Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3038/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17000 (on yeddi min) manat məbləğində əsas borcun, məhkəmədə iddia qaldırması üçün çəkyidi 500 (beş yüz) manat məbləğində vurulmuş ziyanın və 30 manat məbləğində dövlət rüsumunun, cəmi 17530 (on yeddi min beş yüz otuz) manat məbəğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əvvəldən tanıdığı Rinat adlı şəxs tələblərini qarşılamaq üçün borc istəmiş və bu səbəbdən də ona 07.08.2019-cu il tarixdə 10000 (on min) ABŞ dolları həmin vaxta məzənnə üzrə 17000 (on yeddi min) manat borc pul vermişdir. Müqavilə təqribən 4 (dörd) ay müddətində, yəni 07.12.2019-cu il tarixədək bağlanmış və göstərilən müddətin sonuna kimi bütün borcu tam olaraq bağlamasını öhdəsinə götürmüşdür. Həmin borcun təsdiqi üçün bu barədə 07 avqust 2019-cu il tarixdə 9 saylı Notariat Kontorunda kredit müqaviləsi də bağlamışlar. Həmin borcdan bu günə kimi az da olsa geri qaytarılmamışdır. Bu da onu göstərir ki, cavabdeh qərəzli olaraq borcu ödəməkdən yayınır. Hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu və məhkəmədə iddia qaldırması ilə bağlı əlavə olaraq 500 manat məbləğində ziyan da cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzrlü hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; 31.08.2018-ci il tarixdə ASAN 2 tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci ildə doğulmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə doğulmuşdur. 05.05.2021 ci il tarixli MAPS arayışından görünür ki, Cavabdeh xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. 05.05.2021 ci il tarixli MAPS arayışından görünür ki, İddiaçı xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. 07.08.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh müqavilənin 1-ci bəndinə əsasən 10000 ABŞ dolları, həmin günkü ekvivalent manat məzənnəsi ilə 17000 manat (on yeddi min) manat məbləğində pulu borc vermişdir. Borc verən nəzərdə tutulan pul məbləğini borc alana notraiusun bankda açılan depozait hesabı vasitəsi ilə ödəmişdir. Müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti, 07.12.2019-cu il tarixədək hissə-hissə hər ayın 5-dək 2500 (iki min beş yüz) ABŞ dolları şəklində və ya həmin günkü ekvivalent manat məzənnəsi ilə 4250 (dörd min iki yüz əlli) manat 4 (dörd) ay ərzində “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. 22.05.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-3542/2020 saylı 25.11.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiaçı qismində cavabdehlər İddiaçı və Bakı şəhəri 9 nömrəli notariat ofisinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ilə onun arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, 3M-941 nömrəli reyestrlə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi rədd edilmişdir. Nərimanov rayon İcra və Probasiya şöbəsinin 27.04.2020-ci il tarixli, borculunun axtarılması barədə qərarından görünür ki, Bakı şəhəri 9 saylı Notariat Kontorunun 8İ-1368 nömrəli, 06.02.2020-ci il tarixli icra sənədi üzrə Cavabdeh barəsində axtarış elan edilmişdir. Qərardan görünür ki, Bakı şəhəri 9 saylı Notariat Kontorunun 8İ-1368 nömrəli, 06.02.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh hissə-hissə hər ayın 5-dək 2500 ABŞ dolları şəklində və ya həmin günkü ekvivalent manat məzənnəsi ilə 4250 manat 4 ay ərzində qaytarmağı öhdəsinə götürdüyü 10000 ABŞ dolları, yəni 17000 manat manat məbləğində pul vəsaiti tutularaq tələbkar İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı aldığı məbləğin qarşılığında öhdəliyini icra etməmişdir və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Göründüyü kimi, İddiaçı tərəfindən 17000 (on yeddi min) manat məbləğində pul Cavabdeh tələb edilir və qeyd edilən məbləğ məhkəmə araşdırması zamanı sübutlarla əksini tapmışdır. Cavabdeh tərəfindən pul məbləğinin qaytarılmasına dair sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün çəkyidi 500 (beş yüz) manat məbləğində vurulmuş ziyanın tələb edilməsi hissəsində tələb təmin edilməməlidir. Belə ki, iddianın həmin hissəsinə dair hər hansı bir sübüt iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 07.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 17000 (on yeddi min) manat əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış 07.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 17000 (on yeddi min) manat əsas borc və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-3038/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3038/2021
23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver