Məhkəmə qərarları › İş №2(005)-297/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-297/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-297/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqress qaydada pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı reqress qaydada pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04.09.2014-cü il tarixli, 480/f-14 saylı kredit müqaviləsi üzrə əsas borclunun əvəzindən ödənilən 9221,50 ABŞ dolları pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona müraciət edərək MASERATİ QUATROPORTE markalı, ağ rəngli, Ban №-si ZAMJK39B000061733, buraxılış ili 2011-ci il olan avtomobili kreditlə almaq istədiyini bildirmişdir. Bunun üçün tələb edilmiş sənədlər TuranBank ASC-yə təqdim edilmişdir. TuranBank ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh arasında bağlanmış 04.09.2014-cü il tarixli, 480/f-14 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18 % faiz olmaqla 30 ay müddətinə 46500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bankın “Binəqədi” filialı ilə Cavabdeh arasında 04.09.2014-cü il tarixli, 480/f-14 saylı ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə görə cavabdeh özünə məxsus olan MASERATİ QUATROPORTE markalı, ağ rəngli, Ban №-si ZAMJK39B000061733, buraxılış ili 2011-ci il olan dövlət nömrə nişanlı avtomobilini ipoteka ilə yüklü etmişdir. Girov müqaviləsinin qeydiyyatı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-dən alınmış AA № 124954 saylı Çıxarış Banka təqdim edilmişdir. Cavabdeh Bank qarşısında götürdüyü öhdəliklərini lazımınca icra etmədiyi üçün Bankla onun arasında bağlanmış 21.01.2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən o cavabdehin əvəzindən 10648.50 ABŞ dolları məbləğində pulu TuranBank ASC-ə ödəmişdir. Sonradan həmin ödənilmiş puldan 1427 ABŞ dolları borclu Cavabdeh tərəfindən ona ödənilmişdir. Bununla bağlı olaraq TuranBank ASC-ə müraciət edilmiş və Bankın “Binəqədi” filialı tərəfindən 06.07.2021-ci il tarixli, 428 saylı qalıq borca dair arayış təqdim edilmişdir. Ödəniş qəbzlərindən görünür ki, 10.04.2015-ci il tarixdə 1899 ABŞ dolları, 19.05.2015-ci il tarixdə 468 ABŞ dolları, 31.08.2015-ci il tarixdə 1888 ABŞ dolları, 22.09.2015-ci il tarixdə 1888 ABŞ dolları, 13.11.2015-ci il tarixdə 663 ABŞ dolları, 21.06.2016-cı il tarixdə isə 3842.50 ABŞ dolları onun tərəfindən 04.09.2014-cü il tarixli, 480/f-14 saylı kredit müqaviləsi üzrə AZ28TURA******************** saylı hesaba mədaxil edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin müddətin bərpa edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı tərəfindən ödənilən pulu təsdiq edən qəbzlər iş materiallarına əlavə edildiyindən və bilavasitə araşdırmanın predmetini təşkil etdiyindən həmin prosesin yekunlaşmasını gözləmək məcburiyyətində qalmışdır. Həmin qəbzlərdən biri də 3842 ABŞ dolları pulun ödənilməsi barədə olan qəbzdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən həmin qəbz üzrə ödəniş nəzərə alınmış və həmin məbləğ cavabdehin banka olan borcundan silinmişdir. Qeyd edilənlərə əsasən, ötürülmüş müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən 04.09.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən verilmiş pul tələbinə dair məhkəmə mübahisəsi ilə bağlı iddia müddətini 3 il tətbiq edərək, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bundan başqa Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, qeyd olunan kredit üzrə Cavabdeh 20554.06 ABŞ dolları əsas və 10171.36 ABŞ dolları faiz borcundan ödəniş etmiş, lakin sonradan ödənişləri həyata keçirə bilməmiş və bu səbəbdən "xxxx" ASC məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisəsi zamanı ona məlum olmuşdur ki, 21.06.2016-cı il tarixində banka 9842.50 ABŞ dolları ödəniş etsə də, bank onun 3842.50 ABŞ dolları ödədiyinə dair sənəd təqdim etmişdir. Bununla bağlı etiraz etdikdən sonra müvafiq ekspertiza keçirilmiş və ödədiyi 9842.50 ABŞ dolları ekspertiza rəyində əksini tapmışdır. İddiaçı 21.06.2016-cı il tarixdə ödəniş etməsinə dair qəbzin həqiqi məlumatları əks etdirmədiyi müəyyən edilmiş və həmin qəbz ödəniş məlumatlarına daxil ediməmişdir. Bundan başqa 19.05.2015-ci ildə guya ödədiyi 465 ABŞ dollar ödənişə dair məlumat da ekspertiza rəyində əks olunmamış. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qətnamə edilmiş borc məbləğində həmin qəbzə dair silinmə mövcud deyildir. 26.06.2016-cı ildə ödədiyi məbləğ onun hesabına deyil elə bank işçilərinin yönəldilməsi ilə başqa hesaba köçürülmüşdür. Ödədiyi 9842.50 ABŞ dollar məbləği bank işçiləri 9842.50 ABŞ dollar məbləği banka aid hesaba köçürərək daha sonra oradan 3842.50 ABŞ dollar məbləği götürüb İddiaçı adından onun hesabına ödəmişlər. Bu səbəbdən ekspertiza zamanı onun ödədiyi 9842.50 ABŞ dollar nəzərə alınmış, lakin iddiaçının 3842.50 ABŞ dollar ödənişi nəzərə alınmamışdır. Ödənişləri özü etmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; 13.07.2021-ci il tarixli DİN-in BPQMİ-nin MAPS arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" ASC-nin Binəqədi filialının 06.06.2021-ci il tarixli, 428 saylı arayışında qeyd edilmişdir ki, Cavabdeh 04.09.2014-cü il tarixli 480/f-14 saylı kredit müqaviləsinə əsasən 30 ay müddətinə illik 16 % olmaqla 46500 ABŞ dolları məbləğində kredit verilmişdir. Bankla İddiaçı arasında bağlanılmış 21.01.2014-cü il tarixli əməkdaşlıq müqaviləsinə əsasən həmin kreditin 9221,50 ABŞ dolları məbləğini müştərinin əvəzindən İddiaçı ödəniş etmişdir. “TuranBank“ ASC-nin 04.09.2014-cü il tarixli Zaminlik müqaviləsinin surətindən görünür ki, zamin İddiaçı "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış 04.09.2014-cü il tarixli, 480/f-14 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ödəniş qəbzlərinin surətindən görünür ki, 10.04.2015-ci il tarixdə 1899 ABŞ dolları, 19.05.2015-ci il tarixdə 468 ABŞ dolları, 31.08.2015-ci il tarixdə 1888 ABŞ dolları, 22.09.2015-ci il tarixdə 1888 ABŞ dolları, 13.11.2015-ci il tarixdə 663 ABŞ dolları, 21.06.2016-cı il tarixdə isə 3842.50 ABŞ dolları məbləğində vəsait 04.09.2014-cü il tarixli, 480/f-14 saylı kredit müqaviləsi üzrə AZ28TURA******************** saylı hesaba mədaxil edilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 21.01.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, müqaviləyə əsasən “bank” “satıcı” İddiaçı tərəfindən satılan avtomobillərin satışını müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə kreditləşdirilməsini, satıcı isə verilmiş kreditlərin təminatı olaraq həmin avtomobillərin müqavilə əsasında ipoteka kimi rəsmiləşdirilməsini, eyni zamanda avtomobillərin alınması üçün bank tərəfindən verilmiş kreditlərin qaytarılmasında bilavasitə köməklik göstərməyi və gələcəkdə alıcının bank qarşısında öhdəliklərini icra etməsinə görə məsuliyyəti öhdəsinə götür. Satıcı öhdəsinə götürür ki, avtomobillərin kreditləşməsi ilə əlaqədar alıcı tərəfindən öhdəliklər icra edilmədikdə borcların ödənilməsi ipoteka qoyulmuş əmlaklarla yanaşı satıcının bankda olan əmanət hesabındakı 20000 manat pul vəsaiti, həmçinin onun digər daşınar və daşınmaz əmlakları hesabına həyata keçiriləcəkdir. Xətai Rayon Məhkəməsinin 2(011)-190/2019 saylı, 09.12.2019-cu il tarixli qətnaməsində qeyd olunmuşdur ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13.06.2019-cu il tarixli, 13003 nömrəli məhkəmə ekspert rəyindən görünür ki, təqdim edilmiş "xxxx"ASC-nin Binəqədi filialının AZ28TURA******************** nömrəli hesabına “3842.50” ABŞ dolları ödənilməsi barədə 21.06.2016-cı il tarixli cari hesaba mədaxil üçün nömrəsiz qəbzdə və həmin filialın AZ19TURA******************** nömrəli hesabına “9842.50” ABŞ dolları ödənilməsi barədə 21.06.2016-cı il tarixli nömrəsiz qəbzdə olan möhür əksləri relyef klişe vasitəsi ilə vurulmuşdur. Həmin möhür əksləri öz aralarında eynilik təşkil edir. Tədqiq olunan qəbzlərdə olan əlyazma mətn və imzalar bir başa qələmlərlə icra olunmuşdur. Təqdim olunmuş qəbzlərin mətni elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda hazırlanmışdır. Xətai Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş Məhkəmə ekspertiza mərkəzinin 18.11.2019-cu il tarixli, 22190 saylı ekspert rəyindən görünür ki, 21.06.2016-cı il tarixdə 9842.50 ABŞ dolları ödəniş edilmişdir. Həmçinin 19.05.2015-ci il tarixdə 1899.71 ABŞ dolları ödəniş olunduğu qeyd edilmişdir. Xətai Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş Məhkəmə ekspertiza mərkəzinin 07.02.2019-cu il tarixli, 11693 saylı ekspert rəyindən görünür ki, 21.06.2016-cı il tarixdə 3842.50 ABŞ dolları ödəniş edilmişdir. Həmçinin 19.05.2015-ci il tarixdə 1899.71 ABŞ dolları ödəniş olunduğu qeyd edilmişdir. 21.06.2016-cı il tarixli ödəniş qəbzin surətindən görünür ki, AZ19TURA******************** nömrəli hesaba 9842.50 ABŞ dolları ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh 04.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin olmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra edə bilməmiş və bu səbəbdən bank tərəfindən məhkəmədə iddia qaldırılmışdır. Hazırda iddia cavabdehin kredit borcu üzrə müəyyən ödənişləri onun tərəfindən edildiyini iddia edərək, reqress qaydada pul məbləğini tələb etməkdədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın əsassız olduğunu qeyd etmiş və həmçinin iddia müddətinin tətbiq edilməsini xahiş etmiş, iddiaçının nümayəndəsi isə ötürülmüş müddətin bərpasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.4-cü maddəsində göstərilir ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqress qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətl ərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına, axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi, iddiaçı cavabdehin bank qarşısında kredit müqaviləsi üzrə zamin olmuş və cavabdeh kredit müqaviləsi üzrə öhdəliyin lazımi qaydada icra edə bilməmişdir. İddiaçı zamin olduğundan kredit müqaviləsi üzrə ödənişlər etmişdir. Son ödənişin 2016-cı ilin iyun ayında olmasından iddiaçının tam olaraq xəbəri olmuşdur. Buna baxmayaraq, iddia ərizəsi 30.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş, poçtla göndərilmənin daha əvvələ aid olduğunu təsdiqləyən sübutlar təqdim edilməmiş, ötürülən müddət ərzində borcun qaytarılması məhkəmədə mübahisələndirməmişdir. İddiaçı tərəf məhkəməyə təqdim etdiyi müddətin bərpa edilməsinə dair ərizəsində bank tərəfindən hazırki cavabdehə qarşı iddia qaldırıldığından, onun tərəfindən edilmiş ödənişlərə dair qəbzlər qeyd olunan iddia üzrə məhkəmə mübahisəsində araşdırıldığından qəbzləri əldə edə bilmədiyini qeyd edərək, müddətin bərpasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 382-ci maddəsinə əsasən, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı 2016-cı ilin iyun ayında son ödənişin olduğunu bilmiş və bank tərəfindən Cavabdeh qarşı iddia 2019-cu il tarixdə məhkəməyə verilmişdir. 2016cı ildən 2019-cu ilədək iddiaçı tərəfindən cavabdehə qarşı məhkəmədə iddia yetəri qədər zaman olsa da, iddia qaldırmamışdır. Həmçinin qeyd olunan müddət ərzində iddiaçı cavabdehə qarşı reqress qaydasında iddia qaldırmaq və məhkəmə araşdırması zamanı ödəniş qəbzlərinin alınması üçün vəsatət verə bilər və yaxud bankın Cavabdeh qarşı iddiası üzrə yekun məhkəmə aktı çıxarılıb qüvvəyə minənədək icraatın dayandırılmasına dair vəsatət vermək imkanı olmuşdur. Müddətin ötürülməsinin üzrlü sayılması üçün hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı məhkəməyə müraciət edərkən müqavilə tələbləri üzrə üç illik iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı reqress qaydada pul tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar