Məhkəmə qərarları › İş №2(005)-3095/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3095/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3095/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kv.m və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kv.m olan iki otaqlı mənzilə iddiaçının istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 72 kvadrat metr olan mənzilə görə 27 iyul 2007-ci ildə fiziki şəxs X3 ünvanda göstərilən mənzillə bağlı müqavilə bağlamışlar. Müqavilənin ikinci bəndində müqavilə üzrə dəyəri 1 kvadrat metr sahəsi üçün 500 AZN ödənilməsi ilə bağlı razılaşmışlar. Həmin məbləğdən 37.815 manat iddiaçı tərəfindən ödənilmişdir. Qalan məbləğ ilə iddiaçının atası tərəfindən tikinti materialları ilə əvəzləşdirilmişdir. Pul ödənildiyi zaman sözügedən bina hələ 7-ci mərtəbəyədək tikilmişdi. İddiaçıda olan məlumata görə fiziki şəxs X5 vəfat etmişdir, ona görə də tikinti dayandırılmışdır. İddiaçı bildirir ki, X5 işdə olmadıqda onun əvəzinə onunla işləyən Telman adlı şəxs müqavilələri imza edirdi. X5 öldükdən sonra onun varisi indiki cavabdeh tikinti işlərinə rəhbərlik edir və tikinti işlərini aparır. Cavabdeh isə sözügedən müqavilənin atası tərəfindən imzalandığını təsdiq etsə də, müqavilədəki möhürün başqa şəxsə məxsus olması səbəbindən müqaviləni qəbul etməmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X2 nümayəndəsi və vəkili X4 iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, nə cavabdeh, nə də onun mərhum atası iddiaçı ilə müqavilə bağlamamışlar və onu tanımırlar. İddiaçının qeyd etdiyi Telman adlı şəxs digər şəxsləri yalan vədlərlə aldadaraq iddiaçının bildirdiyi oxşar əməllərlə məşğul olmuşdur və bu səbəbdən də hal-hazırda cəzaçəkmə müəssisəsindədir. Cavabdeh tərəf hesab edir ki, bütün bunlar iddiaçının boş müqavilə forması əldə edərək, üzərində öz istədiyi qeydlər apardığına dəlalət edir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iş materiallarında olan müqavilənin mətnindən müəyyən edilir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbə, ümumi sahəsi 72 kvadrat metr olan mənzilə görə 27 iyul 2007-ci ildə fiziki şəxs X3 ünvanda göstərilən mənzillə bağlı müqavilə bağlamışlar. Müqavilənin ikinci bəndində müqavilə üzrə dəyəri 1 kvadrat metr sahəsi üçün 500 AZN ödənilməsi ilə bağlı razılaşmışlar. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 30.12.2019-cu il tarixli müraciətə cavab məktubundan müəyyən edilir ki, İddiaçı X5 öldüyü üçün mübahisənin hüquqi müstəvidə həll edilməsi imkanı olduğu izah edilmişdir. Məhkəmə hazırki iş üzrə mübahisənin həll olunması üçün aşağıdakı maddi hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Sumqayıt şəhəri 10-cu mikrorayon, Babək küçəsi boyunca inşa edilən 10 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinin ofis sahəsindən 72 kv.m və həmin 10 mərtəbəli yaşayış evinin blok 1, mərtəbə 7, ümumi sahəsi 144 kv.m olan iki otaqlı mənzilə iddiaçının istifadə hüququnun tanınması üçün əsaslar müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, iddiası tərəfindən təqdim edilmiş müqavilə məhkəmə tərəfindən mötəbər sübutlar sırasına daxil edilə bilməz. Müqavilə iki ayrı-ayrı möhürlərlə möhürlənmiş, müxtəlif imzalarla imzalanmış və hər hansı ödəniş edilmişdirsə, bunu təsdiq edən mühasibatlıq sənədi də mövcud deyil. Məhkəmə hesab edir ki, təqdim edilən sübutlar cavabdehin üzərinə hər hansı öhdəliklərin qoyulmasını təsdiq etmir. Müvafiq olaraq, öhdəliklərin icra edilməməsindən də söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə iddianı əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar