Məhkəmə qərarları › İş №2(005)-304/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-304/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-304/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 77.000 (yetmiş yeddi min) manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə Cavabdeh arasında 11.11.2015-ci il tarixdə Bakı şəhəri 3 saylı Notariat kontorunda təsdiq olunmaqla cavabdehə 100.000 (yüz min) manat məbləğində pul borc verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Müqavilə ilə pulun cavabdeh tərəfindən qaytarılması müddəti 2 (iki) il müəyyən edilmişdir. Lakin cavabdeh müqavilə ilə nəzərdə tutulmuş müddətdə öhdəliyi icra etməyərək, pulun 2 il ərzində tam şəkildə ona qaytarılmasını təmin etməmişdir. Cavabdehdən müqavilə üzrə borcunun qaytarılmasını dəfələrlə tələb etsə də, o, borcu qaytarmaqdan imtina etmişdir. Ona rəsmi qaydada ünvanladığı məhkəmə barədə xəbərdarlıq bildirişindən sonra borc məbləğinin bir qismini, yəni 23.000 (iyirmi üç min) manat məbləği ödəyərək, öhdəliyi qismən icra etmişdir. Lakin yerdə qalan məbləği ödəməkdən boyun qaçıraraq 77 000 (yetmiş yeddi min) manat borc məbləğini geri qaytarmamışdır. 11.11.2015-ci il tarixli kredit müqaviləsinin 9-cu bəndində göstərilmişdir ki, müqavilə üzrə mübahisə yarandığı halda məhkəmə qaydasında həll edilir. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi və pozulmuş hüquqlarının məhkəmə qaydasında təmin edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqi barədə yazılı təqdim edərək, iddia tələbinin əsası kimi 11.11.2015-ci il tarixli borc müqaviləsinə istinad etmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, guya cavabdehə 100.000 manat pul borc vermiş, cavabdeh tərəfindən 23.000 manat ona qaytarılmış, 77.000 manat isə qaytarılmamışdır. Lakin nəzərə alınmalıdır ki, iddia ərizəsi tamamilə yalan məlumatlara əsaslanır. Belə ki, qeyd olunan borc müqaviləsi bağlanarkən iddiaçı cavabdehə 100.000 manat borc pul verməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə bağlandıqdan sonra iddiaçı cavabdehə 100000 manat pul verməli olduğu halda, sadəcə 23.000 manat təklif etmişdir. Buna görə də, o, dərhal həmin pulu götürməkdən imtina etmişdir. Odur ki, həqiqətdə manat pul iddiaçı tərəfindən cavabdehə verilmədiyi üçün iddiaçının qeyd olunan pulu tələb etməyə hüququ yoxdur. İddiaçı məhkəmə pulun cavabdehə təqdim edilməsinə dair heç bir sənəd təqdim etməmişdir. Göründüyü kimi iddiaçı mülki hüquqlarından sui-istifadə edərək, cavabdehə faktiki olaraq vermədiyi pulun ödənilməsini tələb edir. Göründüyü kimi müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etsə də, bu müddət ötürüldükdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. İddia müddəti keçdiyi üçün İddiaçı iddia ərizəsi üzrə iddia müddətini tətbiq edərək, iddiaya baxılmasından imtina edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən hazırki mülki işə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 3 saylı notariat kontorunun notariusu X3 tərəfindən təsdiq edilmiş 11.11.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 11.11.2015-ci il tarixdə 100.000 manat məbləğində pulu Cavabdeh borc vermiş, Cavabdeh isə 11.11.2017-ci il tarixədək 100.000 manat məbləğində pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür; Xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 100.000 manat məbləğində borcu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri 3 saylı Notariat Ofisinin 20.12.2021-ci il tarixli, 686 saylı sorğuya cavab məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 11.11.2015-ci il tarixdə 3M-848 reyestrlə bağlanmış kredit müqaviləsinin rəsmiləşdirilməsindən uzun müddət keçdiyi üçün sorğuda qeyd olunan suallara, yəni pulun harada və hansı şəraitdə verilməsinə dəqiq cavab vermək mümkün deyil; 30.09.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 3 saylı notariat kontorunun notariusu X3 tərəfindən təsdiq edilmiş 11.11.2015-ci il tarixli kredit müqavilələrinə əsasən İddiaçı 11.11.2015-ci il tarixdə 100.000 manat məbləğində pulu Cavabdeh borc vermiş, Cavabdeh isə müvafiq olaraq 11.11.2017-ci il tarixədək 100.000 manat məbləğində pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı müqavilə üzrə cavabdehə verdiyi borc məbləğinin 77.000 manat hissəsinin ona qaytarılmadığını iddia edir və qeyd edilən məbləği tələb edir. İddiaçı hazırki iddia ərizəsi ilə 30.09.2021-ci il tarixdə müraciət etmişdir. Cavabdeh iddianı qəbul etmir, iddia müddətinin ötürüldüyünü bildirir və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Cavabdeh tərəf iddiaçının qeyd etdiyi 23 000 manat məbləğində ödənişin müqavilə bağlandıqdan sonra təklif edildiyi, həmin pulu götürməkdən imtina olunduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göründüyü kimi, tərəflər arasında bağlanmış 11.11.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqavilələri üzrə cavabdeh tərəfindən sonuncu ödənişin ona ünvanlanan xəbərdarlıqdan sonra 77000 manat məbləğində olduğu qeyd etmişdir. İddiaçı hazırki iddia ərizəsini 30.09.2021-ci il tarixdə sürətli poçt xidməti vasitəsilə göndərildiyi müəyyən olunmuşdur. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı müvafiq olaraq 11.11.2017-ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilə üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. İddiaçı tərəf 23000 manat pulun qaytarılmasına dair, həmin məbləin qaytarılma vaxtı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bu səbəbdən məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini əsalı hesab edir və belə qənaətə gəlir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməli və bu əsasla iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hazırki mülki iş üzrə iddia müddətinin ötürülməsi nəzərə alınmalı və Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsi əsasında hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pul” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməldir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 375-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar