Məhkəmə qərarları › İş №2(005)-3097/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3097/2021

24.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3097/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladlarının saxlanması üçün sabit məbləğ hər uşağa 175 manat, cəmi 350 manat məbləğində hər ay aliment onun xeyrimə tutulması barədə qətnamə qətnaməsi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21.04.2007-ci il tarixdə nikahları rəsmləşdirilmişdir. Həmin nikahdan 30.01.2008-ci il təvəllüdlü Dəmirçiyev İlkin və 11.02.2009-cu il təvəllüdlü Dəmirçiyev İlqar adlı iki övladları doğulmuşdur. Lakin sonra qarşılıqlı münasibətləri getdikcə pisləşmiş və birgə təsərrüfat aparmaqları qeyri-mümkün olmuşdur. Belə ki, oğlu 11.02.2009-cu il təvəllüdlü Dəmirçiyev ilqar daha doğulmadan cavabdehlə aralarında münaqişələr baş verməmişdir. Son dəfə aralarında yaranmış insident cavabdehin gecəyarı onu evdən qovması ilə nəticələndi. Evi yalnız ev paltarı və başmaqlarla tərk etmək məcburiyyətində qalmışdır. Daha sonra boşanma ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nərimanov rayon məhkəməsi 27 noyabr 2008-ci il tarixində qətnaməsi ilə Cavabdeh ilə nikah rəsmi pozulmuşdur. Cavabdeh onun yanında qalan yetkinlik yaşına çatmamış uşaqların qayğısına qalmır, onların saxlanması üçün hər ay ona 308 manat aliment ödəməlidir, lakin vaxtı-vaxtında ödəmir, ödəməkdən yayınır, iş üzrə qətnamə çıxandan sonra icraata Nərimanov, Binəqədi rayonlarına, Şamaxı şəhəri və sonda Nizami rayonunda icraata yönəlib. Haqsız olaraq onun iş yerinə müraciətlər edir, həmçinin uşaqların tərbiyəsində iştirak etmir. Bu səbəbdən o, yenidən məhkəməyə müraciət etməyə məcbur qalmışdır. O, iki uşağa 308 manat aliment alır. Ölkədə hər şey bahalaşıb. 2001-ci ildə övladı Dəmirçiyev İlkin ensefalomielit xəstəliyinə tutulmuşdur. Dəfələrlə xəstəxanada müalicə almışlar. Hal-hazırda uşaq qıcolma əleyhinə dərmanlar qəbul edir. Övladı İlkin 3 dəfə RF Novosibirsk şəhərinə müalicə və müayinəyə aparmış, İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətində müalicə olunmuşdur. Hal-hazırda uşağa loqopetik və psixoloqun dərsləri lazımdır. Pandemiya şəraitində xəstəxanalar bağlıdır və o, məcburdur fərdi şəraitdə uşaqla məşqul olsun. Mövcud şəraitdə təkbaşına 308 manat alimentlə iki uşaq böyütmək onun üçün olduqca çətindir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahaını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli 2(005)-2057/2018 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, müvafiq qətnamə ilə ilkin iddia təmin edilərək, 30 aprel 2008-ci il təvəllüdlü X3, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh sabit pul məbləğində cəmi 308 (üç yüz səkkiz) manat alimentin, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı xeyrinə tutulması, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsi üçün ödənilmiş 10 (on) manat məbələğində dövlət rüsumunun Cavabdeh aid edilməsi, alimentin miqdarının iddia ərizəsinin məhkəməyə daxil olduğu gün, 09.03.2018-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 aprel 2017-ci il tarixdə verilmiş AZ-T seriyalı 028730 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 30 yanvar 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 aprel 2017-ci il tarixdə verilmiş AZ-T seriyalı 028731 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 fevral 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından 30 yanvar 2008-ci il təvəllüdlü X3 və 11 fevral 2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli 2(005)-2057/2018 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, 30 aprel 2008-ci il təvəllüdlü X3, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində cəmi 308 (üç yüz səkkiz) manat alimentin, ünvan 2 ünvanda qeydiyyatda olan İddiaçı xeyrinə tutulması, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınıb dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, qarşılıqlı iddia ərizəsi üçün ödənilmiş 10 (on) manat məbələğində dövlət rüsumunun Cavabdeh aid edilməsi, alimentin miqdarının iddia ərizəsinin məhkəməyə daxil olduğu gün, 09.03.2018-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli 2(005)-2057/2018 nömrəli qətnaməsi ilə 30 yanvar 2008-ci il təvəllüdlü X3 və 11 fevral 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay iki uşaq üçün 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində tutulması qət edilmiş aliment məbləğini dəyişdirərək, hər ay hər uşaq üçün 175 manat, cəmi 350 (üç yüz əlli) sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, birgə nikahdan anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı hər ay hər uşaq üçün 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli 2(005)-2057/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 30 yanvar 2008-ci il təvəllüdlü X3 və 11 fevral 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar