Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2906/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kreditor “xxxx” Açıq Səhmdar Cəmiyyəti borclular Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə hesablanmış borcun tutulması” barədə məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1 və Cavabdeh2 kreditor “xxxx” ASC-nin xeyrinə 4000 (dörd min) manat əsas, 504 (beş yüz dörd) manat faiz, cəmi 4504 (dörd min beş yüz dörd) manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 20 manat borclulardan tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Kreditor “xxxx” Açıq Səhmdar Cəmiyyəti ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Quba filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış 19.04.2013-ci il tarixli 114 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana “X4” kredit kartı vasitəsi ilə 36 ay müddətinə illik 22% dərəcəsi ilə hesablanmaqla 4000 manat məbləğində kredit verilmişdir. Kredit öhtəliyinin təmin edilməsi üçün Bank Cavabdeh2 ilə 19.04.2013-ci il tarixli 114 №-li Zaminlik Müqaviləsini bağlamışlar. Zamin, müqavilənin şərtlərinə əsasən borcalan Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin, kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırmışdır. Borclulara kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər öz öhdəliklərini yerinə yetirmirlər və borcun ödənişini təmin etmirlər. Hal-hazırda borcluların “xxxx” ASC-nə 4000 (dörd min) manat əsas, 504 (beş yüz dörd) manat faiz, cəmi 4504 (dörd min beş yüz dörd) manat məbləğində borcu mövcuddur. Zaminlik Müqaviləsinin 3.3-cü maddəsinə əsasən Borclunun zaminliklə təmin edilmiş öhdəliyi və ya lazımınca icra etmədiyi barədə Kreditordan bildiriş aldığı zamandan 3 gün müddətinə Zaminlər Borclunun öhdəliyini icra etməlidir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən kreditor «xxxx» ASC-nin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «xxxx» ASC-nin xeyrinə cəmi 4.504 (dörd min beş yüz dörd) manat və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulması barədə 19.05.2016-cı il tarixli, 2(005)-4627/2016 saylı əmr çıxarılmışdır. Borclu Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.05.2016-cı il tarixli, 2(005)-4627/2016 saylı əmrinin ləğv edilməsi və işə ümumi iddia icraatı qaydasında baxılması tələbinə dair ərizə vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2016-cı il tarixli, 2(005)-4627/2016 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli, 2(005)- 4627/2016 nömrəli məhkəmə əmri ləğv edilmiş və məhkəmə həmin mülki iş üzrə iddia icraatına keçmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 536,30 (beş yüz otuz altı manat, otuz qəpik) manat məbləğində kredit borcu və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçı tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “xxxx” ASC-nin “Quba” filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2013-cü il tarixli №114 saylı “X5” kartı üzrə kredit xəttinin istifadəsinə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün 36 ay müddətinə illik 22% dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 19 aprel 2013-cü il tarixli 114 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, borclu Cavabdeh1 tərəfindən iddiaçı bank qarşısında öhdəlikləri tam yerinə yetirənədək zamin Cavabdeh2 ona zamin durmuşdur; Müqavilənin ləğvi və borcun ödənilməsi barədə 25 aprel 2016-cı il tarixli pretenziya məktubunun surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə lizinq müqaviləsi üzrə borc məbləğini 10 gün müddətində ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; 11 may 2016-cı il tarixli qəbzdən görünür ki, müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 24 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 19 aprel 2013-cü il tarixli 114 nömrəli kredit müqaviləsi üzrə 24 may 2021-ci il tarixə ödənilməmiş 536,30 (beş yüz otuz altı manat, otuz qəpik) manat borcu vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zamin Cavabdeh2 borcun ödənilməsi üçün tam öhdəlik daşıyır. Buna görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidirlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19 aprel 2013-cü il tarixli №114 saylı “X5” kartı üzrə kredit xəttinin istifadəsinə dair müqavilə üzrə ödənilməmiş 536,30 (beş yüz otuz altı manat, otuz qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 19 aprel 2013-cü il tarixli №114 saylı müqavilə üzrə ödənilməmiş 536,30 (beş yüz otuz altı manat, otuz qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-2906/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2906/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver