Məhkəmə qərarları › İş №2(005)-3035/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3035/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3035/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" KB ASC-nin xeyrinə 2123,97 ABŞ dolları əsas, 5566,37 ABŞ dolları faiz olmaqla, cəmi 7690,34 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 28.10.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 26% ödəmək şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd edilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 16.05.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 2123,97 ABŞ dolları əsas, 5566,37 ABŞ dolları faiz olmaqla, cəmi 7690,34 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" İKB ASC-nin nümayəndəsi Anar Tağızadə oğlu məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı bankın nümayəndəsi X1 iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İş materiallarında olan 18.05.2021-ci il tarixli Mədaxil Qəbzinin surətindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 19.06.2021-ci il maliyyə arayışından görünür ki, Cavabdeh1 16.05.2021-ci il tarixinə bank qarşısında 2123,97 ABŞ dolları əsas, 5566,37 ABŞ dolları faiz olmaqla, cəmi 7690,34 ABŞ dolları məbləğində borcu qalmışdır. "xxxx" KB ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 28.10.2014-cü il tarixli 5077nkCNTR/14 nömrəli Kredit Müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən borcverən 28.10.2019-cu il tarixədək illik 26% ödəmək şərtilə 10000 ABŞ dolları məbləğdə krediti Cavabdeh1 vermiş, Cavabdeh1 isə müəyyən olunmuş müddətdə faizləri ilə birlikdə həmin məbləği banka qaytarmasını öhdəsinə götürmüşdür. Cavabdeh2 Cavabdeh1 müqavilə üzrə götürdüyü kredit öhdəliklərinin tam həcmdə yerinə yetirməsinə görə bank qarşısında öhdəlik götürmüşdür. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 07.04.2016-cı il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış 28.10.2014-cü il tarixli 5077nkCNTR/14 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun ödənilməsinə yönəldilsin, faizlər isə müddətin qurtardığı vaxt alınsın. Kredit müqaviləsinin müddəti 28.07.2021-ci ilədək müəyyən olunsun. 07.04.2016-cı il tarixli, 2 saylı sazişdən görünür ki, 5077nkCNTR/14 nömrəli müqavilə 28.07.2021-ci il tarixədək uzadılmışdır. Bank tərəfindən 06.04.2021-ci il tarixdə Cavabdeh1 göndərilmiş bildirişdən görünür ki, onun 2123,97 ABŞ dolları əsas, 5528,67 ABŞ dolları faiz olmaqla, cəmi 7652,64 ABŞ dolları məbləğində borcu yaranmış və iddiaçının tələbi yerinə yetirilməyəcəyi təqdirdə iddiaçının məhkəməyə iddia tələbi ilə müraciət edəcəyi bildirilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Azadlıq prospekti 60 İnz./binada qeydiyyatdadır. 11.08.2021-ci il tarixli, 9/5035 nömrəli ekspert rəyindən görünür ki, 28.10.2014-cü il tarixli, 5077nkCNTR/14 saylı kredit müqaviləsi üzrə əsas borc 3334,65 ABŞ dolları, faiz borc 6035,55 ABŞ dolları təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildyi gün üçün bank faizinin uçot dairəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsinin əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh2 zaminlik müqaviləsi üzrə borc məbləğinin tələb edilməsi hissəsində iddia tələbi əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KB ASC bağlanmış müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımınca icra etmiş, lakin cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri tam, vaxtında və lazımınca icra etməmişlər. Ona görə də məhkəmə iş üzrə 11.08.2021-ci il tarixli, 9/5035 nömrəli ekspert rəyini nəzərə alıb iddia tələbinin hədlərində işə baxılmasını mümkün sayaraq hesab edir ki, əsas borca görə 2123,97 ABŞ dolları, faiz borcuna görə 5566,37 ABŞ dolları məbləğində pul Cavabdeh1 "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh1 tutularaq, 100 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2123,97 ABŞ dolları əsas, 5566,37 ABŞ dolları faiz olmaqla, cəmi 7690,34 ABŞ dolları məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyirinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2123,97 ABŞ dolları əsas, 5566,37 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7690,34 (yeddi min altı yüz doxsan, 60) ABŞ dolları məbləğində pul (ödəniş günü manata məzənnə ilə) və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyirinə tutulsun. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri Cavabdeh1 tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar