Məhkəmə qərarları › İş №2(005)-2904/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2904/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2904/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi. İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5000 manat əsas borcun və 1000 manat dəyərində əldən çıxmış fayda (gəlirlə) ilə birlikdə, ümumilikdə 6000 manat məbləğində pulun və ödədiyi 81 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2004-cü il tarixdə Naxçıvan MR Babək rayonunda anadan olmuşdur. 2021-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur və hazırda həmin Universitetin 3-cü kurs tələbəsidir. Onun maddi imkanı zəif olduğundan, hansısa bir şirkətdə dərslərindən sonra onlayn işləmək və cüzi də olsa pul qazanmaq və təhsilini davam etdirmək istəyirdi. Həmin vaxt Cavabdeh2 adlı bir şirkətin olduğunu öyrənib və həmin şirkətdə özünü direktor vəzifəsində işləyən kimi təqdim edən, hazırkı iş üzrə Cavabdeh1 onunla görüşərək bildirdi ki, onun rəhbərlik etdiyi şirkət çox perspektivli şirkətdir. Müxtəlif ticarət dövriyyəsi ilə məşğuldur və hesablarında külli miqdarda pul vardır. Əgər Cavabdeh2 ilə müqavilə bağlayıb 5000 manat pul yatırsa, onda həmin şirkət tərəfindən hər ay 1500 manat pul ödənişi alacaq və sonda isə 5000 manat pulunu tam həcmdə geri alacaq. O, tələbə olduğundan fikirləşdi ki, bu şərtlər çox yaxşıdır və həmin ödənilən pulun müqabilində alacağı aylıq pulla həm oxuyar, həm də təhsil xərclərini və digər kommunal xərclərini qarşılayar. Cavabdeh2 direktoru kimi təqdim edən Cavabdeh1 onun sənədlərini hazırlayırdı və ona izah edib bildirdi ki, ödənilən məbləğə görə hər ay şirkət tərəfindən 30 faiz pul ödəniləcəkdir. Cavabdeh1 bu şirin vədlərinə tam inandı. 13 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 direktoru, Cavabdeh1 ilə Bakı şəhəri “Semaşko” adına xəstəxananın yaxınlığında görüşdülər və onun avtomaşınında həmin gün yəni, 13 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 adından 014 nömrəli kredit müqaviləsi bağlayaraq, 5000 manat pulu nağd şəkildə ona verib. Cavabdeh2 direktoru, cavabdeh- Cavabdeh1 pulu alarkən bir daha onu inandırdı ki, narahat olmasın, hər ay ödədiyi 5000 manat pulun müqabilində 1500 manat pul alacaq. Cavabdeh2 direktoru, cavabdeh- Cavabdeh1 bildirdi ki, həmin şirkət onun özünündür və özü qurmuşdur. Cavabdeh1 pulu aldıqdan sonra müxtəlif bəhanələr gətirərək dedi ki, guya adına hansısa hesablar yaranacaq və kartların eyniləşdirilməsi gedir və çoxlu bəhanələr gətirməyə başladı. Bu ötən səkkiz ay müddətində öz qanunsuz əməllərini ört-basdır etmək və həmin əməllərini maskalamaq üçün 27 noyabr 2023-cü il tarixdə cəmi 500 manat pulu hesabına köçürmüşdür. O, Cavabdeh1 ilə dəfələrlə telefon əlaqəsinə girərək, ödədiyi pulu geri tələb etdi. Lakin, gördü ki, Cavabdeh1 hər dəfə bir bəhanə gətirir və pulunu geri qaytarmır. Ona görə də, məcbur olub 28 dekabr 2023-cü il tarixdə AR DİN-nin 102 xidmətinə zəng vuraraq, Cavabdeh2 direktoru Cavabdeh1 tərəfindən dələduzluq əməli törədilərək aldadıldığını bildirərək, onun barəsində şikayət edib. Onun Cavabdeh2 direktoru Cavabdeh1 barəsində şikayəti Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin 20-ci polis şöbəsində 1 ay müddətində baxılması üçün saxlanıldı və sonra toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Nəsimi rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərildi və Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi Kənan Əhədzadənin 29 yanvar 2024-cü il tarixli, HK- 1/2714 saylı qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 pulu ondan aldıqdan sonra, xeyli miqdarda qazanc əldə etdiklərinə baxmayaraq, onun ona verdiyi pulu geri qaytarmır. Onun günahı ucbatından xeyli miqdarda ziyana düşmüşdür. O, dəfələrlə Cavabdeh1 verdiyi 5000 manat pulu geri istəsə də, uzun müddət keçməsinə baxmayaraq pulu geri qaytarmır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə tərəfindən İddiaçı ərizəsi əsasında Cavabdeh2 MMC cavabdeh qismində mülki işə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehin özü ilə müqavilə bağlanılıb. Cavabdeh1 özünü şirkətin direktoru kimi tanıtmışdı. Ona bildirmişdir ki, əgər şirkətlə müqavilə bağlayıb 5000 manat pul yatırsa, həmin şirkət tərəfindən ona hər ay 1500 manat pul ödənişi ediləcək və sonda isə 5000 manat tam həcmdə ona geri qaytarılacaq. O da tələbə olduğundan yaxşı iş olduğunu düşünüb. O, ona müxtəlif vədlər verirdi və sənədlərini hazırladığını deyirdi. Amma o qadının şirkətdən azad olunduğunu hələ bilmirdi. Elə 2-3 gün ərzində oktyabrın 12-də müqavilə bağladılar. Oktyabrın 13-də maşında "Semaşko" xəstəxanasının qabağında pulu verdi. Bundan əlavə qəbul etmədiyi təkliflər də etmişdi. Müqaviləni imzalayandan sonra dedi ki, hər 15 gündən bir pul veriləcək. Dekabrın 28-i polisə müraciət etmişdir. Lakin, cinayət işinin başlanması rədd edildi. Ona qarşı məhkəmədə çoxsaylı iddialar vadır. İnsanları aldadıb pulunu alır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - İddiaçı ilə Cavabdeh2 MMC (direktor Cavabdeh1 şəxsində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, KM 014 saylı kreditor müqaviləsindən görünür ki, İddiaçı 12 ay müddətinə 5000 manat məbləğində pulu Cavabdeh1 verməyi, Cavabdeh1 isə onu müqavilədə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürmüşdür; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh1 Mahır qızı izahatında bildirmişdir ki, əvvəllər Xətai rayonu ərazisində fəaliyyət göstərən “X5” MMC-də işləmiş sonra isə özü Cavabdeh2 MMC-ni yaradaraq əvvəl işlədiyi şirkətdən tanıdığı bir neçə müştərilərlə əlaqə saxlayaraq yüksək faiz vermək vədi ilə müəyyən işlər görmüşdü. Həmin müştərilərdən biri İddiaçı olmuşdur. Onunla danışaraq görüşmüş və ondan 5000 manat pulu götürərək ayda ona 1500 manat qazanc verəcəyinə söz vermişdir. O bu dəfə İddiaçı 500 manat pul vermiş, lakin təsisçisi olduğu Cavabdeh2 MMC-də problem çıxdığına görə maddi sıxıntılar olmuş və İddiaçı qazancını və ondan aldığı 5000 manat pulu qaytara bilməmişdir. Lakin üzərinə düşən öhdəliyi qısa müddət ərzində yerinə yetirərək İddiaçı pulunu geri qaytaracağını bildirmişdir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, Cavabdeh1 İddiaçı aldığı pulların bir hissəsini geri qaytardığına, qalan hissəsini qaytaracağına söz verdiyinə, İddiaçı həmin pulu qazanc əldə etmək məqsədi üçün Cavabdeh1 verdiyinə və aralarında müqavilə öhdəliklərlə bağlı müqavilə olduğuna görə həmin faktda cinayət tərkibi yaranmır; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı qazanc əldə etmək məqsədilə 12 ay müddətinə 5000 manat məbləğində pulu Cavabdeh2 MMC-yə (direktoru Cavabdeh1) verməyi, Cavabdeh1 isə müqavilədə göstərilən müddətdə və qaydada onu geri qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək müqavilə üzrə yaranmış borcun və əldən çıxmış faydanın məhkəmə qaydasında tutulmasını xahiş edir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Eyni Məcəllənin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məcəllənin 740-cı maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, borc müqaviləsinə əsasən cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmişdir. Cavabdeh borc müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini icra etməyərək iddiaçıdan aldığı borc məbləğini ona geri qaytarmamışdır. Belə ki, pulun qaytarılmasını sübut etmək yükünü cavabdeh daşıyır, iş materiallarında isə belə bir sübut mövcud deyildir. Həmçinin cavabdeh istintaq orqanına verdiyi izahatında 5000 manat borc aldığını təsdiq etmişdir. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Cavabdehlərin məsuliyyət məsələsinə gəlincə qeyd edilməldir ki, müqavilə Cavabdeh2 MMC ilə bağlanmış, müqaviləni MMC-nin adından direktoru, hazırki iş üzrə digər Cavabdeh1 imzalamışdır və sonuncu həmin pulu aldığını istintaq orqanına verdiyi izahatında təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 5000 manat məbləğində borc hər iki cavabdehdən tutulmalıdır. Məhkəmə əldən çıxmış faydaya görə cavabdehdən 1000 manat məbləğində pulun tutulması tələbi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər. Əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur. Hazırki mülki iş materiallarında olan İddiaçı ilə “X5” MMC (direktor Ali Akşun şəxsində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KM 054 saylı borc müqaviləsindən görünür ki, iddiaçı 2825 manat məbləğində krediti cəmi 12 ay müddətinə borclunun şirkətini böyütməsi və inkişaf etdirməsi üçün vermişdir. Borclu kreditora aldığı borcu hissələrə bölərək 365 gün aylıq 5 manat da ödəyə bilər. Həmin müqavilənin 4.2-ci maddəsində qeyd edilir ki, borcun əsas məbləğini və ondan istifadə edilməsinə görə hesablanmış gündəlik ödənişləri bu müqavilənin 1-ci maddəsinin bəndlərində müəyyən edilmiş məbləğ və müddətlərdə qaytarmaq borclunun vəzifəsidir. Göründüyü kimi, iddiaçı başqa şəxslərlə də şirkətin böyüməsi və inkişaf etdirməsi üçün istifadə edilmək məqsədilə oxşar müqavilələr bağlayaraq, verdiyi borc puldan istifadə edilməsinə görə müvafiq ödənişlərin (əsas borcdan əlavə) ona ödənilməsi ilə bağlı razılığa gəlmişdir. Lakin hazırki mülki iş üzrə cavabdeh onun pulunu, eləcə də razılaşdırdıqları əlavə gəliri qaytarmamaqla, onu əldə edə biləcəyi gəlirlərdən mərhum etmişdir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi qərarından da görünür ki, cavabdeh verdiyi pulun müqabilində iddiaçıya şirkətin gəlirindən hər ay 1500 manat verməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşılıqlı qazanc razılığı əsasında pul verməsini, bunu cavabdehin də istintaq orqanında verdiyi izahatında etiraf etməsini, cavabdehin hüquqi şəxs, digər cavabdehin isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olduğunu, iddiaçı tərəfindən tələb edilən 1000 manat əldən çıxmış faydanın ağlabatan olmasını, müqavilə şərtlərini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq əldən çıxmış faydaya görə kompensasiya kimi 1000 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini ağlabatan və ədalətli hesab edir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borca görə 5000 manat, əldən çıxmış faydaya görə 1000 manat məbləğində pulu iddiaçıya ödəməlidirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 əsas borca görə 5000 manat, əldən çıxmış faydaya görə 1000 manat olmaqla, cəmi 6000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 81 manat pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 əsas borca görə 5000 manat, əldən çıxmış faydaya görə 1000 manat olmaqla, cəmi 6000 (altı min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 81 (səksən bir) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar