Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2994/2025 28.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi; müqavilənin etibarsızlığı) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 18.800 manat əsas borcun və 6.223,00 manat əldən çıxmış fayda olmaqla, cəmi 25.023,00 manatın tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə yaxın qohumu vasitəsilə tanış olmuşdur. Aralarında ədavət, düşmənçilik olmamışdır. 2017-ci ilin aprel ayının əvvəllərində ev, mənzil məsələlərinin həlli ilə bağlı cavabdeh iddiaçıdan beş il müddətinə 30.000 manat məbləğində borc pul istəmişdir və iddiaçı da ona yalnız iki il müddətinə ve cəmi 20.000 manat məbləğində borc pul verə biləcəyini və bunun da notariat kontorunda rəsmi müqavilə bağladıqdan sonra edəcəyini demişdir. Cavabdeh bir neçə gün sonra gəlib onun təklifi ilə razılaşdığını bildirmiş və onlar xx.xx.2017-ci il tarixdə 9 saylı Dövlət Notariat Kontorunda aralarında Kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən o, 20.000 manatı cavabdehə Notarius vasitəsilə vermiş və cavabdeh də xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı ödhəsinə götürmüşdür. Cavabdeh ona olan borcundan hissə-hissə olmaqla, cəmi 1.200 manat qaytarsa da, qalan hissəsini bu günədək qaytarmamışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə, 200 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 200 manat pulu qohumu vasitəsilə qaytarmışdır. Cavabdeh hər dəfə görüşüb əlaqə saxlayarkən işlərini həll edəndən sonra borcunu tam ödəyəcəyini və əlavə hörmət də edəcəyini bildirsə də, 2025-ci ilin yanvar ayından sonra ümumiyyətlə telefon zənglərinə də cavab verməmiş və qalan 18.800 manat məbləğində borcunu ödəməkdən yayınmışdır. Eyni zamanda bildirir ki, cavabdeh borcunu könüllü olaraq qaytarmadığından, ona əlavə maddi və mənəvi zərər vurmuşdur. Cavabdehin qanunsuz istifadəsində qalan və tələb etdiyi pul vəsaiti onun mülkiyyətidir və həmin pul vəsaitini də cavabdehdən tələb etmək iddiaçının haqqıdır. Hazırda cavabdehin ona 18.800 manat əsas borcu qalmışdır və iddiaçı cavabdehdən həmin borcunu ödəməsini tələb edir. Cavabdehə pretenziya göndərərək borcun qaytarılmasını xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. II. Tərəflərin mövqeləri: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, şahid Elxan Süleymanlı təsdiq etdi ki, bəli notariusda pul alınıbverilib. Eyni zamanda, cavabdeh bildirir ki, Elxan Süleymanlı onun mülki iş üzrə vəkili olub, onunla bağlı aralarında münasibətlər yaranmışdır. Qeyd etdikləri əməli etmədiklərini bildirsə də, bu hal sübut olunmamışdır. Həqiqətən o, vəkil kimi çıxdığı işləri cavabdehin xeyrinə həll etmişdir. Şahid iddiaçının doğma əmisi olub, bir növ pulun alınıbqaytarılmasında zəmanətçi kimi çıxış edib. Pulun müəyyən hissəsi, hardasa 1/3 hissəsi cavavbdeh tərəfindən qaytarılmışdır. Ancaq cavabdeh bildirir ki, onların heç bir əlaqəsi olmayıb. Təqdim etdikləri yazışmalarda, telefon danışıqlarında, səs yazılarında isə təsdiq olunur ki, həmin pulun qaytarılması ilə bağlı Elxan Süleymanlı ilə cavabdeh görüşüblər. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, 2019-cu ilə qədər işləyib, hər ay 900 manat maaş alıb. Onun iddiaçının puluna ehtiyacı olmayıb. İddiaçı ona bildirmişdir ki, imkanı var ki, şirkətin direktoru ilə danışıb, ona artıq kvadratla mənzil və qaraj yazdıra bilər. Təklif etmişdir ki, müqavilə yazsınlar və elə bil iddiaçı cavabdehə 20.000 manat pul veribdir. O, iddiaçıdan pul almamış və qaytarmamışdır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddiaçının iddiasının əsaslarını təsdiq edən sübutları yoxdur. Nə pulun verilməsi, nə də pulun istənilməsi öz təsdiqini tapmır. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddiaya dair etiraz ərizəsi ilə müraciət edərək, irəli sürülmüş tələblərin hər hansı bir hüquqi əsası yoxdur və irəli sürülmüş tələblər tamamilə əsassızdır. Belə ki, İddiaçıla Cavabdeh arasında hər hansı bir borc münasibətləri olmamış və iddiaçı tərəfindən cavabdehə hər hansı bir məbləğdə borc verilməmişdir. Ümumiyyətlə iddiaçı ilə cavabdeh arasında hər hansı bir münasibət mövcud olmamış, iddiaçı cavabdehi yalnız müqavilə bağlanarkən notariusda görmüşdür. Həmin vaxtdan sonra isə onların arasında hər hansı bir əlaqə olmamışdır. İddiaçı vəkil X4 yaxın qohumudur (bacısı oğludur). Cavabdeh ilə vəkil E.Süleymanlı arasında "xxxx" MMC-nin cavabdeh olduğu işlə əlaqədar hüquqi yardımla bağlı müqavilə bağlanılmışdır. Belə ki, ünvan 1 ünvanında Cavabdeh məxsus mənzil olmuş və "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən həmin mənzil "xxxx" MMC tərəfindən sökülərək, həmin ərazidə tikiləcək çoxmərtəbəli binadan Cavabdeh yeni mənzil və qaraj verilməsi razılaşdırılmışdır. Həmin vaxt vəkil E.Süleymanlı Cavabdeh bildirmişdir ki, guya o, "xxxx" MMC ilə N. Talıbzadə arasında bağlanmış müqavilədə nəzərdə tutulduğundan artıq sahəyə malik' mənzilin və qarajın tezliklə əldə edilməsinə nail olacaqdır və bunun müqabilində ona 20.000 manat verilməlidir. N. Talıbzadə ona 20.000 manatının olmadığını bildirdikdə isə, E. Süleymanlı ona qohumu ilə notariusda formal borc müqaviləsi bağlamasını, üzərinə götürdüyü öhdəliyi yerinə yetirdikdən sonra isə N. Talıbzadənin ona 20.000 manat pulu ödəməsini bildirmişdir. İddiaçıla Cavabdeh arasında bağlanmış borc müqaviləsi məhz bu məqsədlə bağlanılmış, əslində isə yuxarıda da qeyd etdiyi kimi Cavabdeh hər hansı bir məbləğdə borc verilməmişdir. Bu fakt isə hesab edir ki, Kredit Müqaviləsi üzrə notariat işinin tələb edilməsi ilə daha da aydın olar. Onu da qeyd etmək istəyir ki, vəkil X6 üzərinə götürdüyü öhdəliyi də yerinə yetirməmiş, bir müddət sonra Cavabdeh başqa bir vəkillə hüquqi yardımla bağlı müqavilə bağlamış və nəticədə yalnız müqavilədə nəzərdə tutulmuş sahəyə malik mənzil və qarajın verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Borc verən İddiaçı ilə Borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 20.000 manat borc pul verir və borc alan krediti xx.xx.2019-cu il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmişdir. - Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı məcburi köçkündür. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ona olan 18.800 manat borcun Cavabdeh tərəfindən geri qaytarılmasını, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - xx.xx.2025-ci il tarixli 68/25 saylı aktdan görünür ki, pretenziya məktubu Cavabdeh çatdırılmamışdır. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 070 nömrəli xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, MMC ünvan 2 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 5-ci mərtəbəsindən (orta blokdan, X11 ilə qonşu olmaqla) daşınmaz əmlakın mülkiyyətçisinə əmlakın faktiki sahəsindən 20 faiz miqdarında əlavə, yəni ümumi sahəsi 62 kv.metr təmirli, 2 otaqlı mənzili Cavabdeh mülkiyyətinə verməyi, sonuncu isə mənzili qəbul etməyi öhdəsinə götürür. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5516/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçılar X11 və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3649/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni mənəvi zərərin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qərar qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 1.000 manat mənəvi zərərin tutularaq iddiaçı X8 və 1.000 manat mənəvi zərərin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan həmçinin görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-106/2022 nömrəli iş üzrə 03 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh "xxxx" MMC (MTK) ilə X11 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 069 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində (orta blokdan – Cavabdeh qonşu olmaqla) ümumi sahəsi 81,0 kv.metr olan təmirli, 3 (üç) otaqlı mənzilin X1 və istifadəsinə (mülkiyyətinə) verilməsi, cavabdeh "xxxx" MMC (MTK) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 070 nömrəli müqaviləyə əsasən , "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən (orta blokdan X8 qonşu olmaqla) ümumi sahəsi 62,0 kv.metr olan təmirli ikiotaqlı mənzilin Cavabdeh sahiblik və istifadəsinə (mülkiyyətinə) verilməsi, həmçinin, "xxxx" MMC (MTK) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 0.71 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC tərəfindən ünvan 3 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1ci (minus birinci) mərtəbəsində yerləşən, hər birinin sahəsi 24 (iyirmi dörd) kv.metr olan, 2 (iki) ədəd (cəmi 48 kv.metr) təmrili qarajların Cavabdeh sahiblik vəstifadəsinə (mülkiyyətinə) verilməsi öhdəliyi "xxxx" MTK-nın üzərinə qoyulması, 2020- ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 8.000 (səkkiz min) manat kirayə haqqı, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 8.340 (səkkiz min üç yüz qırx) manat məbləğində pul cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçı X8 ödənilməsi, 2020-ci ilin sentyabr ayından 2021-ci ilin dekabr ayınadək ödənilməmiş 6.400 (altı min dörd yüz) manat kirayə haqqının, hüquqi yardıma görə ödənilmiş 310 (üç yüz on) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pul, cəmi 6.740 (altı min yeddi yüz qırx) manat məbləğində pul "xxxx" MTKdan tutuluraq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. -Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3649/2022 nömrəli iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Məhkəmə tərəfindən Bakı şəhəri 9 saylı Notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 3M/392 nömrəli kredit müqaviləsi üzrə kassa-mədaxil və kassa-məxaric orderlərinin təsdiq edilmiş surəti Bakı şəhəri 9 saylı Notariat ofisindən sorğu əsasında tələb edilmiş, verilmiş sorğuya əsasən cavab məktubuna əlavə edilmiş qəbzin surətindən görünür ki, Talıbzadə adlı şəxs tərəfindən 1 manat xidmət haqqı və 92 manat notariat haqqı ödənilmişdir. - İddiaçı tərəfindən X6 (hazırkı iş üzrə şahid qismində dindirilmişdir) ilə Cavabdeh arasında olan “WhatsAPP” yazımalarının ekran görüntülərindən görünür ki, tərəflər arasında hüquqi yardımla, məhkəmə prosesləri və s. barədə yazışmalar vardır. Cavabdeh yazılarında pulun geri qaytarılacağı barədə heç bir məlumat yoxdur. Yazışmalarda qarşı tərəfdən göndərilən iki səsli mesaj vardır. - İddiaçı tərəfindən təqdim edilən flash card’da olan səsli mesajlardan görünür ki, X4 (hazırkı iş üzrə şahid qismində dindirilmişdir) cavabdehə göndərilmiş kimi təqdim etdiyi 8 ədəd səsli mesajın məzmunundan görünür ki, X2 Talıbzadəyə bayram təbriki, hüquqi xidmətlər, məhkəmə prosesləri, onun göstərdiyi hüquqi yardıma görə xidmət haqqının ödənilməsi ilə bağlı səslər göndərmişdir. Səslərdən birində “AUDİO-2025-11-11-16-28-02” adlı faylda olan səsdə isə bildirir ki, “sizə qardaşım oğlundan tapıb pul verdim, neçə ildir pulu qaytarmırsız, pulu qaytarın”. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Cavabdeh "xxxx" MMC-yə qarşı mülki işində vəkili olmuşdur. İddiaçı isə onun qardaşı oğludur. MTK xanımın yaşadığı yerdə binanı söküb, yeni bina tikməli idi. Binada 31 ailə vardı. Sonradan xanımdan başqa hamısı müqavilə bağlamışdır. Xanımın maddi vəziyyəti və evi aşağı səviyyəli idi. Lobarant işləyirdi. Qardaşı da müəllim işləyib. Xanımın ailə məsələləri, pay məsələləri və polislə bağlı problemlərində ona köməklik etmiş və ailə üzvü kimi olmuşdur. Xanım ona deyirdi ki, qalmağa yerləri yoxdur. MTK aylıq kirayə haqqını gecikdirirdi. Xanım kredit istədi ki, problemlərini həll etsin. O, onun səmimiyyətinə və sadəliyinə inanıb qardaşı oğlu ilə danışıb və qardaşı oğlu cavabdehə xanıma 20.000 manat kredit borc vermişdir. Qardaşı oğlunun özünün biznesi var və cavabdehi tanımırdı. Cavabdeh pul vəsaitini 2019-cu ilin avqust ayına qədər qaytarmalı idi. Cavabdeh ümumi məbləğdən az bir hissəni, 4 aya 1300 manat ona qaytarmışdır. Hər dəfə cavabdehə pulun ödənilməsini bildirdikdə, müxtəlif səbəblər göstərirdi. Pulun geri qaytarılması üçün o, cavabdehə səs atırdı, cavabdeh isə heç vaxt ona danışığında müəyyən problemlər olduğu üçün səs atmırdı, ancaq mesaj yazırdı. Xanımı müqavilə bağlamaq üçün notariusa da o aparmışdır. Müqavilə bağlanan zaman cavabdehi 4 ay idi ki, tanıyırdı. Ödəyəcəyinə dair zəmanət vermişdi və o da cavabdehə inanmışdır. Sonradan mülki işlə bağlı vəkili hazırkı iş üzrə vəkil olan Altay bəy olmuşdur. İddiaçı onun sözü ilə cavabdehə pul verdiyi üçün cavabdehdən pulu da özü tələb edirdi. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat ofisində kredit müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən iddiaçı cavabdehə 20.000 manat kredit pul vəsaiti verməyi, cavabdeh isə həmin pul vəsaitini 2019-cu ilin avqust ayının 1-nə kimi qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı bildirir ki, müqavilə üzrə cavabdehə verilmiş vəsaitinin 18.800 manat hissəsini cavabdeh bu günə qədər qaytarmamışdır. Cavabdeh isə bildirir ki, iddiaçı ilə aralarında belə bir kredit müqaviləsi bağlansa da, lakin müqavilə formal olaraq bağlanmış, həmin müqavilə üzrə ona heç bir pul vəsaiti verilməmiş və bu müqavilə üzrə o, heç vaxt ona pul geri qaytarmamışdır. İddiaçı müqavilənin bağlanmasının məqsədi olaraq göstərir ki, onun əmisi hazırkı iş üzrə şahid qismində dindirilmiş X6 cavabdehə pul verməsi üçün ona müraciət etmiş, o da cavabdehə 20.000 manat pul vermişdir. Cavabdeh isə müqavilənin bağlanma məqsədi olaraq göstərir ki, o, iddiaçını həmin dövrdə vəkili olan X6 vasitəsilə tanımışdır. Sonuncu ona bildirmişdir ki, imkanı var ki, MTKnın direktoru ilə danışıb ona daha böyük mənzil və dayanacaq sahəsi verilməsini təmin edə bilər. Buna görə aralarında qeyd olunan kredit müqaviləsini bağlamağa onu razı salmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında yaranmış mübahisə 13 aprel 2017-ci il tarixli kredit müqaviləsindən irəli gəlir. Belə ki, iddiaçı həmin müqavilə əsasında cavabdehə 20000 manat məbləğində borc pul verdiyini, cavabdehin həmin pul məbləğini qaytarmadığını iddia edir və həmin pul məbləğini əldə çıxmış fayda ilə birlikdə cavabdehdən tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan pul vəsaitini tələb etmək hüququnun 13 aprel 2017-ci il tarixli kredit müqaviləsindən irəli gəldiyini iddia etdiyindən həmin əqdin etibarlılığı məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləştirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmçinin qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd gösdərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, «müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.” İddiaçı tərəfindən sübut olaraq verilmiş X6 ilə cavabdeh arasında olan yazışmalar və səsli mesajlardan tərəflər arasında hər hansı pul münasibətlərinin olması görünmür. X3 cavabdehə göndərdiyi “AUDİO-2025-11-11-16-28-02” adlı faylda olan səsdə isə bildirir ki, “sizə qardaşım oğlundan tapıb pul verdim, neçə ildir pulu qaytarmırsız, pulu qaytarın”, bu mesaja isə cavabdeh tərəfindən hansı cavab verilməsi müəyyən edilmir. Ümumiyyətlə qeyd olunan səs flash carda köçürülməklə məhkəməyə təqdim edilsə də, həmin səsin hansı şəraitdə və tarixdə, kimə göndərilməsi naməlumdur. Bununla yanaşı, cavabdehin iddiaçıya borcunu ödəməsi məqsədi ilə pul verməsi də işin hər hansı sübutu ilə öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, mübahisəyə baxarkən məhkəmə hüquq və fakt haqqında məsələləri həll etməlidir. Bu o deməkdir ki, məhkəmə iddiaçının pozulduğunu iddia etdiyi hüququn həqiqətən pozulub-pozulmadığını, əgər hüququ həqiqətən pozulubsa, həmin hüququn məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində pozulub-pozulmadığını müəyyən etməlidir. Hazırda iddiaçı ilə cavabdeh arasında mövcud kredit müqaviləsi olmasına baxmayaraq, kredit müqaviləsi üzrə nəzərdə tutulan pulun həqiqətən cavabdehə verilməsini təsdiq edən hər hansı sübut, pulun notariusun depozit hesabına qoyulmasını və cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən sənəd (məxaric qəbzi) yoxdur. Bununla bağlı məhkəmə tərəfindən Bakı şəhəri 9 saylı Notariat ofisində bağlanmış xx.xx.2017-ci il tarixli 3M/392 nömrəli kredit müqaviləsi üzrə kassa-mədaxil və kassaməxaric orderlərinin təsdiq edilmiş surəti Bakı şəhəri 9 saylı Notariat ofisindən sorğu əsasında tələb edilmiş, verilmiş sorğuya əsasən cavab məktubuna əlavə edilmiş qəbzdə yalnız “Talıbzadə” adlı şəxs tərəfindən 1 manat xidmət haqqı və 92 manat notariat haqqı ödənilməsi qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsinin notariat qaydasında bağlanması pul vəsaitinin faktiki olaraq borcalana verildiyini sübut etmir. İş materiallarında pulun verilməsini təsdiq edən bank sənədi, kassa məxaric orderi və ya notariusun depozit hesabına dair çıxarış mövcud deyil. Məhkəmə hesab edir ki, pulun faktiki olaraq iddiaçı tərəfindən verilməsini və cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən sənəd olmalıdır. Nəzərə alsaq ki, müqavilənin predmeti olan pul məbləği kifayət qədər yüksəkdir. Məhkəmə tərəfindən pulun faktiki olaraq iddiaçı tərəfindən verilməsini və cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən sübut müəyyən edilməmişdir. İddiaçının bildirdiyi hallar bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə həqiqətən 20.000 manat pulun verilməsi məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, iddiaçının 18.800 manat əsas borcun tutulması tələbi və ona hesablanmış 6.223,00 manat əldən çıxmış faydaya görə borcun ödənilməsi barədə digər tələbləri təmin edilməməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbərliyinin aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırda məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Belə olan halda yaranmış mübahisədə iddiaçının tələbinin əsaslı olması, habelə hazırda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı təsdiq olunmur. Beləliklə məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış 13 aprel 2017-ci il tarixli kredit müqaviləsinin formal olaraq bağlanması, tərəflər arasında borc münasibətlərinin olması, müqavilə əsasında kreditor tərəfindən borcalana hər hansı bir məbləğdə borc pul verilməsi halı sübuta yetirilmədiyindən bağlanmış kredit müqaviləsi etibarsız əqddir. Məhkəmə xüsusilə qeyd edir ki, müqaviləyə əsaslanan tələbə baxılarkən, həmin müqavilənin etibarlı olub-olmamasına hüquqi qiymət verilməli olması qanunvericiliyin imperativ tələbi olduğundan, bu məhkəmə tərəfindən iddia tələbindən kənara çıxma hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. -218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsaəsn, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı məcburi köçkündür (vəsiqə № 183231). Digər tərəfdən hazırki iddia tələbi rədd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olmaqla dövlət rüsumu ödənilməsindən azad olunduğundan, onun tələbi isə rədd edildiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı - Cavabdeh ona olan 18.800 manat əsas borcun və 6.223,00 manat əldən çıxmış fayda olmaqla, cəmi 25.023,00 manatın tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh ona olan 18.800 manat əsas borcun və 6.223,00 manat əldən çıxmış fayda olmaqla, cəmi 25.023,00 manatın tutularaq, ona ödənilməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-2994/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2994/2025
28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver