Məhkəmə qərarları › İş №2(005)-284/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-284/2023

21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-284/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Şirinova Fatima Ağamehdi qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın tam həcmdə ödənilməsi və 100 manat ödənimiş dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, F.Yusifov küçəsi 69 saylı evin 2 otaqlı 209-cu mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh onun üst qonşusudur. Uzun müdətdir ki, cavabdehin mənzilindən müntəzəm olaraq çirkab və kanalizasiya suları onların mənzilə axıdılır. İddiaçı dəfələrlə cavabdehə irad bildirsə də, heç bir nəticəsi olmamışdır. O bundan sonra müvafiq qurumlara şikayət etmiş, onlar da iddiaçıya kömək etməmiş və bu barədə məhkəməyə müraciət etməyi izah olunub. Axırıncı dəfə 25 aprel 2022-ci ildə 116 saylı MKİS-nin əməkdaşları tərəfindən mənzillərinə baxış keçirilmiş və bu barədə akt tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, üst mənzildən çirkab suları axıdılır, mənzilin tavanı, divarları tam yararsız hala düşmüş, divarlarda çatlar əmələ gəlmiş, mebel, yataq dəstləri yararsız hala düşmüşdür. Mənzilin tam təmirə ehtiyacı vardır. Hesab edir ki, cavabdehin mənzilindən çirkab sularının axıdılması nəticəsində vurmuş olduğu zərəri tam həcmdə ödəməli, mülkiyyətinə qəsd edən hərəkətlərin qarşısı alınmalıdır. Bundan sonra da cavabdeh öz qanunsuz hərəkətləri davam etdirir, mənzilində heç bir təmir-bərpa işləri aparmamış, nəticədə onun mənzilində dözülməz antisanitar şəraiti yaranmışdır, üst mərtəbədən çirkab sularının axıdılması davam edir. Hesab edir ki, cavabdehin təqsiri üzündən ona ilkin hesablamalara görə 2.500-3.000 manata yaxın maddi ziyan dəymişdir. Həmin məbləğ müvafiq ekspert rəyindən sonra dəqiqləşdirilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyana görə 2000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departmamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi 116 saylı Mənzil-Kommunal İstisamar sahəsinin 464 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 69 saylı evin 2 otaqlı 309-cu mənzilində yaşayır və mənzil şəxsi mülküdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 116 saylı MKİS-in rəisi Ə.Seyidov, mühəndis A.Şahmarov, çilingər R.Oktyarbrskiy bu aktı ona görə tərtib etmişlər ki, F.Yusifov 69 saylı binanın 209 saylı mənzilindən olunmuş şikayətə əsasən həmin ünvanda oldular. Mənzil yuxarı mərtəbədə yerləşən 309 saylı mənzildə yaşayanlar tərəfindən suya basılmışdır. Su axması nəticəsində 209 saylı mənzilin tavanında, divarlarında çatlar və qara ləkələr əmələ gəlmişdir. Mənzilin təmirə ehtiyac vardır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 100016 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 69 saylı evin 2 otaqlı 209 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1195 saylı reyestr kitabında 179547 səhifə qeydə alma 30/179547 nömrəsi ilə, xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. Məhkəmə baxışı zamanı müvafiq ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 yanvar 2023-cü il tarixli, 10/7107 №-li ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 69-da yerləşən 209 saylı mənzilin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və mülki iş materiallarında olan 25 aprel 2022-ci il tarixli AKT-ın göstəricilərini nəzərə alaraq 209 saylı mənzilə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 69-da yerləşən 309 saylı mənzildən suyun axıdılması müəyyən edilir. Qeyd olunur ki, 309 saylı mənzildə yerləşən sanitar avadanlıqların və gözlə görünən su, kanalizasiya xətlərinin üzərində hər hansı qüsurlar olmadığını, eləcə də baxış zamanı su sızmasının davam etmədiyini nəzərə alaraq, 209 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 209 saylı mənzilə su sızması 309 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 309 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 69-da yerləşən 209 saylı mənzildə susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1220,00 manat dəyərində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə vurulmuş zərərin həcmi 1220 manat müəyyən edildiyindən iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən vurulmuş zərərin əvəzi olaraq 1220 manat İddiaçı xeyirinə tutulmalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının hər hansı tələbi olmadığından iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul cavabdehdən tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 69-da yerləşən 209 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 1220 (bir min iki yüz iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar