Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3009/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, onun vəkili və nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 40.000 (qırx min) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun kürəkənidir, o, qızı ilə ailə qurmuş, bu yaxınlarda qızı vəfat etmişdir. Qonşuluqda Bakı şəhəri, Təbriz küçəsi 66 saylı evin 2 otaqlı 22-ci mənzilində yaşayan tənha qadın X4 2006-cı ildən müntəzəm olaraq baxmış, faktiki olaraq o, tam onun himayəsi altında yaşamışdır. O, onun bütün maddi və mənəvi ehtiyaclarının ödənilməsində yardımçı olmuşdur. X6 bundan sonra özünə məxsus Bakı şəhəri, Təbriz küçəsi 66 saylı evin 2 otaqlı 22-ci mənzilini ona bağışlamaq istəyirdi. Həmin ərəfədə mənzilin Qeydiyyat Vəsiqəsi (Çıxarışı) itdiyindən onlar həmin müqaviləni rəsmiləşdirə bilmədi. Bu məqsədlə xx.xx.2014-cü il tarixdə X6 Bakı şəhəri, 9 saylı Notariat Kontorunda mənə 10 il müddətində Baş Etibarnamə verdi. Bundan sonra qəzetdə Qeydiyyat Vəsiqəsinin itməsi barədə elan verdi və mənzilin Qeydiyyat Vəsiqəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsindən alıb Ninaya verdi. Həmin ərəfədə Ninanın səhhəti qəflətən pisləşdi və bağışlama və ya Renta müqaviləsi bağlamağa imkan olmadı. Rayonda olarkən X8 yardımla 5 saylı Xəstəxanaya aparılmış, orada onun yaxın qohumlarını axtardıqda o, onun adını vermiş və təcili rayondan gəlib Ninaya baş çəkmiş ona ən zəruri köməkliyi etmişdir. Qızı Tahirə tibb bacısı olduğundan o Ninaya tibbi yardım göstərirdi, sonradan qzının da səhhəti getdikcə pisləşirdi və 2014-cü ilin dekabrın 30-da o, kəskin ürək çatışmamazlığından vəfat etdi. Bununla da Ninanın mənzili ilə əlaqədar heç bir sənədləşmə apara bilmədi. Belə olduqda qızının əri hazrkı iş üzrə cavabdeh Ninanın qohumu adı ilə mənzili vərəsəlik yolu ilə öz mülkiyyətinə keçirdi. Həmin vaxt Emilə etirazını bildirdikdə onu arxayın etdi ki, Ninanın evini tezliklə satıb illər boyu xərclədiyin vəsaiti və çəkdiyin əziyyəti dəyərləndirəcək. 8 ildən çox Ninaya qulluq etmiş və 40 minə yaxın pul xərcəlmişdir, bunu Emil də bilirdi. Cavabdeh qızının vəfatına kimi ev satıb onun çəkdiyi xərcləri ödəyəcəyinə söz vermişdi, qızının vəfatından sonra isə o, açıqca bundan imtina etdi. Qeyd olanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi X1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməmiş və məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı onun keçmiş qayanasıdır. İddiaçıdan 40.000 (qırx min) manat məbləğində pulu almamış, onlar arasında hər hansı bir razlaşma olmamışdır. İddiaçı onlara qarşı tez-tez cür iddialar irəli sürür, lakin onun tələblərinin hər hansı bir əsası yoxdur. Ona arvadının vəfatına kimi ev satıb onun çəkdiyi xərcləri ödəyəcəyinə söz verməmişdir. İddiaçıdan pul almasına ehtiyacı olmamış, maddi imkanı normal olmuşdur. İddiaçının bildirdiyi hallar heç bir sübuta əsaslanmır. İddiaçıdan hər hansı məbləğdə borc pul alınmadığından, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı qeyd edir ki, iddiaçı cavabdehlə aralarında şifahi razılaşmanın olduğunu və həmin razılaşma üzrə Cavabdeh onun xeyrinə 40.000 (qırx min) manat məbləğində pul ödəməlidir. Lakin, hazırki iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, borcun olmasını və qaytarılmasını təsdiq edən şahidlərin ifadələri, iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbinə uyğun olaraq ilk növbədə onun tərəfindən cavabdehə borc pul verilməsi halının mövcud olduğunu sübut etməli idi. Lakin İddiaçı öz iddiasının əsaslığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İş materiallarından və tərəflərin izahatları ilə müəyyən edilirki, iddiaçı və cavabdeh arasında hər hansı borc münasibətləri olmamış, eyni zamanda iddiaçı cavabdehə 40 min manata yaxın vəsait xərcləməsini və cavabdehə bu məbləğləri verməsini sübut edə bilməmiş və həmin pulun hansı hüquqi əsasla cavabdehdən tələb etməsini göstərə bilməmişdir. İddiaçı tərəfin istinad etdiyi hallar hər hansı sübut növü ilə öz təsdiqini tapmır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən məbləd vəsaitin cavabdehə borca verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavabdehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür. X7 Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incum bit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Qeyd olunan əsaslara görə məhkəmə iddianı pul tələbini əsassız hesab edir və belə qənaətə gəlir ki, cavabdehdən 40 min manat məbləğində pul vəsaitinin tutulması rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3009/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3009/2020
22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver