Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-302/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 ASC, Sumqayıt şəhər 3 saylı Notariat ofisi və Sumqayıt şəhər 1 saylı Notariat ofisinə qarşı icra qeydlərinin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 ASC-yə qarşı (Sumqayıt şəhər 1 saylı Notariat ofisi və Sumqayıt şəhər 3 saylı Notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat ofisində 8i-1183 nömrəli, xx.xx.2022-ci il tarixli və Sumqayıt şəhər 3 saylı Notariat ofisində 8İ-111111 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydlərinin ləğv edilməsi və işinə mahiyyəti üzrə baxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 1 saylı Notariat ofisində 8i- 1183 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə İddiaçı1, Sumqayıt şəhər 3 saylı Notariat ofisində 8İ-111111 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə İddiaçı2 cəmi 15183,93 ABŞ dolları məbləğində borc pulun, 106,97 ABŞ dolları məbləğində cərimə penya və 25 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq tələbkar Cavabdeh2 ASC-nin hesabına tutulması müəyyən edilmişdir. Həmin icra qeydi barədə məlumat əldə etmiş və xx.xx.2022-ci il tarixdə icra qeydinin surətini almışlar. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)-576/2016 saylı qərardadı ilə iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh (əsas borclu) X3 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Əsas borclu X5 və Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsas borclunun öhdəlikləri üzrə xitam verilmiş, zaminliklə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün nəzərdə tutulan 1 illik iddia müddəti Cavabdeh2 ASC tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-576/20l6 nömrəli, xx.xx.2016-ci il tarixli qərardadında Cavabdeh2 ASC-nin cavabdeh X3 qarşı işində, yəni bizim icra qeydi üçün əsas olan əsas kredit müqaviləsi üzrə cavabdehin ölüm faktı ilə mülki işin icraatına xitam verilmişdir. Buna görə də göstərilən icra qeydləri ilə razı deyillər. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə uyğun olaraq, Sumqayıt şəhər 1 saylı Notariat ofisi və Sumqayıt şəhər 3 saylı Notariat ofisi cavabdehlər qismində cəlb edilmişdir. Cavabdeh2 ASC-nin nümayəndəsi Samir Qasımov iddiaya etiraz ünvanlamış və etirazını onunla əsaslandırmışdır ki, icra qeydinin ləğvi banka qarşı kredit müqaviləsinin və ya kredit borcunun mübahisələndirilməsi ilə bağlı iddia tələbləri ilə əlaqədar və həmin tələblərlə birlikdə mümkün ola bilər. Yəni, borclu hesab edirsə ki, onunla bank arasında bağlanmış kredit müqaviləsi etibarsız sayılmalı və ya ləğv edilməli, yaxud müqavilə düzgün olsa da, borc artıq hesablanmış və sair, onda icra qeydinin ləğvini tələb etməkdə haqlı ola bilər. İddiaçı real tələbini müəyyən edib banka qarşı iddia verməlidir. Göründüyü kimi bu kimi tələblər sırf banka qarşı olub notariusa və onun icra qeydinə aidiyyatı yoxdur. Əgər onun maddi hüquqi tələbi təmin edilərsə, onda nəticə etibarı ilə icra qeydi də ləğv edilə bilər. Lakin borclu banka qarşı maddi hüquqi tələb irəli sürmədən sadəcə notarius tərəfindən icra qeydinin aparılması zamanı hüquqi texniki şərtlərin pozulmasını əsas gətirirsə, həmin əsaslarla icra qeydi ləğv edilə bilməz. Həmçinin zaminlərə qarşı tələb irəli sürülməsi üçün müddət otürülməmişdir. Cavabdeh2 ASC ilə cavabdehlər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit sazişinin ayrılmaz tərkib hissəsi sayılan Cavabdeh2 ASC-nin xx.xx.2014-cü il tarixli Müştərilərinin Kreditləşmə və Xidmət Şərtlərinin 9-cu maddəsinə əsasən “Xidmət Şərtlər”i tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişlərinin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. “Xidmət Şərtlər”i istehlak kredit sahəsində tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişləri üzrə tətbiq ediləcəyindən qeyri-müəyyən müddətdə qüvvədədir. Həmin “Şərtlər”in 9.3-cü bəndinə əsasən kredit sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Bankın borclulara qarşı tələb irəli sürməsi əsaslı və qanunidir. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmiş və etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 ASC-nin nümayəndəsi X6 işə mahiyyəti üzrə baxılmasını tələb etmiş və iddia ərizəsi əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdehlər Sumqayıt şəhər 1 saylı Notariat Ofisi və Sumqayıt şəhər 3 saylı Notariat ofisi iş yükünün çoxluğu səbəbindən məhkəmə iclasında iştirakının mümkün olmadığını bildirmiş və məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, əsas borclu Həsənov Asif 2016-cı il tarixində vəfat etmişdir. Cavabdeh2 ASC 6 il keçdikdən sonra icra qeydi almaq üçün zaminlərə qarşı tələb ilə notariusa müraciət etmişdir. Cavabdeh2 ASC-nin zaminlərə qarşı həmin tələbi bu qədər müddət keçdikdən sonra irəli sürmək hüququ yoxdur. İcra qeydi qanunvericiliyin tələblərinə zidd aparıldığından ləğv edilməlidir. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh2 ASC ilə X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit sazişinin surətindən görünür ki, bank ilə borclu X5, zaminlər İddiaçı2 və X8 arasında 48 ay müddətinə, illik 26% olmaqla 14900 ABŞ dolları məbləğində kredit verilməsinə və öhdəliyin zaminliklə təmin edilməsinə dair üçtərəfli müqavilə bağlanmışdır; Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(105)- 576/2016 saylı qərardadının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7768/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh X3 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır; Cavabdeh2 ASC tərəfindən X7 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2014-cü il tarixli, CC/43713/44/27 saylı kredit müqaviləsi üzrə yaranmış borcun 20 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmişdir; Sumqayıt şəhər 1 saylı Notariat ofisinin 8i-1183 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, tələbkar Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı1 CC/43713/44/27 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 15183,93 ABŞ dolları, 106,97 ABŞ dolları məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15290,90 ABŞ dollarının tutulması qeyd edilmişdir; Sumqayıt şəhər 3 saylı Notariat ofisinin 8i-111111 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, tələbkar Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı2 CC/43713/44/27 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 15183,93 ABŞ dolları, 106,97 ABŞ dolları məbləğində cərimə penya, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15290,90 ABŞ dollarının tutulması qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X5 ilə Cavabdeh2 ASC arasında xx.xx.2014-cü il tarixində 48 ay müddətinə, illik 26% olmaqla 14900 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin kredit müqaviləsi üzrə İddiaçı2 və X8 ilə zaminlik müqaviləsi bağlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7768/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə kredit borcunun X1 tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7768/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və cavabdeh öldüyündən iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh X3 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sumqayıt şəhər 1 saylı və Sumqayıt şəhər 3 saylı Notariat Ofisləri vaxtında ödənilməmiş 15183,93 ABŞ dolları, 106,97 ABŞ dolları məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15290,90 ABŞ dollarının zaminlərdən tutulması barədə xx.xx.2022-ci il tarixli icra qeydləri vermişlər. Hazırda iddiaçılar Mülki Məcəllənin 477.0.4-cü maddəsinə və pulun zaminlərdən tutulması üçün qanunla nəzərdə tutulmuş müddətin keçməsinə əsaslanaraq icra qeydlərinin ləğv edilməsi barədə iddia tələbi irəli sürmüşlər. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması qaydasını müəyyən edən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci hissəsinə görə, borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Eyni zamanda həmin Təlimatın 162-ci hissəsinə uyğun olaraq, icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, notarius tərəfindən borcludan pul məbləğini tutmaq üçün icra qeydləri yalnız qanunvericiliklə müəyyən edilmiş müvafiq şərtlər daxilində verilə bilər. Həmin şərtlərdən biri də icra qeydlərinin iddia müddətləri ötürülməmiş tələblər üzrə verilməsidir. Hazırki iş üzrə icra qeydləri zaminlərdən borcun tutulmasına yönəldiyindən mülki qanunvericiliyin zaminlik institutu ilə bağlı normaları nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminliyə xitam verilmə müddətləri ilə bağlı qeyd olunmalıdır ki, zaminlik kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də ondan ibarətdir ki, zamin bir qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. Hazırki iş üzrə cavabdeh bankın nümayəndəsi etirazını tərəflər arasında bağlanmış müqavilənin 9.3-cü bəndinə istinad edərək zaminliyin öhdəliyin icrası anına qədər qüvvədə olması ilə əsaslandırır. Həmin bəndə əsasən kredit sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər Bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Bununla bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan bir illik müddət kəsici müddətdir. Həmin müddətlər nəzərə alınmadan zaminliyin qeyri-müəyyən müddətə, öhdəliyin icra edilməsi anına qədər qüvvədə olması mülki hüquq qanunvericiliyində müəyyən edilmiş müddətlər institutunun mahiyyətini əhəmiyyətsiz etmiş olar. Həmçinin əsas borcluya münasibətdə iddia müddətinin tətbiq edilməsini, zaminin öhdəliyinin isə ömür boyu davam etməsinə səbəb ola bilər. Belə ki, mülki hüquqda müddət institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Hazırki iş materiallarından göründüyü kimi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin müddəti bitdikdən 6 il sonra, yəni xx.xx.2022-ci il tarixində Sumqayıt şəhər 1 saylı və Sumqayıt şəhər 3 saylı Notariat Ofislərinin notariusları vaxtında ödənilməmiş 15183,93 ABŞ dolları, 106,97 ABŞ dolları məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15290,90 ABŞ dollarının zaminlər İddiaçı2 və X4 tutulmasına dair icra qeydləri verilmişdir. Halbuki mövcud qanunvericilk aktlarında icra qeydinin yalnız iddia müddətləri keçənək verilməsi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğu və iddia müddətlərinin keçmədiyi müəyyən edilərsə aparılır. Notariat ofisi isə qanunvericiliyin müvafiq tələblərinə əməl etmədən tələbin yönəldilməsi üçün müddətin keçib-keçmədiyini araşdırmadan icra qeydləri vermişdir. O da qeyd olunmalıdır ki, qanunvericilikdə icra qeydlərinin Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda verilməsi imkanı müəyyən edilsə də, kəsici müddətlərin nəzərə alınmaması hüquqlardan sui-istifadə ilə yanaşı, oxşar vəziyyətdə olan şəxslər barəsində fərqli münasibətə səbəb ola bilər. Belə ki, hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə hüquqlardan qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə istifadə edilməsini ehtiva edir. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk öncə şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. İddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunun əks olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları vardır. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. Kəsici müddətlər həmçinin hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurətini əks etdirir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, həm kəsici, həm iddia müddətləri şəxsin subyektiv hüquqlarının həyata keçirilməsinə mane olan müddətlər kimi çıxış edir. Beləliklə, icra qeydləri verilərkən yuxarıda sadalanan qanunvericilik aktlarının tələblərinə əməl edilmədiyindən iddia həmin hissədə təmin edilməli, müvafiq icra qeydləri ləğv edilməlidir. Məhkəmə iddianın “işə mahiyyəti üzrə baxılması” hissəsində qeyd edir ki, hazırki tələb icra qeydinin ləğvindən ibarət olduğundan icra qeydi verilərkən qanunvericiliyin tələblərinə əməl edilib-edilməməsi məsələsi mahiyyəti üzrə araşdırılmışdır və digər məsələlərlə əlaqədar yeni iddia ərizəsi vermək yolu ilə məhkəmədə iş başlana bilər. İddia tələbi həmin hissədə qeyri-müəyyən olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin 8i-1183 nömrəli, xx.xx.2022-ci il tarixli və Sumqayıt şəhər 3 saylı Notariat ofisinin 8İ-111111 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydləri ləğv edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehlər Sumqayıt şəhər 1 saylı Notariat ofisi, Sumqayıt şəhər 3 saylı Notariat ofisi və Cavabdeh2 ASC-dən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Sumqayıt şəhər 1 saylı Notariat ofisinin 8i-1183 nömrəli, xx.xx.2022-ci il tarixli və Sumqayıt şəhər 3 saylı Notariat ofisinin 8İ-111111 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydləri ləğv edilsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehlər Sumqayıt şəhər 1 saylı Notariat ofisi, Sumqayıt şəhər 3 saylı Notariat ofisi və Cavabdeh2 ASC-dən müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-302/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-302/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver