeh1 banka xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 694,08 ABŞ dolları əsas borc, 2,64 ABŞ dolları faiz borcu və 67,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 764,55 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-844/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən 764.55 ABŞ dolları və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulması əmr edilmişdir. Borclu xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-844/2016 nömrəli, xx.xx.2016-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini və işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Baki Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2834/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Kreditor "xxxx" ASC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı borcun, faizin, cərimənin və ödənilmiş dövlət rüsumunun tutulmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-844/2016 nömrəli, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş, kreditor "xxxx" ASC-nin borclular Cavabdeh1 və Cavabdeh2 qarşı borcun, faizin, cərimənin və ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı X1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etdiyini, kredit məbləğini götürdüyünü, iddia tələbində qeyd olunan məbləği ödəməyə hazır olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etdi, ki, hərbi xidmətdə olduğundan məhkəmə əmrindən məlumatı olmamış, adına kredit borcu olduğundan digər banklardan kredit götürə bilmir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli Kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 illik 34 % faizlə 24 ay müddətinə 2550 ABŞ dolları kredit verilmiş, Cavabdeh1 müqavilədə müəyyən olunmuş müddətdə və qaydada borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 İddiaçı ASC-yə 694,08 ABŞ dolları əsas, 2,64 ABŞ dolları faiz, 67,83 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 764,55 ABŞ dolları borcu yaranmışdır. Kredit sazişinə əlavə olunan ödəniş qrafikinə əsasən Cavabdeh1 xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək hər ay 148 manat, sonuncu ay isə 160 manat ödənişlər etməli idi. xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2013-cü il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 hesabına 2550 ABŞ dolları pul məbləği köçürülmüşdür. xx.xx.2015-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəliyi icra etməyi, əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağı ilə bağlı xəbərdarlıq etmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 istehlak məqsədi ilə 34 % faizlə 24 ay müddətinə 2550 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Həmçinin xx.xx.2013-cü il tarixində bağlanmış müqavilə çərçivəsində zamin Cavabdeh2 borcalan Cavabdeh1 borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla onunla eyni həcmdə Bank qarşısında birgə cavabdehlik daşımağı barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 kredit yenidən razılaşmaları üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC Cavabdeh1 xx.xx.2013cü il tarixli kredit razılaşması üzrə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 694,08 ABŞ dolları əsas borc, 2,64 ABŞ dolları faiz borcu və 67,83 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 764,55 ABŞ dolları məbləğində borcunun yarandığını qeyd etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclasında verdiyi izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Qeyd olunan faktları cavabdeh də məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, 694,08 ABŞ dolları əsas və 2,64 ABŞ dolları faiz borcun tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, 67,83 ABŞ dolları cari dəbbə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə borcu 10 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan 764,55 manatın 706,72 manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 20 manat dövlət rüsumunun 18 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 694,08 ABŞ dolları əsas, 2,64 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 706,72 manat borc pul məbləği və 18 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 694,08 ABŞ dolları əsas, 2,64 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 706,72 ABŞ dolları (ödənişin icra edildiyi gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə) borc pul məbləği və 18 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar