Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2958/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 1150 manat borc məbləğinin və 150 manat hüquqi yardım almaq üçün ödədiyi məbləğin, eləcə də 31,50 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bir yerdə şadlıq evində işləmişlər. Onu iş yoldaşı kimi tanımışdır. 1 ildən çox bir müddətdən əvvəl cavabdeh ondan 1150 manat məbləğində borc almışdır, 3 gün müddətində qaytaracağına söz versə də, bu günə qədər qaytarmamışdır. Cavabdehin borcunu onunla və qızı ilə olan “Whatsapp” yazışmaları təsdiq edir. Cavabdeh həmin “Whatsapp” yazışmalarında borcunu etiraf edir, buna baxmayaraq bu günə qədər borcunu qaytarmamışdır. Borcun alınmasına kömək edilməsi üçün borcun verildiyi “Florensiya" şadlıq sarayının yerləşdiyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət etsə də, müraciətinin nəticəsi olmamışdır, belə ki, polis şöbəsi ona məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Habelə cavabdehin polis şöbəsində verdiyi izahatın təqdim edilməsi ilə bağlı vəkil sorğusu göndərilsə də, həmin izahat vəkilə və ona təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin etiraf ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, İddiaçı Cavabdeh 1150 manat borc pul vermişdir. Bu tərəflər arasında olan “Whatsapp” yazışmaları və cavabdehin özü tərəfindən məhkəməyə ünvanlanmış etiraf ərizəsi ilə təsdiq olunur. Hazırda iddiaçı qeyd edilən 1150 manat borcdan heç bir ödənişin aparılmadığını bildirərək, borc verilmiş 1150 manat pulun və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 150 manat pulun məhkəmə qaydasında tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh əvvəlki məhkəmə iclaslarında iştirak etmiş və məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən borcunun olduğunu qəbul etmişdir. Həmçinin cavabdeh məhkəməyə yazılı ərizə təqdim edərək 1150 manat borcunun olduğunu etiraf etdiyindən, iddiaçı cavabdehə borc verdiyini sübut etmə vəzifəsindən azaddır. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin borcun etirafı haqqında ərizəsi qəbul edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 150 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 21.1 və 21.3-cü maddələrinə uyğun olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən isə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu, MPM-in 121.1-ci maddəsinin tələblərini, eləcə də hazırki işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilə ödənilmiş 150 manat pulun tutulması ağlabatan və ədalətlidir. Belə ki, mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 9 saylı vəkil bürosunun hesabına 150 manat pul ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməli və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 150 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 1150 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 150 manat və ödənilmiş dövlət rüsumuna görə 31,50 manat olmaqla, cəmi 1331,50 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 1150 manat, vəkilin göstərdiyi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 150 manat və ödənilmiş dövlət rüsumuna görə 31,50 manat olmaqla, cəmi 1331,50 (min üç yüz otuz bir manat, əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2958/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2958/2023
20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver