Məhkəmə qərarları › İş №2(005)-2949/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2949/2024

27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2949/2024 27.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş 31 yanvar 2018-ci il təvəllüdlü X1 üçün Ağdam Rayon Məhkəməsinin qətnaməsinə əsasən tutulmuş 160 (bir yüz altmış) manat məbləğində alimentin artırılaraq 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aramızda 10 aprel 2010-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 267 saylı reyestr qeydi ilə qeydiyyata alınmaqla rəsmi nikah bağlanmışdır. Həmin nikah Ağdam Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2(013)-2049/2023 saylı qətnaməsi ilə pozulmuşdur və bu barədə Ağdam rayon Qeydiyyat şöbəsi nikahın pozulması haqqında şəhadətnamə də vermişdir. Birgə nikahdan 31 yanvar 2018-ci il təvəllüdlü X5 doğulmuşdur. Ağdam Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2(013)- 2049/2023 saylı qətnaməsi ilə uşağın iddiaçının himayəsində qalması və uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat alimentin tutulması qət edilmişdir. Uşaq məhkəmə qətnaməsinə əsasən iddiaçının yanındadır, birlikdə kirayədə qalır və işləmir, bu baxımdan uşağı saxlamaq onun üçün çox çətindir. Hal-hazırda 160 manat bir uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın saxlanılması xərcləri günü-gündən artır, oğlu Yusifin saxlanılması üçün daha çox məbləğə ehtiyac duyulur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək uşağın xərclərinin artdığını bildirərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o indiyə kimi övladına hər şeyin ən bahalısını almış, aylıq müəyyən olunmuş 160 manat alimentdən əlavə də xərclər çəkmişdir. Sonda isə qeyd etdi ki, hazırda maddi vəziyyətinin yaxşı olmaması səbəbindən iddia tələbini qəbul etmir, alimentin artırıldığı halda 190 manatdan yuxarı məbləğ müəyyən olunmasına etiraz edir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ- İV seriyalı, 046282 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Ağdam rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 459829 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahına xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Hüseynov, qadına Hüseynova soyadı verilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2049/2023 saylı qətnaməyə əsasən Cavabdeh ilə İddiaçı aralarında Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmiş 10 aprel 2010-cu il tarixli. 267 saylı nikah qeydinin pozulması, birgə nikahdan anadan olmuş 31 yanvar 2018-ci il təvəllüdlü X5 anası İddiaçı himayəsində saxlanılsın Cavabdeh - 31 yanvar 2018-ci il təvəllüdlü X1 üçün uşaq yetkinlik yaşına çatanadək hər ay 160 (bir yüz altmış) manat olmaqla aliment məbləği 07 avqust 2023-cü il tarixdən hesablanılmaqla tutulub İddiaçı verilməsi qət edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflərin birgə nikahdan 31 yanvar 2018-ci il təvəllüdlü X5 adlı övladı doğulmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2049/2023 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaq anasının yanında qalır. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X3 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyrimüntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin gəlirləri barədə hər hansı sübutun olmamasını və iddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)- 2049/2023 saylı qətnaməsi ilə uşağa görə tutulan alimentin məbləği 160 manat müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, əsas diqqət uşağın hüquq və mənafelərinin qorunmasına yönəldilməli, iddiaçının uşağın qayğısına qalmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat aliment tutularaq iddiaçıya verilməlidir. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə bildirir ki, cavabdehin sonuncu məhkəmə iclasında verdiyi izahatlar öz-özlüyündə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh əvvəlcə iddiaçı ilə birgə nikahlarından dünyaya gəlmiş övladı - xx.xx.2018-ci il təvəllüdlü X4 bahalı hədiyyələr aldığını, uşağın tələbatlarını yüksək standartlara uyğun qarşıladığı bildirmiş, daha sonra isə iddia tələbini qəbul etməməsinə səbəb kimi maddi vəziyyətinin yaxşı olmamasını göstərmişdir. Beləliklə, müəyyən olunur ki, cavabdehin iddia tələbinə qarşı etirazının əsası yoxdur. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12.-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2049/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Ağdam Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 2(013)- 2049/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar