Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2933/2021 15.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan , İddiaçı MMC-nin Cavabdeh qarşı alqı–satqı müqaviləsinin ləğvi, maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı alqı–satqı müqaviləsinin ləğvi, maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 iyul 2019-ci il tarixli, AR533 "Alqı-satqı müqaviləsi” bağlanmış və həmin müqaviləyə uyğun olaraq eyni tarixli təhvil-təslim aktı tərtib edilərək dəyəri 2763,00 manat olan “tikinti materialları” Cavabdeh Abdulxaliq oğluna satılmışdır. Alqı-satqı müqaviləsinin 2.3-ci bəndinə əsasən “Alıcı” satılan malın dəyərini 58,00 manat olmaqla, hər ayın 15-i hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü bəndində “Alıcı” satılan malın dəyərini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, hər gecikdirilən gün üçün ödənilməmiş məbləğin 0,5%-i miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etməmiş və aldığı malın dəyərini ödəməmişdir. "xxxx" MMC-nin adı sonradan dəyişdirilərək İddiaçı MMC adlandırılmış və bu barədə İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 06 iyul 2020-ci il tarixdə şirkətə yeni çıxarış təqdim edilmişdir. Hazırda cavabdehin İddiaçı MMC-yə əsas borcu 2413,00 manat və gecikdirdiyi günlərin sayına görə cərimə borcu 5489,00 manat, ümumilikdə isə 7902,00 manat təşkil edir. Müqavilənin ləğvi və borcun ödənilməsi barədə İddiaçı MMC tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də, o, bu xəbərdarlıqlara əhəmiyyət verməmişdir. Buna görə də İddiaçı MMC yaranmış mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi xahişini əks etdirən ərizəylə məhkəməyə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 15 iyul 2019ci il tarixli, AR533 "Alqı-satqı müqaviləsi” və eyni tarixli təhvil-təsli aktından görünür ki, satıcı, yəni İddiaçı MMC dəyəri 2763,00 manat olan “tikinti materialları”nı Cavabdeh Abdulxaliq oğluna satmışdır. İş materiallarında olan 30.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməyəcəyi halında 3 gün müddətində məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında razılaşma olmuş və həmin razılaşmaya əsasən İddiaçı MMC “tikinti materialları”nı Cavabdeh verməyi, Cavabdeh oğlu isə həmin materialların dəyəri kimi 2763,00 manat məbləğində pul ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən halı iddiaçı məhkəməyə təqdim etdiyi təhvil-təslim aktı ilə sübuta yetirmişdir. Hazırda cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl olunmadığından və iddiaçının ona etdiyi müraciətlərə baxmayaraq qeyd edilən halın davam etməsi, cavabdeh tərəfindən aradan qaldırılmaması nəticəsində İddiaçı MMC müqavilənin ləğvi, maddi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, əsas borc 2413,00 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı məhkəmə 2413,00 manat əsas borc üzrə 5489,00 manat məbləğində cərimənin hesablanmasını tənəsübsüz surətdə yüksək hesab edir və onun 250 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçının ödədiyi dövlət rüsumunun cavabdehə aid edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh aralarında bağlanmış 15 iyul 2019-ci il tarixli, AR533 "Alqı-satqı müqaviləsi” ləğv edilsin. Cavabdeh 2413,00 manat əsas borc və 250 manat cərimə, cəmi (iki min altı yüz altmış üç) İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-2933/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2933/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver