Məhkəmə qərarları › İş №2(005)-3096/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3096/2021

19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3096/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “borcun restrukturizasiya olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.12.2013-cü il tarixli, 019699/2013 saylı kredit müqaviləsi üzrə yaranan 1130.49 manat qalıq borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının tələblərinə uyğun olaraq onunla restrukturizasiya müqaviləsi bağlanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ASC arasında 13.12.2313-cü il tarixində 019699/2013 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə ona illik 27% olmaqla 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Sonrdan ailə vəziyyəti ilə əlaqədar olaraq kredit müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. Ödəmələrində gecikmələr olduğundan borcu Azərbaycan Respublikası Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) aktiv-gecikmədə olan borclar siyahısına düşmüşdür. Sonradan borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Belə ki, ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ona dair tərtib edilmiş Problemli Kreditlərin Kompensasiyası üzrə 29.11.2019-cı il tarixli elektron çıxarışdan göründüyü kimi, onunla "xxxx" ASC arasında - 906.51 manat məbləğində, "xxxx" İKB ASC arasında - 2640.94 manat məbləğində "xxxx" ASC arasında (digər kredit müqaviləsi üzrə) - 3166.57 manat məbləğində, "xxxx" KB ASC arasında -939.72 manat məbləğində və "xxxx" ASC arasında - 1130.49 manat məbləğində resrtukturizasiya müqavilələri bağlanması müəyyən edilmişdir. Həmin çıxarış əsasında "xxxx" ASC-dən başqa yuxarıda adları qeyd olunan bank təşkilatları ilə aralarında məlum Fərmandan irəli gələn tələblər üzrə resrtukturizasiya müqavilələri bağlanmışdır. Həmin çıxarış üzrə "xxxx" ASC-nə olan 1130.49 manat məbləğində kredit qalıq borcunun resrtukturizasiya olunmasına dair "xxxx" ASC-nə ərizə ilə müraciət etmişdir. Lakin "xxxx" ASC müraciətini təmin etməyərək, iddiaçıya 25.11.2019-cu il tarixli, M/19-10692/1 saylı məktub ünvanlanmışdır. Həmin məktubda qeyd edilən çıxarış üzrə qalıq 1130.49 manat qalıq borcunun restrukturizasiya olunması təklif edilən kredit qismində göstərilməsi qeyd olunsa da, lakin Azərbaycan Respublikası MBNP tərəfindən "xxxx" ASC-nə təqdim edilmiş siyahıda iddiaçının kredit borcunun restrukturizasiya olunması göstərilmədiyi bildirilmişdir. Bu səbəbdən hazırda qalıq borcunun restrukturizasiya olunmasının qeyri-mümkün olduğu vurğulanmışdır. Bununla bağlı Azərbaycan Respublkikası Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etsə də, həmin qurumun Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli sərəncamı ilə ləğv edilməsi və həmin qurumun hüquqi varisi AR Mərkəzi Bankının 2019-cu ilin sonuna qədər müraciətimə cavab verməməsi hüquqlarımı məhdudlaşdırmışdır. Məlum olduğu kimi, 2020-ci iln əvvələrindən dünyaya bürüyən COVİD 19 pandemiyası ölkəmizə də sirayət etmişdir. Buna görə bir sıra dövlət orqanları fəaliyyətlərini məhdud çərçivədə həyata keçirtdilər. Məhz buna görə də AR Mərkəzi Bank ona olan müraciətlərə lazımı qaydada, vaxtında icra etməmişdir. Nəhayət 25.09.2020-ci il tarixində AR Mərkəzi Bankına yenidən müraciət etmişdir. AR Mərkəzi Bankı 30.09.2020-ci il tarixli məktubla müraciətinin cavablandırılması vəzifəsini "Muğanbank” ASC-nə üzərinə qoymuşdur. "xxxx" ASC əsassız olaraq AR Mərkəzi Bankına və mənə 23 oktyabr 2020- ci il tarixli məktub göndərərərək, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icra müddətinin 31.12.2019-cu il tarixində bitməsini qeyd etmiş və bununlada qalıq borcumun restrukturizasiya qeyri-mümkün olduğunu bildirmişdir. Məlum Fərmandan irəli gələn tələblər əsasında onunla "xxxx" ASC arasında güzəştli restrukturizasiya müqaviləsi bağlanmaması tamamilə əsassızdır. Belə ki, məlum Fərmanın icra müddətinin ötürülməsi iddiaçının səhvi nəticəsində deyil, AR Mərkəzi Bankı və "xxxx" ASC-nin müraciətlərinə etinasız yanaşması, vəzifə öhdəliklərini vaxtında icra etməmələri, onu qanunsuz olaraq get-gələ salmaları səbəbindən olmuşdur. Bu hallar iddiaçının hüquqlarının kobud şəkildə pozulması anlamına gəlir. Bu səbəbdən Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" ASC-nə "borcun restrukturizasiya olunması" tələbinə dair Bakı İnzibati Məhkməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 25.02.2021ci il tarixli, 2-1(112)-2814/2021 saylı qərardadı ilə iddia tələbinin mümkün sayılmaması, İddiaçı "xxxx" ASC-nə qarşı aidiyyəti üzrə ümumi (rayon) məhkəməsinə müraciət etmək hüququ izah edilməsinə dair qərara alınmışdır. Bakı İnzibati Məhkəməsi sözügedən qərardadında idda tələbinin mümkün hesab edilməməsini bununla əsaslandırmışdır ki, hazırkı mübahisədə cavabdeh Mərkəzi Bank tərəfindən iddiaçının subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmədiyindən iddia Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə mümkün sayılmamılıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia tələbinə etiraz ərizəsində qeyd edilir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) "xxxx" ASC arasında 13.12.2013-cü il tarixində bağlanmış 10.000 manat dəyərində kredit müqaviləsi "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən 01.03.2019-cu il tarixinə vaxtı keçmiş 1349.71 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına edilmiş, habelə digər kredit habelə digər kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin də, bu borca qismən yönəldilməsi nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya ediləcək məbləğ 1130.49 manat müəyyən edilmişdir. Eyni zamanda göstərilən məlumatlar Mərkəzi Bankı tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da, yerləşdirilmişdir. İddiaçıya münasibətdə X3 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Sonrakı mərhələdə isə yeni kredit müqaviləsi üzrə borclu restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Qeyd edilənlərə əsasən, iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı "kredit borcunun restrukturizasiya edilməsinə" dair iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Göründüyü kimi X5 irəli gələn öhdəlikləri lazımınca icra edərək, 1130.49 manat həcmində borcu restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına əlavə etmişdir. "xxxx" ASC isə qanunla qorunan mənafelərinin əksinə, əsassız olaraq həmin məbləğdə Fərmanın tələbinə uyğun olaraq onunla restrukturizasiya müqaviləsi bağlamaqdan imtina edir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.1-ci bəndinə əsasən, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməsi vəzifəsi AR Mərkəzi Bankının üzərinə qoyulmuşdur. Həmin Fərmanın 7.1-ci bəndinə əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısım müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat vermə vəzifəsi Azərbaycan Respublkikası Maliyyə Bazarlarına Nəzarət Palatasına (indiki hüquqi varisi AR Mərkəzi Bankı) üzərinə qoyulmuşdur. 13.12.2013-cü il tarixli, 019699/2013 saylı kredit müqaviləsi üzrə yaranan 1130.49 manat məbləğində qalıq borcun "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının tələblərinə uyğun olaraq restrukturizasiya edilməsi vəzifəsi "xxxx" ASC-nə həvalə edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh ASC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 13.12.2013-cü il tarixli, 019699/20131 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verməyi, cavabdeh İddiaçı isə həmin məbləğdə krediti qəbul etməyi, kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, hesablanmış faiz borcunu ödəməyi, habelə gecikmələrə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür; Maliyyə Bazarlarına Nəzarət Palatasının internet saytından çıxarılan məlumatın surətinə əsasən İddiaçı Cavabdeh ASC-yə 01.03.2019-cu il tarixinə 1349,71 əsas borc, 1130,49 qalıq borcu müəyyən olunmuşdur; İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış ərizəsinə əsasən “mən- İddiaçı ilə "xxxx" ASC arasında 13.12.2013-cü il tarixində 019699/2013 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə mənə illik 27% olmaqla 36 ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Sonrdan ailə vəziyyətimlə əlaqədar olaraq kredit müqaviləsi üzrə öhdəliyi lazımınca yerinə yetirə bilmədim. Ödəmələrimdə gecikmələr olduğundan borcum Azərbaycan Respublikası Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) aktiv-gecikmədə olan borclar siyahısına düşdü. Sonradan borcum Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" ölkə prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Belə ki, ərizəmə əlavə etdiyim Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən mən İddiaçı Mənərrəm oğluna dair tərtib edilmiş X1 üzrə 29.11.2019-cı il tarixli elektron çıxarışdan göründüyü kimi, tərəfinizdən mənimlə "xxxx" ASC arasında - 906.51 manat məbləğində, "xxxx" İKB ASC arasında - 2640.94 manat məbləğində, "xxxx" ASC arasında (digər kredit müqaviləsi üzrə) - 3166.57 manat məbləğində, "xxxx" KB ASC arasında - 939.72 manat məbləğində və "xxxx" ASC arasında - 1130.49 manat məbləğində resrtukturizasiya müqavilələri bağlanması təklif olunmuşdur. Həmin çıxarış əsasında "xxxx" ASCdən başqa yuxarıda adları qeyd olunan bank təşkilatları ilə aramızda məlum Fərmandan irəli gələn tələblər üzrə resrtukturizasiya müqavilələri bağlandı. Həmin təklifin icra olunması məqsədilə "xxxx" ASC-nə olan 1130.49 manat məbləğində kredit qalıq borcumun resrtukturizasiya olunmasına dair həmin təşkilata ərizə ilə müraciət etdim. Lakin "xxxx" ASC müraciətimi təmin etməyərək, mənə 25.11.2019-cu il tarixli, M/19-10692/1 saylı məktub ünvanlamışdır. Həmin məktubda qeyd edilən çıxarış üzrə qalıq 1130.49 manat qalıq borcumun restrukturizasiya olunması təklif edilən krerit qismində göstərilməsi qeyd olunsa da, lakin Azərbaycan Respublikası MBNP tərəfindən "xxxx" ASC-nə təqdim edilmiş siyahıda mənim kredim borcumun restrukturizasiya olunması göstərilmədiyi bildirilmişdir. Bu səbəbdən hazırda qalıq borcumun restrukturizasiya olunmasının qeyri-mümkün olduğu vurğulanmışdır. Hesab edirəm ki, məlum Fərmandan irəli gələn tələblər əsasında mənimlə "xxxx" ASC arasında güzəştli restrukturizasiya müqaviləsi bağlanmaması tamamilə əsassızdır. Bu hal mənim hüquqlarımın kobud şəkildə pozulması anlamına gəlir. Qeyd olunanlara əsasən, mənimla "xxxx" ASC arasında 1130.49 manat məbləğində yeni restrukturizasiya müqaviləsi bağlanmasına dair "xxxx" ASC-nə göstəriş verməyinizi Sizdən xahiş edirəm” qeyd olunmuşdur; Cavabdeh ASC-nin 25.11.2019-cu il tarixli, M/19-10692/1 saylı məktubunun surətinə əsasən İddiaçı ərizəsinə cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respubikasında fızıkı şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 28 fevral tarixli Fərmanın icrası məqsədi ilə yaradılmış "Problemli kredit məlumatlarının sorğulanması" sistemindən əldə edilmiş çıxarışa əsasən "xxxx" ASC-yə qalıq borcunuz kimi 1130.49 manat müəyyən edilmişdir və həmin miqdarda məbləğ restrukturizasiya olunması təklif edilən kredit qismində göstərilmişdir. Lakin, buna baxmayaraq Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş siyahıda Sizin kredit borcunuzun restrukturizasiya olunması göstərilməmişdir. Bu səbəbdən də hazırda qalıq borcunuzun restrukturizasiya olunmasına qeyri-mümkündür; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 13.12.2013-cü il tarixli, 019699/20131 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verməyi, cavabdeh İddiaçı isə həmin məbləğdə krediti qəbul etməyi, kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, hesablanmış faiz borcunu ödəməyi, habelə gecikmələrə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. İddiaçı iddia tələbində cavabdeh "xxxx" ASC-nin üzərinə onunla yeni müqavilənin bağlanması öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə iddiaçının bu tələbini aşağıdakı əsaslara görə əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 390-cı maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Məhkəmə qeyd edir ki, iradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. İddiaçı cavabdeh "xxxx" ASC ilə irəli sürdüyü şərtlər daxilində müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi tərəfləri «müqavilə azadlığı» prinsipinə ziddir. Belə ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli Plenumunun Qərarında qeyd olunur ki, müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Mülki Məcəllənin 1-ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi). Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Qanunvericilik bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 12 mart 2012-ci il tarixli Qərarı). İşin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hallar çərçivəsində yeni kredit müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Çünki tərəflər arasında bağlanmış kredit müqaviləsi mövcud olmuş, hazırda iddiaçının müəyyən etdiyi şərtlərlə yeni müqavilənin bağlanmasına cavabdehin məcbur edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Buna görə də, bu tələb əsassızdır, təmin oluna bilməz. Müqavilənin bağlanması tərəflərin iradəsində asılı olan bir haldır ki, tərəflər, eləcə də iş üzrə cavabdeh əqdi imzalamaqdan imtina edə bilər. “Müqavilə azadlığı” prinsipi çərçivəsində tərəflər tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “borcun restrukturizasiya olunması” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı (Azərbaycan Respublikasının Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “borcun restrukturizasiya olunması” tələbinə dair iddia rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar