Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-289/2025 23.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı1 MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh qarşı (Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Rövşən Əliyev küçəsində dövlət mülkiyyətində olan torpaq sahəsində heç bir icazəsi olmadan "xxxx" MMC-yə aid olan giriş-çıxış yolunun qarşısında inşa edilmiş qanunsuz tikilinin sökülməsi, cavabdeh tərəfindən ərazinin əvvəlki vəziyyətə gətirilməsi, müəssisənin yolunun uzun müddət kəsilməsindən, istehsal fəaliyyətinin dayandığı üçün maddi və mənəvi ziyan kimi cavabdehdən 20000 manat pulun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Bakı şəhəri Nərimanov rayonu H.Əliyev prospekti 103 ünvanında uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Qeyd olunan ünvanda yerləşən un dəyirmanın bir müddət işləməməsindən istifadə edən Cavabdeh müəssisəyə giriş-çıxışı təmin edən yolu özbaşına zəbt edərək, sənaye zonasında, yolda yaşamaq üçün əlverişsiz ərazidə gecəqondu inşa etmiş, başqa bir şəxsə kirayə verərək müəssisənin yolunu kəsmişdir. Məsələnin həlli ilə bağlı hüquq müəyyənedici sənədlər, eləcə də ərazisinin "Google Earth" Pro proqramında müxtəlif zamanlarda çəkilmiş kamera müşahidə təsvirlərinə dair görüntülər cavabdeh və müvafiq dövlət orqanlarına təqdim edilməsinə baxmayaraq, bu günə qədər həmin yolun açılması təmin edilməmiş, qanunsuz inşa edilmiş primitiv tikili sökülməmişdir. Ərazidə aparılan kameral müşahidələr göstərir ki, tikili müxtəlif təyinatlı istehsal müəssisələri yerləşən sənaye zonasına daxil olan yolu qanunsuz zəbt etmişdir. Cavabdeh bu əməli təkcə un dəyirmanın fəaliyyətinə deyil, yaxın ərazidə yerləşən digər obyektlərin də normal iş qrafikini pozmaqla ərazidə baş verə biləcək hər hansı bədbəxt hadisələrin, yanğın təhlükəsizliyinin vaxtında qarşısını alınmasını ləngidəcək. Həmin qanunsuz tikiliyə qeyriqanuni qaz, işıq və su xətti çəkilmişdir. Vətəndaşla bu barədə dəfələrlə söhbət aparılmasına baxmayaraq, qeyd edir ki, yaxın zamanlarda bu ərazidə yolun genişləndirilməsi nəzərdə tutulub. Həmin yolun çəkilişi zamanı vətəndaşlara dövlət büdcəsindən ödəniləcək kompensasiya olaraq, o da 68.000 manat vəsait alacaq. Həmin məbləğ ona ödənildiyi təqdirdə ərazidən çıxıb gedəcək. Qeyd olunan məsələlərin həlli ilə bağlı hüquq müəyyənedici sənədlər müvafiq dövlət orqanlarına, yəni Azərbaycan Respublikasının Prezidentinə, Nərimanov rayon icra hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinə ərizələr göndərilmişdir. Qanunsuz tikilinin sökülməsi ilə bağlı Cavabdeh Bakı şəhər Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı tərəfindən göndərilmiş bildirişdə qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu Rövşən Əliyev küçəsində dövlət mülkiyyətində olan torpaq sahəsində heç bir icazəverici hüquqi sənədlər olmadan müəssisəyə giriş-çıxışın qarşısında şəxsi mənfəət məqsədləri üçün inşa edilmiş tikililərinin 11 iyun 2024-cü il tarixinə qədər boşaldılmasının təmin edilməsini və söküntüsü üçün şəraitin yaradılmasını Sizdən xahiş edirik. Əks halda baş verə biləcək bütün xoşagəlməz hallara görə məsuliyyəti özünüz daşıyacaqsınız. Buna baxmayaraq cavabdeh bu günə qədər qanunsuz tikilinin sökülməsini təmin etməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər memarlıq və şəhərsalma baş İdarəsinin 3 iyun 2024-cü il tarixli, 3-35-1/2-1410/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 ünvanında İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus dəyirmana giriş-çıxışı təmin edən yolda qanunsuz tikinti işlərinin aparılması haqqında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış müraciətdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində baxılmışdır. Təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 ünvanında yerləşən 5029,1 m torpaq sahəsi 15 il müddətinə İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmişdir. Əməkdaşlar tərəfindən yerində baxış zamanı sözügedən ünvanda İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsində olan torpaq sahəsinə gedən yolun üzərində Yaşar adlı şəxs tərəfindən müvafiq icazə sənədləri olmadan 60 kv.m sahədə fərdi yaşayış evinin inşa edildiyi müşahidə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydalarına” və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarına” uyğun olaraq müvafiq tədbirlərin görülməsi nəticəsi barədə İddiaçı1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə məlumat verilməsi xahiş edilmişdir. Daha sonra iddiaçılar iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehdən maddi və mənəvi zərərə görə 5.000 manat məbləğində pulun tutulmasını xahiş etmişlər. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddia ərzəsində göstərildiyi kimi Azərbaycan Respublikasinin Prezdentinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və X2 Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinə ərizələrlə müraciət edilmiş, lakin həmin orqanlar mövcud vəziyyəti nəzərə alaraq evin sökülməsini məqsədə uyğun hesab etməmişlər. Hətta Azərbaycan Respulikası Prezident Administrasiyasına ünvanlanmış müraciətdə Azərbaycan Respublikasının Dövlət Şəhər Salma və Arxitektura komitəsi yanında Bakı Şəhər Memarlıq və şəhərsalma Baş İdarəsində baxılmışdır və İddiaçı1 MMC nə torpaq, nə də yer üstü əmlakın mülkiyyətçisi olmadığından heç bir tədbir görməmişdirlər. Dövlət əmlakının satışı Dövlət Əmlak Komitəsi tərəfindən həyata keçirilir və Dövlət Əmlakının satışında satıcı qismində iştirak edir. Ona görə də Dövlət Əmlakının sahibi kimi dövlətin adından məhkəmə qarşısında ancaq Dövlət Əmlak Komitəsi çıxiş edə bilər. Çünki həmin torpaq sahəsi və yer üstü əmlaklar barədə ya Dövlət Əmlak komitəsi, ya da Dövlət İcra Hakimiyəti orqanları tərəfindən bu tipli işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək səlahiyyəti vardır. Heç vaxt həmin qeyd olunan ərazidə maşın yolu olmamışdır. 34-35 il bundan əvvəl həmin ərazidən yük vaqonlarının giriş çıxışını təmin etmək məqsədi ilə dəmir yolu xətti olmuş, lakin hazirda belə bir dəmir yol xətti mövcud deyildir. Nəzərdə tutulan həmin tikintinin arxasi elə həmin şəxslər tərəfindən 34-35 il bundan əvvəl hasarla hörülüb bağlanılmışdır. Həmin əraziyə yerində baxış keçirməklə qeyd olunan iddianin hüququ olmayan şəxslər tərəfindən əsassız qaldırılmaları təsdiq olunar. Mübahisəli tikili iddiaçının deyil dövlətə aid torpaq sahəsində inşa edildiyindən və uzun müddət əvvəl dövlət tərəfindən söküldüyündən mübahisə obyekti artıq mövcud deyil. İddiaçı sonradan iddaya əlavə verərək mənəvi zərər tələb etmişdir ki, onun hazırkı iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, mənəvi zərəri yalnız fiziki şəxslər tələb edə bilər. Hüquqi şəxslərin mənəvi zərər tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. Hazırkı iddia tələbi ilə iddiaçının hansı mənəvi iztirablar çəkdiyini göstərməmiş və bu barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən, iddia tələbi qanunsuz, sübutsuz və əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, qanunsuz tikili söküldüyündən onlar iddia tələbinin həcmini azaltmışlar, yalnız maddi və mənəvi zərəri tələb edirlər. Onlar həmin ərazidə un dəyirmanı işlədirdi, bir müddətdir ki, dəyirman işləmir, giriş-çıxışı başqa fabrikin ərazisindən edirdilər. Cavabdeh tərəfindən tikili bir gecəyə tikilmişdir. Təxminin bir il öncədən müvafiq qurumlara da müraciət etmişdir. Cavabdehin tikilisi qanunsuz olduğundan sökülmüşdür. Lakin onların yolu bağlandığı üçün onlara maddi və mənəvi zərər dəymişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, evi olan ərazidə yol heç vaxt olmamışdır. Orada hasar, hasarın arxasında isə zibilxana var idi. Onlar həmin zibilxananı təmizləmiş, kərpicdən ev tikmişlər, təxmini 7-8 ildir ki, orada ailəsi ilə yaşayırdı. Əlil olduğuna görə, müxtəlif dövlət orqanları da gəlib kömək etmişlər. Əvvəllər ora metropoliten ərazisi idi, onlar da tikintiyə icazə vermişlər. İcazəsi olduğu üçün yol idarəsi tərəfindən evi sökülərkən ona 20000 manata yaxın kompensasiya ödənilmişdir. Qarşı tərəfin dəyirmanı var idi, o da illərdir ki işləmir. Obyektlərinə yolları başqa ərazidəndir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2000-ci il tarixli qeyri-yaşayış sahəsinin alğı-satqı müqaviləsindən görünür ki, “Rəşad” firmasının təsisçisi X3 Bakı şəhəri, Nərimanov rayonu, Moskva prospekti 103 ünvanında yerləşən birmərtəbəli binanın 30.7 kv.m. qeyri-yaşayış sahəsini İddiaçı1 firmasına satmışdır; - Özəlləşdirilən müəssisə və obyeklərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında 292/11 nömrəli, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, “İcarəyəverən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi icarəyə verdiyi Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, 103 ünvanındakı əmlak kompleksinin yerləşdiyi 5029,1 kv.m torpaq sahəsini icarəçi İddiaçı1 MMC-yə 15 il müddətinə icarəyə vermişdir; - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 3 iyun 2024-cü il tarixli məktubun surətindən görünür ki, əməkdaşlar tərəfindən yerində baxış zamanı sözügedən ünvanda İddiaçı1 MMC-nin icarəsində olan torpaq sahəsinə gedən yolun üzərində Yaşar adlı şəxs tərəfindən uzun müddət öncə müvafiq icazə sənədləri olmadan 60 kv.m sahədə fərdi yaşayış evinin inşa edildiyi müşahidə edilmişdir; - Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu Rövşən Əliyev küçəsində dövlət mülkiyyətində olan torpaq sahəsində heç bir icazəverici hüquqi sənədlər olmadan müəssisəyə giriş-çıxışın qarşısında şəxsi mənfəət məqsədləri üçün inşa edilmiş tikililərin 11 iyun 2024-cü il tarixinə qədər boşaldılmasının təmin edilməsi və söküntüsü üçün şəraitin yaradılması xahiş edilmişdir; - Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı1 MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, araşdırma zamanı həmin ünvanda uzun müddətdir özbaşına tikilidə yaşayan Cavabdeh tərəfindən bir neçə il öncə evinə bitişik əlavə yaşayış otağı tikilmiş və həmin təyinatla istifadəsindədir; - 10 saylı Ərazi Vergilər İdarəsinin çıxarışından görünür ki, İddiaçı1 MMC-nin təsisçiləri İddiaçı2 və Nümayəndədur (həmçinin qanuni təmsilçisi); - Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, “Ulduz” stansiyasının yaxınlığında Rövşən Əliyev küçəsində tikilməsi nəzərdə tutulan birmərtəbəli yaşayış evi metro xəttinin üzərinə düşür. Ölçmə işlərinin nəticələrinə əsasən özül çalası qazılmadan, yüngül konstruksiyalı tikinti materiallarından istifadə etməklə tikinti aparmağa etiraz edilməmişdir; - Azərbaycan Respublikası Nərimanov Bələdiyyəsi tərəfindən verilmiş yerli büdcəsinin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, vergi ödəyicisinin adı Cavabdeh, ünvanı ünvan 8 şəhəri, Nərimanov rayonu, R.Əliyev ev 1, mənzil 6 ünvanında yerləşən Cavabdeh məxsus yaşayış sahəsinin cizgisi əlavə olunmuşdur; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7874 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcı Sarıyev Hafizin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçı "xxxx" MMC-nin iddia etdiyi Cavabdeh inşa etdiyi tikili (Sta=40.0 kv.m) MMC-yə məxsus texniki pasportda baş planda göstərilən giriş yolunun qarşısında inşa edilmişdir. MMC-nin nümayəndəsinin sözlərinə əsasən onların sahəsinə yol həmin tikilinin yerindən olmuşdur. Hazırda MMC öz sahəsinə giriş-çıxış üçün arxa qonşusu olan digər təşkilatın ərazisindən istifadə edir. Ekspertiza xərci 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 icarəyə götürdükləri əmlak kompleksi və torpaq sahəsinin giriş yolunun üzərində cavabdeh tərəfindən qanunsuz tikili inşa edildiyinə və həmin tikili nəticəsində onlara maddi və mənəvi zərər vurulduğuna istinad edərək hazırki iddianı qaldırmışlar. Qanunsuz tikili məhkəmə icraatı dövründə dövlət qurumları tərəfindən yol tikintisi ilə əlaqədar sökülmüş və cavabdehə kompensasiya ödənilmişdir. Cavabdeh həmin ərazidə iddiaçıya məxsus yolun olmadığına, onlara hər hansı zərər vurmadığına istinad edərək iddiaya etiraz edir. Mülki Məcəllənin özbaşına tikintinin anlayışını müəyyən edən 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırkı iş üzrə tikilinin qanunsuz olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Mübahisəyə səbəb olan tikili, mülki iş məhkəmənin icraatında olan müddətdə artıq dövlət orqanları tərəfindən sökülmüş və cavabdehə kompensasiya verilmişdir. Hazırda araşdırılmalı olan əsas məsələ, qanunsuz tikilinin iddiaçıların mənafelərinə toxunub-toxunmaması, bunun nəticəsində onlara zərər dəyib-dəyməməsidir. Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Bu baxımdan iddiaçıların cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096 və 1097-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Mülki qanunvericiliyin yuxarıda sadalanan maddələrinin məzmunundan göründüyü kimi, yalnız qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bu baxımdan deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və həmin dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırki iş üzrə cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikili nəticəsində iddiaçılara hər hansı bir formada zərər dəyməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatından görünür ki, həmin ərazidə hər hansı bir yol olmamış, hasar olmuşdur, o isə hasara bitişik ərazidə ev inşa etmişdir. Həmçinin təqdim edilmiş fotoşəkildə əks olunmuş köhnə daşlardan olan hasardan görünür ki, hasar uzun müddət öncə hörülmüşdür, əraziyə yol çəkilməmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyində də tikilinin MMC-nin giriş yolunun qarşısında inşa edildiyi, yalnız MMC-nin nümayəndəsinin sözlərinə əsasən onların sahəsinə yolun həmin tikilinin yerindən olduğu qeyd edilmişdir. Göründüyü kimi, ekspert tərəfindən əvvəllər tikilinin yerində yolun olduğu aşkar edilməmiş, yalnız iddiaçının nümayəndəsinin izahatına əsaslanmaqla müvafiq qeyd aparılmışdır. Həmçinin iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında un dəyirmanlarının olduğunu, bir müddətdir ki işləmədiyini, başqa tərəfdən giriş-çıxışının olduğunu bildirmişdir. Göründüyü kimi, qanunsuz inşa edilmiş tikili nəticəsində iddiaçılara zərər vurulması, onların sahibkarlıq fəaliyyətini həyata keçirmələrinə cavabdeh tərəfindən hər hansı maneçilik törədilməsi sübuta yetirilmir. Beləliklə, borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Hüquqi şəxs Mülki Məcəllənin 21ci və 1097.1-ci maddələrinə müvafiq olaraq yalnız ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Hər bir halda ilk növbədə zərərin vurulması sübuta yetirilməlidir. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, iddiaçılar maddi və mənəvi zərərin vurulmasını, həmin zərərlə cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən zərərin vurulması iddiası üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş fotoşəkilləri və tərəflərin izahatlarını nəzərdən keçirərək həmçinin qeyd edir ki, iddia predmetini təşkil edən tikili tikinti-texniki qaydalara cavab verməyən, sadə kərpic və taxtadan ibarət olan primitiv və müvəqqəti xarakterli bir tikilidən ibarət olmuşdur. Cavabdeh əlilliyi olan şəxsdir və sosial-iqtisadi baxımdan həssas qrup nümayəndəsidir. Bu şəxs qeyd olunan ərazidə ailəsi ilə birlikdə təxmini 7-8 il müddətində minimal yaşayış şəraitində yaşamağa çalışmış, lakin dövlət orqanlarının qanuni tələbi əsasında etiraz etmədən həmin tikilini boşaltmağa və ərazini tərk etməyə məcbur olmuşdur. Artıq işin baxıldığı mərhələdə həmin tikili dövlət orqanlarının müdaxiləsi ilə sökülmüşdür və hazırda mövcud deyildir. Qanunsuz tikilinin fiziki olaraq artıq yerində olmaması, tikilinin idrakı və əqli olaraq mənəvi əziyyət yarada biləcək dərəcədə olmaması, habelə cavabdehin sosial müdafiəyə ehtiyacı olan əlil şəxs olması fonunda, iddiaçının sözügedən tikilinin sökülməsindən sonra belə “mənəvi zərərə məruz qalması” barədə tələbinin təmin edilməsi sosial ədalət prinsipinə ziddir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin inşa etdiyi tikili ilə həm mövcud olduğu dövrdə, həm də sökülməsindən sonra iddiaçının icarəyə götürdüyü sahədən istifadə imkanlarına əhəmiyyətli və sübuta yetirilmiş formada hər hansı real maneə yaradıldığı sübuta yetirilmir. Bu səbəbdən, iddia ərizəsində irəli sürülmüş dəlillər məhkəmə tərəfindən əsaslı hesab edilmir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiaları təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Həmçinin məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 MMC və İddiaçı2 Cavabdeh qarşı (Azərbaycan Respublikası Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiaları təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1 MMC və İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-289/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-289/2025
23.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver