Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2873/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus **-KS-*** dövlət nömrə nişanlı “Mersedes-Benz M-300" minik markalı avtomobilin yararsız vəziyyətə düşməsinə görə dəyən zərər üçün 879 (səkkiz yüz yetmiş doqquz) manatın, 2 (iki) ay müddətində işə gedib-gəlmək və övladları idman və hazırlıq dərslərinə aparıb-gətirmək üçün 2000 (iki min) manat taksi xidmətlərinə xərclədiyi vəsaitin, o cümlədən keçirilən mənəvi sarsıntıya və stresə görə 1000 (bir min) manat mənəvi ziyan məbləğinin, ümumilikdə 3879 (üç min sekkiz yüz yetmiş doqquz) manat, o cümlədən ödənilmiş 58.79 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2ndən və Cavabdeh3 müştərək qaydada tutulması və ona ödənilməsi barədə Qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 dəyən zərər üçün 879 (səkkiz yüz yetmiş doqquz) manat pul və 1000 manat mənəvi zərərin iddiaçıya ödənilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, 2023-cü ilin may ayının 3-dən 4-nə keçən gecə ona məxsus "Mersedes-Benz M-300" minik markalı **-KS-*** dövlət nömrə nişanlı avtomobili Ağ Şəhərin dənizkənarı bulvarında Hərbi Qənimətlər Parkına əks tərəfdə “Marriot" Hoteli (keçmiş Boulevard Hotel) istiqamətində səkinin qırağında yol hərəkəti qaydalarının tələblərinə uyğun qaydada park edərək saxlamışdır. Həmin gün saat 23:50 radələrində cavabdehlərdən Cavabdeh1nə mülkiyyət hüququ ilə məxsus olan, lakin Cavabdeh2 istifadəsində olan və etibarnamə (yol vərəqəsi) əsasında Cavabdeh3 tərəfindən idarə edilən DODGE DURANGO OFFROADER/SUV markalı **-AN-*** dövlət nömrə nişanlı avtomobil Ağ Şəhərin Dəniz Vağzalı deyilən istiqamətindən dairəni döndükdən sonra dənizkənarı yolla "Marriot” Hoteli (keçmiş Boulevard Hotel) istiqamətində yüksək surətlə hərəkət edərkən onun dayanacaqda saxladığı avtomobil ilə və digər 3 (üç) avtomobil ilə toqquşmuş, nəticədə inzibati xəta törətməklə iddiaçıya və digər üç avtomobillərin sahiblərinə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Xətai RPlndə təhqiqat araşdırması aparılmış, işin hallarına hüquqi qiymət verilərək Cavabdeh3 barəsində xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi Qərarı verilmiş və Qərar Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi və ona cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. Hadisə zamanı iddiaçıya aid olan avtomobilə maddi ziyan dəymişdir. Belə ki, hadisə zamanı tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemində və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə təsdiq edilmiş “Forma 4 Arayışından da göründüyü kimi ona aid avtomobilin arxa, arxa sağ və sağ yan hissəsi zərbədən yararsız hala düşmüş, detallar sıradan çıxmış, avtomobilin arxa tərəfi deformasiyaya uğramışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı “Gənclik" kiçik müəssisəsi tərəfindən tərtib edilmiş 17 nömrəli Defekt Aktında da nəqliyyat vasitəsinin zədələnməsi barədə eyni xüsusatlar qeyd olunmuşdur. Cavabdehlərdən Cavabdeh1nə mülkiyyət hüququ ilə məxsus olan, lakin “AA 012 RENT A CAR" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan və etibarnamə (yol vərəqəsi) əsasında Cavabdeh3 tərəfindən idarə edilən DODGE DURANGO OFFROADER/SUV markalı **-AN-*** dövlət nömrə nişanlı avtomobilin mülki məsuliyyətin icbari sığortası "xxxx" ASC-də həyata keçirilmişdir, hansı tərəfindən ki, YNH-si zəncirvari kimi qiymətləndirilmiş, hadisə nəticəsində "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1-ci maddəsinin tələblərinə əsasən dəyən zərər üzrə müəyyən olunan 5000 (beş min) manat 4 (dörd) zərərçəkən arasında hər avtomobilə dəymiş zərərə mütənasib bölünərək iddçıya vurulmuş 3420 (üç min dörd yüz iyirmi) manat zərərdən cəmi 2541 (iki min beş yüz qırx bir) manat sığorta ödənişi hesablandığı, yerdə qalan zərərin cavabdehlərdən məhkəmə qaydasında tələb etmək hüququnun olması bildirilmişdir. Həmçinin, bu hadisədən sonra heç bir səbəb olmadan əmlakının yararsız vəziyyətə düşməsi, iş vaxtlarını öz hesabına icazə alaraq lazım olan ehtiyyat hissələrinin axtarışına sərf etmək, işdən qalmaq və bununla bağlı qarşı tərəfin heç bir tədbir görməyə çalışmaması onu doğrudan da dərin əsəb-stress keçirməyinə səbəb olmuşdur. Hesab edir ki, mənəvi zərər üçün cavabdehlərdən 1000 (bir min) manat pul vəsaitinin tutulması üçün bütün hüquqi əsaslar mövcuddur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehlərin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehlərin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Dodge Drongo” markalı 77-AN 283 dövlət sürücüsü Cavabdeh3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Xətai DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan "xxxx" renr a car MMC tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, “Dodge Drongo” markalı 77-AN 283 dövlət nişanlı avtomobil Cavabdeh3 xx.xx.2023-cü il tarixdən (13:00) xx.xx.2023-cü il tarixədək (13:00) idarə edilməsi üçün etibar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş X4i İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Dodge Drongo” markalı ** OK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdə X1 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni ** AN *** dövlət qeydiyyat nişanı təhkim olunaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan "xxxx" Kiçik Müəssisəsinin 17 nömrəli qüsur aktından görünür ki, İddiaçı məxsus "Mersedes-Benz M-300" minik markalı **-KS-*** dövlət nömrə nişanlı avtomobilinə dəymiş zərərin aradan qaldırılması üçün görüləcək işlərin dəyəri 3420 manat təşkil edir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddiasının əsasını ona məxsus "Mersedes-Benz M-300" minik markalı **- KS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2023-cü il tarixdə cavabdehlərin təqsirli, hüquqazidd həərkətləri nəticəsində maddi və mənəvi ziyanın ödənilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin məhkəmə iclası zamanı verdiyi izahatla sübuta yetmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən "xxxx" Kiçik Müəssisəsinin 17 nömrəli qüsur aktı ilə müəyyən edilən 3420 manat məbləğində puldan ödənilməyən 879 manat məbləğində zərərin əvəzi cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinə münasibətdə iddia tələbini Mülki Məcəllənin 1108-ci maddəsinin tələbləri baxımından qiymət verib hesab edir ki, iş materialları ilə sübuta yetir ki, Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC-yə verilmiş etibarnamənin surətindən görünür ki, “Dodge Drongo” markalı 77-AN 283 dövlət nişanlı avtomobilin sublizinq və icarə müqaviləsi əsasında idarə edilməsi hüquqununun sürücülük vəsiqəsi olan fiziki şəxslərə ötürülməsi səlahiyyəti Cavabdeh2 MMC-yə etibar edilmişdir. Qeyd olunan normanın müddəalarından müəyyən edilir ki, Zərərin əvəzini ödəmək vəzifəsi yol nəqliyyat hadisəsi zamanı digər cavabdehin istifadəsində olan “Dodge Drongo” markalı 77-AN 283 dövlət nişanlı avtomobilə icarə hüququ ilə sahiblik edən Cavabdeh2 MMC-yə həvalə edilməlidir. Həmçinin də məhkəmə, Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair mülki işdəki sübutları təhlil edərək belə qənaətə gəlir ki, sonuncu xx.xx.2023-cü il tarixdə istifadəsində olan avtomobili idarə edən zaman iddiaçıya məxsus avtomobilə çırpılaraq ona maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu müvafiq qərarla da təsdiq olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi baş vermiş yol nəqliyyat qəzası zamanı "Mersedes-Benz M-300" minik markalı **-KS-*** dövlət nömrə nişanlı avtomobilə ziyanın vurulması, cavabdehlər Cavabdeh2 MMC-nin və Cavabdeh3 qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasında səbəbli əlaqənin olduğu sübuta yetmişdir. Belə ki, MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Bundan başqa iddia ərizəsində iddiaçı mənəvi zərərə görə 1000 (min) manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir: “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” Yuxarıda sadalananlara əsasən məhkəmə, iddiaçıya vurulmuş 1000 manat mənəvi ziyanın tutulması hissəsində də iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 58,79 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh3 müştərək qaydada 879 (səkkiz yüz yetmiş doqquz) manat dəymiş zərərin əvəzi, 1000 (bir min) manat mənəvi ziyan və 58,79 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2873/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2873/2023
05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver