Məhkəmə qərarları › İş №2(005)-2905/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2905/2025

02.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2905/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbinin dəliləri İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-223/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin məbləğinin dəyişdirilməsi, yəni birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün alimentin hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi həcmində tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh ilə 11 iyul 2009-cu il tarixdə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X7 anadan olmuşdur. Aralarında nikah qeydi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-223/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Qətnaməyə əsasən birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X7 iddiaçının himayəsinə verilmiş, saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qeyd edilir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-223/2023 saylı qətnaməsi qəbul edilərkən cavabdehin qazancı qeyri-sabit olmadığı üçün aliment sabit pul məbləğində müəyyən edilmişdir. Bildirilir ki, hazırda cavabdehin aylıq rəsmi qazancı 3000 (üç min) manat təşkil edir. Tərəflərin mövqeyi Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Lakin,iddiaçının nümayəndəsi və vəkili Vəkil2 “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq,onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prossesual Məcəllənin 185.5-ci maddəsinə əsasən mülki işə tərəfərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, iddiaçı kosmetoloq işləyir, cavabdeh 2022-ci ildən təqaüd alır, hazırda müddətli əmək müqaviləsi ilə işləyir və 2000 manat əmək haqqı alır. Əmək müqaviləsinə xitam verildikdən sonra aliment tələbi təqaüdə yönləndiriləcək. Alimentin qismən artırılmasına və indekasiyasına etiraz etmədiklərini qeyd etdi. Balaca uşağın təhsil haqqını ödədiyini, aliment artırılarsa təhsil haqqını ödəyə bilməyəcəyini və yalnız aliment ödəyəcəyini bildirdi. Cavabdehin himayəsində yaşlı ana və atası var. Cavabdeh könüllü olaraq 600 manat aliment ödənişinə razıdır. Aliment artımına etiraz etməsə də, qeyd etdiyi nüansların nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2(005)- 223/2023 saylı qətnamənin surətindən görünür ki, iddianın təmin edilməsi; iddiaçı X6 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alınmış və 1797 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması,xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 iddiaçı (anaları) X2 yanında saxlanılması,xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdehxx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi,Cavabdeh 72,8 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. - Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli,MŞB/2-00329/2025 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki,ilkin mediasiya sessiyasında İddiaçı və Cavabdeh iştirak etmişlər. İddiaçı tərəfindən prossesi davam etdirməyə razılkıq verilməmişdir.Mediasiya sessiyasında iştiraka görə İddiaçı tərəfindən 60 manat mediasiya haqqı ödənmişdir. - AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh Ağdam,Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs-də qiymətləndirici,daşınmaz əmlak vəzifəsində çalışır və aylıq əmək haqqı 2520 manat təşkl edir. Eyni zamanda cavabdehə yaşa görə 1063.84 manat məbləğində yaşa görə pensiya təyin edildiyi müəyyən edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Maddə 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının göstərilən məsələlərdən bəhs edən 8-ci maddəsi və həmin Konvensiyanın 7 saylı protokolunun 5-ci maddəsi ilə bağlı formalaşmış hüquqi mövqeyinə diqqət etdikdə görərik ki, Avropa dəyərləri müstəvisində uşaqların saxlanması ilə bağlı atanın və ananın hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi qiymətləndirilir. Əgər uşaqların saxlanması ilə bağlı valideynlər arasında fikir ayrılığı yaranırsa dövlət uşaqların hüquqlarını ictimai maraq kimi qiymətləndirərək uşaqların tərəfindən mübahisəyə qarışır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli 15 nömrəli qərarınına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.4- 3-cü yarım bəndində qeyd edilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. 8.4-1 yarımbəndinə görə “Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.11-1-ci yarımbəndinə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Hazırda İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbini irəli sürmüş və tələbini uşaqların tələbatlarının, təhsil xərclərinin və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e2(005)-223/2023 saylı qətnamənin surətindən görünür ki, iddianın təmin edilməsi; iddiaçı X6 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alınmış və 1797 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 iddiaçı (anaları) X2 yanında saxlanılması; xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdehxx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə onu da bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşaqların getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüməsi tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-223/2023 saylı qətnaməsi müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, Cavabdeh aylıq müntəzəm gəliri mövcuddur və belə olan təqdirdə iddiaçının alimentin əmək haqqı və gəlirlərin hissəsi kimi müəyyən edilməsini tələb etməkdə haqlıdır. Alimentin miqdarını müəyyən edərkən, məhkəmə uşağın mənafeyini, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, eyni zamanda cavabdehin maddi vəziyyətini, respublikada 2025-ci il üçün müəyyən olunmuş yaşayış minimumunu və minimum aylıq əmək haqqını nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi həcmində aliment tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2(005)-223/2023 saylı qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi həcmində tutularaq aliment tutulub, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 60 manat məbləğində pulun ödənilməsi Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2(005)- 223/2023 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilsin. 20 may 2025-ci il tarixdən başlayaraq, 12 aprel 2010-cu il təvəllüdlü X9 və 10 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi həcmində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 60(əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar