Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3008/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öhdəlikləri yerinə yetirmədiyinə görə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 3800 (üç min səkkiz yüz) manat verdiyi məbləğ, 1000 (min) manat məhkəmə xidmətləri və 30 (otuz) azn dövlət rüsumu, cəmi 4800 (dörd min səkkiz yüz) manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o İddiaçı Təvəkkül oğlu 29.08.2020-ci il tarixdə Abşeron rayonunda yerləşən “GÖZƏL EVİM” mebel salonundan “Leksus” divan, yataq və qonaq dəsti mebeli sifariş verdi. İlkin olaraq mağazada işləyən satıcı qıza 1000 (min) manat da beh verdi. Bu əşyaların qiyməti cəmi 4000 (dörd min) manat təşkil edirdi. Satıcı yerdə qalan 3000 (üç min) manatı mebellər hazır olduqdan sonra verməli olduğunu bildirdi və verdiyi 1000 (min) manat ilə bağlı qaimə fakturası (Nöm: 0161697) nömrəsi ona təqdim edildi. Satıcı qeyd etdi ki, onun mebelləri sentyabr ayının 15-i hazır olacaq və o 2800 (iki min səkkiz yüz) manatı həmin tarixdə ödəyəcəkdir. Yerdə qalan 200 (iki yüz) manatı isə mebellər iddiaçının evində qurlaşdırıldıqdan sonra ödəyəcəkdir. Sonra satıcı qız ona öz mobil nömrəsini, mağazanın nömrəsini və mağaza sahibi olan Cavabdeh2 mobil nömrəsini verdi. Bir müddət keçdikdən sonra 15.09.2020-ci il tarixdə “GÖZƏL EVİM" mebel mağazasının sahibi Cavabdeh2 onun mobil telefonuna zəng vuraraq, pulun qalan hissəsini yəni 2800 (iki min səkkiz yüz) manatı verməyini bildirdi. Eyni zamanda qeyd etdi ki, onlar Xəzər rayonundadır, iddiaçı ilə görüşüb onların yerdə qalan məbləğini versinlər, sabah iddiaçının mebelləri ünvanına çatdırılacaq. Bundan sonra o Cavabdeh2 və yanında gələn Cavabdeh3 adlı şəxs ilə görüşdü. O yerdə qalan 3000 (üç min) manatdan 2800 (iki min səkkiz yüz) manatı Cavabdeh2 ödədi.Yerdə qalan 200 (iki yüz) manatı isə sabahısı günü mebel quraşdırıldıqdan sonra ödəyəcəkdi. Ödədiyi məbləğ ilə bağlı Cavabdeh3 məxsus möhürlə qaimə fakturası yazılaraq ona təqdim edildi və ondan pulu alandan sonra bu şəxslər çıxıb getdilər. 16.09.2020-ci il tarixdə o Cavabdeh2 zəng etdi, telefona zəng çatmadı. Və bundan sonra mağazada işləyən satıcıya zəng etdi, satıcı ona bildirdi ki, bir gün səbrli olun, sabah mütləq mebellər iddiaçıya çatdırılacaq. Sabahı gün yenidən mağazada işləyən satıcı qıza zəng etdi, cavabında o, iddiaçıya Əziz adlı şəxsin nömrəsini verdi və mağazadan işdən çıxdığını bildirdi. O, Əziz adlı şəxsə zəng etdi, o da ona bir həftə səbrli olmağı bildirdi. Bir həftə keçdikdən sonra o, yenidən Əziz adlı şəxsə zəng vurdu. O, iddiaçıya bildirdi ki, mağazanın sahibi Cavabdeh2 dələduzdur, get ondan pulunu al. Bundan sonra bir neçə dəfə “GÖZƏL EVİM” mebel mağazasına getsə də, ona nə mebelini, nə də pulunu qaytardılar. Hər dəfə ona yalan vədlər verərək aldatdılar. Sözügedən məsələ ilə bağlı Xəzər rayon 2-ci Polis şöbəsinə müraciət etsə də, mülki iş olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. O hesab edir ki, cavabdehlər ona həm maddi, həm də mənəvi ziyan vurublar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, onun təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, bildirdi ki, o cavabdeh qismində cəlb edilməli deyildi. Burda əsas cavabdeh Səbuhi adlı şəxsdir. İddiaçı ona pul verməmişdir. İddiaçı pulu Səbuhi adlı şəxsə vermişdir və ondan tələb etməlidir. O, mebel sexində işləyir. Mağazalar onlardan mebellər sifariş edir və onlar da hazırlayıb təqdim edir. Səbuhi də mebel mağazasının sahibidir. Onun Səbuhi ilə tanışlığı belə yaranmışdır. Səbuhi ona sifarişi və pulu verməlidir ki, o mebeli hazırlayıb müştəriyə təqdim etsin. İddiaçı isə mebelləri ondan tələb edir. Onun iddiaçı ilə arasında heç bir razılaşma əldə ediməmişdir. O iddiaçıdan nə pul nə də sifariş almayıb. Mebelləri ona necə təqdim edə bilər ?!. Hüseyn də cavabdeh kimi cəlb edilmişdir. Onun da bu işlə heç bir əlaqəsi yoxdur. Burda pulu geri qaytarmayan və vətəndaşı aldadan Səbuhi adlı şəxsdir. İddiaçı pulu ondan tələb etməlidir. İddiaçı pulunu alandan sonra ona mebel sifarişi ilə müraciət etsə, o iddiaçının sifarişlərini hazırlayaraq ona təqdim edə bilər. Cavabdehlərə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı X2 mağazasına (qəbzlərdə “Gözəl Evim” mebel mağazası qeyd olunub) mebel hazırlanması üçün sifariş vermişdir. “Gözəl Evim” mebel mağazasının ******* nömrəli Qaimə Fakturasının əslindən görünür ki, mebellərin sifarişi ilə əlaqədar İddiaçı tərəfindən “Gözəl Evim” mebel mağazasına ödənilməli olan 4000 manat pul vəsaitindən 1000 manat həcmində beh ödənilib. “Gözəl Evim” mebel mağazasının ******* nömrəli Qaimə Fakturasının əslindən görünür ki, mebellərin sifarişi ilə əlaqədar İddiaçı tərəfindən “Gözəl Evim” mebel mağazasına ödənilməli olan 4000 manat pul vəsaitindən cəmi 3800 manat həcmində ödəniş edilmiş, 200 manat qalıq qalmışdır. “Elektron məhkəmə” sistemindən əldə edilmiş çıxarışın surətindən görünür ki, Cavabdeh2 vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, mebellərin və ev üçün oxşar məmulatların təmiri fəaliyyət istiqamətidir, X2 mağazası fəaliyyət obyektinə daxildir. “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 20.11.2020-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hazırki mübahisə ilə əlaqədar ilk növbədə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddiasının qanuni əsasını şifahi formada bağlanmış podrat müqaviləsi təşkil edir. Belə ki, mübahisədən görünür ki, iddiaçı mebel mağazasına yaxınlaşaraq, ona mebel hazırlanmasını sifariş vermiş, hətta mebellərin hazırlanması üçün iddiaçıdan 1000 manat beh də alınmışdır. Bu baxımdan məhkəmə qeyd edir ki, Mülki Məcəllənin müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. (AR MM-nin 389.1-ci, 430.1-ci, 752-ci, 756.1-ci, 759.1-ci, 759.2-ci və 769-cu maddələri) Məhkəmə qeyd edir ki, hazırda iddiaçı Cavabdeh2 ilə digər cavabdehlərin də onun qarşısında şifahi müqavilə üzrə öhdəlik daşıdıqlarını iddia edir, lakin məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış şifahi podrat müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı mebel hazırlanması üçün sifarişi X2 mağazasına (qəbzlərdə “Gözəl Evim” mebel mağazası qeyd olunub) vermiş, tələb etdiyi pul vəsaitini də həmin mağazaya ödəniş etmişdir. Belə olan halda işin halları ilə digər cavabdehlərin hazırki mübahisəyə aidiyyəti müəyyən edilmir. Bundan əlavə ******* nömrəli Qaimə Fakturadakı möhür Cavabdeh3 adına olsa da 3800 manat məbləğində pulun sonuncuya verilməsi halı sübut olunmur. Bu səbəbdən də məhkəmə iddia tələbini Cavabdeh2 münasibətdə əsaslı hesab edərək, digərlərinə münasibətdə iddianın təmin edilməməsini qanuni və ədalətli hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsi üzrə hesab edir ki, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək mebellərin pulunu tam ödəməklə öhdəliyini yerinə yetirmiş, lakin sonuncu tərəfindən podrat müqaviləsi üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilməmiş, nəticə etibarilə sifariş verilmiş mebellər iddiaçıya təhvil verilməmişdir. Məhkəmə araşdırması zamanı sübuta yetmişdir ki, hazırda İddiaçı Cavabdeh2 sahibi olduğu mebel mağazasına 3800 manat məbləğində pul ödəmişdir. Beləliklə, şifahi müqavilə üzrə Cavabdeh2 3800 manat məbləğində borcu mövcuddur. Həmin məbləğ də iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “1000 (min) manat məhkəmə xidmətləri” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının həmin xərclərlə bağlı hər hansı sübutu, dəlili olmadığından məhkəmə həmin hissədə iddia tələbini əsassız hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 oğlundan 3800 manat pul və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-3008/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3008/2021
03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver