Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3092/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.400 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qonşusudur, uzun müddətdir ki, tərəflər arasında yaxın qonşuluq münasibətləri olmuşdur. 2019-cu ilin sentyabr ayında cavabdeh ona təcili pul lazım olduğunu deyərək, bəzi işlərini qaydasına salmaq üçün borc pul istəmişdir, bildirmişdir ki, narahat olmağa dəyməz, tezliklə Ağstafa rayonunda olan zavodunu satıb borcu qaytaracaq. Həmin vaxt iddiaçı mərhum oğlu X1 (oğlu 21.01.2021-ci ildə vəfat etmişdir) müalicəsi üçün yığdığı 12.000 (on iki min) manat məbləğində pulu ailə üzvlərinin yanında cavabdehə vermişdir. X1 müalicəsi üçün ailəsinin pul topladığını cavabdeh yaxın qonşu kimi bilirdi. Cavabdeh İddiaçı inandırmaq üçün ona yazılı qəbz verdi və 12.000 manatı 10.11.2020-ci ildə qaytaracağı barədə yazdığı qəbzi imzaladı. Bir müddətdən sonra cavabdeh, İddiaçı yenidən əlavə 400 manat aldı və tezliklə bütün borcu qaytaracağını demişdir. İddiaçı hesab edir ki, cavabdeh iddiaçının ona olan etibarından istifadə edərək, həmçinin iddiaçının yataq xəstəsi və atasının qoca və savadsızlığından istifadə etməklə dələduzluq yolu ilə iddiaçının 12.000 manat müalicə pulunu ələ keçirmişdir. Cavabdeh iddiaçıya qarşı özünü həmişə səmimi göstərmişdir və iddiaçının mərhum oğlunun fiziki və psixi durumu barədə məlumatı var idi. Lakin sonradan onun məhkum olması, dələduzluğu barədə məlumatlar əldə etdikdən sonra cavabdehin onları aldatdığını anlamışlar. İddiaçı polisə şikayət etsə də, nəticəsi olmamışdır, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı bildirir ki, 82 yaşı var, ancaq təqaüdlə dolanır, başqa qazanca yeri yoxdur. Oğlunun müalicəsi üçün uzun müddət topladığı pulu cavabdeh dələduzluqla ələ keçirmiş, nəticədə oğlunun müalicəsi baş tutmamış, vəfat etmişdir, onun qəbrinin üstünü düzəltməyə maddi imkanı yoxdur. Səhhəti ilə əlaqədar iddiaçının gündəlik həyatında kənar şəxslərin köməyinə ehtiyacı vardır. Cavabdeh formal olaraq Ağsiafa rayonu, Həsənsu kəndində qeydiyyatdadır, faktiki olaraq iddiaçının qonşusudur. Ona görə də işə cavabdehin faktiki yaşadığı ünvana görə Nərimanov rayon məhkəməsində baxılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında qəbzdən görünür ki Cavabdeh 20 fevral 2020-ci il tarixdə İddiaçı ilk öncə 12000 manat, sonradan 400 manat pul məbləğini 10.11.2020-ci il tarixədək ödəmək şərti ilə borc götürmüşdür və bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 28 dekabr 1998-ci il tarixdə verilmiş 13028 nömrəli vəsiqədən görünür ki, X2 1-ci qrup əlildir. İş materiallarında olan AzKC Bakı şəhər İdarə heyəti tərəfindən verilmiş 0095 nömrəli üzvlük biletindən görünür ki, X2 Azərbaycan Karlar Cəmiyyətinin üzvüdür. İş materiallarında olan 23 dekabr 1988-ci il tarixdə verilmiş 319911 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X1 atası İddiaçıdur. İş materiallarında olan 5 saylı Bakı Asan Xidməti Mərkəzi tərəfindən 18 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ 166436 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 21.01.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh tərəflər arasındakı razılaşma ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı qarşısındakı öhdəliyini razılaşma ilə nəzərdə tutulan vaxtda və qaydada icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, qanunvericiliklə onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, götürdüyü borc pul məbləğini iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12400 manat pul məbləği İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və rüsumun iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12400 (on iki min dörd yüz) manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-3092/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-3092/2021
29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver