Məhkəmə qərarları › İş №2(005)-3027/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3027/2023

18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3027/2023 18.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 mart 2019-cu tarixli qətnaməsi ilə tutulan alimentin artırılaraq birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün mediasiyaya müraciət etdiyi tarixdən etibarən hər ay 300 manat olmaqla sabit pul məbləğində alimentin və 50 manat məbləğində mediasiya xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə rəsmi nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq o, uşağın maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh də bir valideyn olaraq bu məsuliyyəti onunla bərabər bölüşməlidir. Bu səbəbdən alimentin artırılması üçün zərurət yaranmışdır. Tərəfindən alimentin artırılması ilə bağlı mediasiya üçün müraciət edilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı barışıq sazişi imzalanmadığından MŞB/11- 2023-01170 saylı arayış verilmişdir. Hər bir uşağın layiqli həyat tərzi, yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları yaranmış istənilən vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ olaraq göstərir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, oğlu usta işləyir. Oğlunun ilk evliliyindən də bir övladı var və həmin övladı atası ilə, yani cavabdehin himayəsində qalır. Birinci nikahdan olan uşağı xəstə olduğu üçün müalicə alır. Onun xəstəliyi və müalicəsi ilə bağlı məhkəməyə təqdim etdiyi sənədləri və oğlunun xərclərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixində ləğv edilmişdir. Boşanmadan sonra qadına “Mamkuliyeva” soyadı verilmişdir; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2160/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(003)-4440/2017 saylı, 17 aprel 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh X3 xeyrinə hər ay 160 manat sabit pul məbləğində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; - ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, tərəflər mediasiya sessiyasının davam etdirilməsinə razılıq verməmişdirlər. Mediasiya xərci olaraq İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaq anasının himayəsində saxlanmış və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Hazırda iddiaçı ödənilən alimentin uşağın xərclərinin ödənilməsi üçün kifayət etməməsinə əsaslanaraq məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin 300 manat müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən xeyli az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən aliment müəyyənləşdirilərkən müvafiq dövrün həyat standartları və uşağın ehtiyaclarının səviyyəsi əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacı artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minumumu artırılmışdır. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüməsi nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin artırılacaq məbləği ilə bağlı qeyd olunmalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, alimentin təyin edilməsi zamanı yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə istinad edilməsi düzgün olsa da, aliment məbləğinin məhz həmin yaşayış minimumu həcmində müəyyən edilməsinə dair qanunvericilikdə hər hansı birbaşa göstəriş yoxdur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında alimentin məbləğinin qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərinə yaxın məbləğ kimi digər valideyndən tutulmalı olması qeyd edilmişdir. Qeyd olunmalıdır ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimentin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Eyni zamanda ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyildir. Məhkəmə qətnaməsi icra olunmaq üçün çıxarılır, istər valideynlərin, istərsə də uşağın vəziyyətini hər hansı bir şəkildə çətinləşdirməyə gətirib çıxarmamalıdır. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanılmalı olması və aliment ödəməli olan valideynin maddi vəziyyəti nəzərə alınmalı, müəyyən edilən aliment məbləği qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğdə olmalıdır. Bu baxımdan hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün tədbirlər görülməli, həmçinin konkret iş üzrə yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallara da qiymət verilməlidir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hazırkı vəziyyətdə alimentin məbləğinin artırılaraq uşağın saxlanması üçün 200 manat müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumuna yaxın məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın başqa zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Məhkəmə, iddianın artırılmış alimentin tutulmasının mediasiyaya müraciət edildiyi vaxtdan hesablanmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə aşağıda göstərilənlərə əsasən təmin edilə bilməz. Belə ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, aliment təyin edilməsinə dair qətnamələrdən fərqli olaraq, alimentin artırılması barədə qətnamələrin ümumi qaydada icra edilməsi, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli olması müəyyən edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından görünür ki, iddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Cavabdeh isə mediasiya prosesində iştirak etmişdir. Bu səbəbdən iddia həmin hissədə də qismən təmin edilməli mediasiya xərcinə görə 25 manat məbləğində pul cavabdehdən tutulararaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2160/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Həmçinin mediasiya xərcinə görə 25 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-200, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2160/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərcinə görə 25 (iyirmi beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar