Məhkəmə qərarları › İş №2(005)-2979/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2979/2020

24.08.2020 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2979/2020 24.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X3 Sosial Ödənişlərin X2, Cavabdeh2 kiçik Müəssisəsinə qarşı əlilliyə görə əmək pensiyası təyin edilməsinə dair iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X3 Sosial Ödənişlərin X2, Cavabdeh2 kiçik Müəssisəsinə qarşı iddia ərizəsi ilə Cavabdeh2 KM-də işlədiyi dövrə görə fərdi hesabın sığorta hissəsində qeydə alınmamış pensiya kapitalına görə ödənişlər edilməsinə və 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsinə dair qərar çıxararılmasını xahiş etmişdir. İddia ərizəsini (ərizəni) nəzərdən keçirərək məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, hazırkı iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina olunmalıdır. İddia ərizəsinin məzmunundan isə aydın olur ki, iddiaçının iddiası mahiyyət etibarilə inzibati xarakterli olmaqla tamamilə inzibati hüquq münasibətlərindən qaynaqlanmaqdadır. İddia ərizəsindən görünür ki, iddiaçı inzibati orqan olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X3 Sosial Ödənişlərin X1 pensiya təyin edilməsini tələb etməkdədir və mübahisə inzibati hüquq münasibətlərindən irəli gələn mübahisədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilən qanunvericilik aktı normasına əsasən iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsində göstərilən tələb üzrə icraatın başlanılmasının qeyri-mümkünlüyü başa düşülür. Odur ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı mülki iş mülki iş ümumi yurisdiksiyalı məhkəməyə aid deyildir. Buna görə də mülki iş aidiyyatı üzrə inzibati məhkəmədə baxılmalıdır. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati mübahisələrin dəqiq dairəsi göstərilmişdir. Həmin Məcəllənin 2.2.3-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1 və 1.2-ci maddələrinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən isə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Qanunvericiliyin mənasına görə inzibati məhkəmələr inzibati hüquq münasibətləri ilə əlaqədar mübahisələrə baxırlar və inzibati hüquq münasibətlərinin subyektiv tərkibi inzibati orqan və maraqlı şəxsdən ibarət olmalıdır. Yaranmış məhkəmə aidiyyəti ilə bağlı mübahisənin aydınlaşdırılması üçün məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bir qrup hüquq normaları ümumi əhəmiyyətli ictimai mənafe ilə bağlı məsələləri, digər qrup isə fərdlərin şəxsi maraqları ilə əlaqəli münasibətləri nizama salır. Ümumi (publik) hüquq sahəsinə daxil olan normalar bilavasitə dövlət mənafeyini qoruyur, dövlətin və onun qurumlarının hüquqi vəziyyətini, fəaliyyət qaydasını müəyyənləşdirir. Xüsusi hüquq sahəsindən fərqli olaraq ümumi hüquq münasibətlərinin subyektləri hüquq bərabərliyinə malik deyillər, bir tərəfin digəri üzərində əvvəldən üstün mövqe ilə çıxış etdiyi bu münasibətlər hakimiyyət (iyerarxiya, tabeçilik) prinsipinə əsaslanır. Ümumi hüquq münasibətlərinin ən əsas formal əlaməti həmin münasibətlərdə heç olmasa bir tərəfdə publik hakimiyyətin agenti, yəni publik funksiyaların daşıyıcısı kimi subyektin iştirakı hesab olunur. Məhkəmə iddiaçıya izah edir ki, hazırkı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X3 Sosial Ödənişlərin X2, Cavabdeh2 Kiçik Müəssisəsinə qarşı əlilliyə görə əmək pensiyası təyin edilməsinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar