Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3094/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Şamaxı rayon İcra və Probasiya şöbəsi və ASC “Xalq” Bankı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hesabına köçürülmüş 200 manat pul məbləğinin, məcburi icra ödənişi olaraq Şamaxı rayon İcra və Probasiya Şöbəsinin hesabına köçürülmüş 14 manat pul məbləğində dəymiş maddi ziyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(074)-43/2018 saylı qətnaməsi ilə cavabdehlər: X4, X7, İddiaçı, X9, X10, X13 və X5, iddiaçı Xalqbank ASC-nin xeyrinə ümumilikdə 2672,26 manat pul məbləğində kreditin tutulması və cavabdeh olaraq məndən 200 manat pul məbləğinin tutularaq “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi’ MMC-nin hesabına köçürülməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Məhkəmə tərəfindən, hər bir borc üzrə ayrılıqda olmaqla 2 ədəd 02 mart 2018-ci il tarixli İcra vərəqələri verilmiş və həmin icra vərəqələri əsasında Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən 19 sentyabr 2018-ci il tarixində İcraata başlamaq haqqında qərarlar qəbul olunaraq icraata başlanılmışdır. İddiaçı “Xalqbank" ASC-nin xeyrinə ümumilikdə 2672,26 manat pul məbləğinin tutulması ilə bağlı verilmiş icra vərəqəsinə, kredit borcum Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşdüyündən, kredit borcum 08 noyabr 2019-cu il tarixində restrukturizasiya olunaraq icra aktına xitam verilmişdir. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi'’ MMC-nin xeyrinə 200 manat pul məbləğinin tutulması ilə bağlı olan icra aktının icrası isə davam etdirilmişdir. Həmin icra vərəqəsinə əsasən ondan tutulmalı olan 200 manat pul məbləği, hələ Şamaxı rayon Məhkəməsinin 02 mart 2018-ci ii tarixli, 2(074)- 43/2018 saylı qətnaməsi qəbul olunmamışdan əvvəl daşınmaz əmlak ekspertiza qiymətləndirilməsində olduğu vaxtda yəni 11 dekabr 2017-ci il tarixində (24 noyabr 2017-ci il tarixli, 518 saylı hesab faktura əsasında) 300 manat olmaqla "xxxx" ASC tərəfindən, kredit borcuna görə girov qoyulmuş mənzilin hüquqi sahibi anası X1 adından həmin təşkilata ödənilmişdir. Məhkəmənin icra vərəqəsində göstərilən pul məbləğinin ödənilməsinə baxmayaraq tələbkar "xxxx" MMC tərəfindən icra aktına xitam verilməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə müraciət məktubu göndərilməsindən imtina olunmuşdur. Nəticə olaraq da tarixində əmək haqqımdan 200 manat pul məbləği tutularaq "xxxx" MMC-nin hesabına və məcburi icra tədbiri olaraq da 14 manat pul məbləği tutularaq Şamaxı rayon İcra və Probasiya Şöbəsinin hesabına köçürülmüşdür. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şamaxı Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(074)-43/2018 saylı icra vərəqəsinin surətinə əsasən cavabdeh İddiaçı ASC “Xalq” Bankının xeyrinə 17.04.2014-cü il tarixli **********26414 №-li Kredit müqaviləsi üzrə 2181,29 manat məbləğində əsas borc, 21.11.2016-cı il tarixdən 12.02.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış 480,97 manat məbləğində zərərin əvəzi, 12.02.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 10 manat məbləğində penya, cəmi 2672,26 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən cavabdehlərdən tutulması, tutma X3 məxsus Şamaxı şəhəri, Sarı Torpaq küçəsində yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 42,1 kv.m. ümumi, 31 kv.m. yaşayış, 11.1 kv.m. yardımçı sahəsi olan Liter A tikilisindən və 1 mərtəbəli 3 otaqlı otaqlı, 59 kv.m ümumi, 56,1 kv.m yaşayış və 2.9 kv.m yardımçı sahəsi olan Liter A tikilisindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, Şamaxı şəhəri, Sarı Torpaq küçəsində yerləşən 0,04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 42.1 kv.m. ümumi, 31 kv.m. yaşayış, 11,1 kv.m. yardımçı sahəsi olan Liter A tikilisindən və 1 mərtəbəli 3 otaqlı otaqlı, 59 kv.m ümumi, 56.1 kv.m yaşayış və kv.m yardımçı sahəsi olan Liter A1 tikilisindən ibarət fərdi yaşayış evi 50000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması və tələb edilən borcun ödənilməsi, Şamaxı şəhəri, Sarı Torpaq küçəsində yerləşən 0.04 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 2 otaqlı, 42.1 kv.m. ümumi, 31 kv.m. yaşayış, 11,1 kv.m. yardımçı sahəsi olan Liter A tikilisindən və 1 mərtəbəli 3 otaqlı otaqlı, 59 kv.m ümumi, 56,1 kv.m yaşayış və 2,9 kv.m yardımçı sahəsi olan Liter A1 tikilisindən ibarət fərdi yaşayış evinə, tutma yönəldildikdə və o satıldıqda, cavabdehlər X4, İddiaçı, X6, X9, X10, X13 və X11 yaşayış evini könüllü surətdə tərk etmədikdə, 1 ay müddətində mənzil boşaldılması qət edilmişdir; Şamaxı Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(074)-43/2018 saylı icra vərəqəsinin surətinə əsasən cavabdeh İddiaçı ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir; Şamaxı rayon İcra və Probasiya şöbəsinin 19.09.2018-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə Şamaxı rayon məhkəməsinin 2(074)-43/2018 saylı, 02.03.2018-ci il tarixli icra sənədinin icrasına başlanılmışdır. 10.12.2020-ci il tarixli ödəniş tapşırığının surətinə əsasən İddiaçı əmək haqqısından 200,00 (iki yüz) manat "xxxx" MMC-yə ödənilmişdir; 10.12.2020-ci il tarixli ödəniş tapşırığının surətinə əsasən İddiaçı əmək haqqısından 14,00 (on dörd) manat Şamaxı rayon İcra şöbəsinə ödənilmişdir; 19.05.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Şamaxı Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(074)-43/2018 saylı icra vərəqəsi əsasında "xxxx" MMCnin hesabına köçürülmüş 200 manat pul məbləğinin və məcburi icra ödənişi olaraq Şamaxı rayon İcra və Probasiya Şöbəsinin hesabına köçürülmüşdür. İddiaçı qeyd olunan məbləği və 14 manat pul məbləğində dəymiş maddi ziyanın ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir; “İpoteka haqqında” Qanunun: 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra—hərracın təşkilatçısı) sifariş verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir; 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir; 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər; 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İcra haqqında” Qanunun: 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. İpoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. Qanunun 44.1.3-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsaslarından biri də, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 70.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, keçirilən hərracda borclu tərəfindən Şamaxı Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli, 2(074)-43/2018 saylı icra vərəqəsi könüllü icra olunmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillər, "xxxx" MMC-nin hesabına köçürülmüş 200 manat pul məbləğinin, məcburi icra ödənişi olaraq Şamaxı rayon İcra və Probasiya Şöbəsinin hesabına köçürülmüş 14 manat pul məbləğində dəymiş maddi ziyan tələbinin əsaslı olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən “İcra haqqında” Qanununun tələbinə əsasən icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmişdir. Buna görə də, icra tədbirləri çərçivəsində «Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi” MMC-nin hesabına köçürülmüş 200 manat, məcburi icra ödənişi olaraq Şamaxı rayon İcra və Probasiya Şöbəsinin hesabına köçürülmüş icra ödənişini almaqda haqlı olmuşdur. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçının müxtəlif vaxtlarda məhkəmə mübahisələri olmuş, həmin qətnamələrlə müəyyən edilir ki, icra sənədi borclu tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə könüllü icra edilməmişdir. Buna görə də, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən məəhkəmə aktları hazırki iş üzrə preyudisial xarakter daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Şamaxı rayon İcra və Probasiya şöbəsi və ASC “Xalq” Bankı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “pul” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Şamaxı rayon İcra və Probasiya şöbəsi və ASC “Xalq” Bankı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3094/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3094/2021
07.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver