Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2853/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1777.68 (min yeddi yüz yetmiş yeddi manat 68 qəpik) AZN, bundan 697.66 (altı yüz doxsan yeddi manat 66 qəpik) AZN əsas, 507.04 (beş yüz yeddi manat 04 qəpik) AZN faiz. 472.68 (dörd yüz yetmiş iki manat 68 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 100.30 (yüz manat 30 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə pul tələbi 1777 manat təşkil etdiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2853/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli Qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2017-ci il tarixli KM05İT04170033S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 11 (on bir) ay müddətinə 20 (iyirmi) faiz məbləğində 3000 (üç min) AZN məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 18.12.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1777.68 (min yeddi yüz yetmiş yeddi manat 68 qəpik) AZN təşkil edir. Bundan 697.66 (altı yüz doxsan yeddi manat 66 qəpik) AZN əsas, 507.04 (beş yüz yeddi manat 04 qəpik) AZN faiz, 472.68 (dörd yüz yetmiş iki manat 68 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 100.30 (yüz manat 30 qəpik) AZN faiz borcu təşkil edir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********99 saylı 23.12.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ötən məhkəmə iclasında iştirak etmiş iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 2- 1(103)-3194/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarının surətinə əsasən "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun "xxxx" ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır; LPO "xxxx" ASC-nin 05.01.2021-ci il tarixli maliyyə arayışına əsasən 21.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka 697,66 manat əsas, 507,04 manat faiz, müqavilə üzrə gecikdirilmiş vaxt üçün hesablanan 472,68 manat cərimə borcu, 100,30 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 1777,68 manat məbləğində borcu var; LPO "xxxx" ASC tərəfindən Cavabdeh 23.12.2020-ci il tarixdə ünvanlanmış bildirişin surətinə əsasən cavabdehə 21.04.2017-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; 07.04.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında iddiaçı tərəfə 21 aprel 2017-ci il tarixli KM05İT04170033S01 saylı kredit verilməsi üzrə müqaviləsini təqdim etmək təklif olunmuş, lakin iddiaçı həmin sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəf müqavilə üzrə Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 697.66 AZN əsas, 507.04 AZN faiz, 472.68 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 100.30 AZN faiz borcu, cəmi 1777.68 manat məbləğində borc tələb edir. Məhkəmə qeyd edir ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı cavabdehlə 21.04.2017-ci il tarixli kredit verilməsi üzrə müqaviləsi bağlandığını və həmin müqavilə üzrə cavabdehin ümumilikdə 1777,68 manat məbləğində borcun olmasını iddia etsə də, iş materiallarına ümumiyyətlə belə bir müqavilə, eləcə də həmin müqavilə münasibətlərinin hansı tarixdə başlanması və ya xitam verilməsini təsdiq edən sübutlar əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn tələblərin tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin müqavilə öhdəliyinə görə borcu qaldığını kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələbinə görə , borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı tərəf məhkəməyə mülki qanunvericilikdə müəyyən edilmiş qaydada cavabdeh X2 ilə kredit müqaviləsi bağlaması barədə sübut təqdim etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 375-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2853/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2853/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver