Məhkəmə qərarları › İş №2(005)-310/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-310/2024

18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-310/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı avtomobilə dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 onun “Volkswagen Passat” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1200 manat maddi ziyan və ödənilmiş 32 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Volkswagen Passat” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə ilə həyat yoldaşı X10 idarə edir. xx.xx.2022-ci il tarixdə saat 17:15 radələrində ünvan 1 ünvanda yerləşən “Gəncə” kafesinin qarşısında yoldaşının keçmiş həyat yoldaşı Cavabdeh maşınının sağ və sol qapılarını küt əşya ilə cızaraq 1000 manat dəyərində maddi ziyan vurmuşdur. Yoldaşı kafenin içində olan zaman ofisiantlar ona demişlər ki, bir xanım maşına küt alətlə xəsarət yetirir. Yoldaşı kafeden çıxan zaman keçmiş həyat yoldaşı cavabdeh X7 görmüşdür. Yoldaşı ona zəng vurmuş, hadisəni danışmış və o, bir başa maşının yiyəsi olduğu üçün 102-yə zəng vuraraq məlumat vermişdir. 102 onları 28-ci bölməyə yönəltmişdir. Onlardan ifadəni Emil İslamov götürmüşdür. Maşının yiyəsi olduğu üçün olanlarla bağlı şikayət ərizəsi yazmaq istədiyini bildirməsinə baxmayaraq, polis əməkdaşı cavab olaraq demişdir ki, maşın kimdədirsə, kimin istifadəsində olubsa ərizəni o versin. Həmin gün ekspertizada olmuş və ekspertiza maşına maddi ziyan olaraq ***-**** manat arası təyin etmişdir. Səhəri gün 21 oktyabrda həmin xanıma zəng vurmuşdur ki, törədiyi əməlin səbəbin soruşsun, lakin dəfələrlə zəng etməyinə baxmayaraq, telefonu açmamışdır. Sonra telefonu açan zaman nəlaiq sözlər demiş, onu təhqir etmişdir. O sözlərdən sonra telefonu onun üzünə söndürmüş və whatsapdan yazmışdır ki, məhkəmədə görüşərik. Bundan sonra xanım ona, oğluna, həyat yoldaşına daha da şiddətli şəkildə nəlaiq sözləri səsli formada göndərməyə başlamışdır. Üzərindən bir neçə ay keçmiş, Yasamal Rayon 2-ci Polis Bölməsi məsələni uzadaraq baxmamış və işi başqa sahə inspektoruna vermişlər. Sahə inspektoru da yalandan bu gün sabah, bu gün sabah deyərək, işi uzatmışdır. Polis əməkdaşı Emil İslamovun yanına getmiş və ona qərar vermişlər. Həmin qərarda yazılmıdır ki, hadisə naməlum şəxs tərəfindən törədilmişdir. Çıxarılmış qərarla razı olmadığı üçün Yasamal Rayon Prokurorluğuna şikayət vermiş, qərar ləğv olunmuş və iş yenidən baxılması üçün Nicat Abdullayevin icraatına verilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh polisə çağırmışlar və o, orda ifadə vermişdir ki, Mursaqulov Fuadla onun problemi olduğu üçün maşını cızmışdır. Orada da demişdir ki, Mursaqulov Aynuru tanımır. Halbuki 2022-ci il tarixdə onu təhqir etmişdir. Maşın ustada olan zaman ay yarım taksidən istifadə etmişdir. Azyaşlı oğlu var, oğlunu bağçaya və idmana aparıb gətirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinin əsassız olduğunu qeyd edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, avtoservisin hesabına 1200 manat ödəniş edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5238 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, qərarda və fotoşəkillərdə göstərilən “Volkswagen Passat” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği hadisə baş verən tarixə təxminən 800 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, MN1671536 nömrəli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus avtomobilin sağ və sol qapılarını çızmış və nəticədə Cavabdeh tərəfindən İXM-nin 232-1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cavabdeh Yasamal RPİ-nin 28-ci Polis Bölməsində verdiyi izahatın surətində qeyd edilmişdir ki, X5 məhkəmə qaydasında rəsmi boşanmışdır. İddiaçı tanımır. “Volkswagen Passat” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını 2022-ci ilin oktyabr ayında keçmiş həyat yoldaşı ilə aralarında mübahisə və borcları olduğu üçün cızmışdır; BA235218 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır; xx.xx.2018-ci il tarixli Etibarnamənin surətindən görünür ki, “Etibar edən” X8 bütün əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verməyi və sair hərəkətləri etməyi “Etibar edilən” İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2028-ci il tarixədək verilmişdir; ƏN-Vİ seriyalı, 379826 nömrəli, xx.xx.2022-ci il tarixli Etibarnamənin surətindən görünür ki, “Etibar edən” X8 mülkiyyətində olan “Volkswagen Passat” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etmək səlahiyyətini “Etibar edilən” İddiaçı vermişdir. Etibarnamə xx.xx.2028-ci il tarixədək verilmişdir; “Elektron notariat” X1 çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə “Mülkiyyətçi” X17, “Etibar edən” X11 vasitəti ilə “Volkswagen Passat” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini “Etibar edilən” İddiaçı etibar etmişdir. Etibarnamə xx.xx.2022-ci il tarixədək verilmişdir; Yasamal Rayon Məhkəməsinin 3(004)-4141/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 1600 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır; Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1768/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, inzibai xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən başlanmış inzibati iş üzrə icraata xitam verilməsi və Yasamal Rayon Məhkəməsinin 3(004)-4141/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atası X9, anası X6r; BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubunun və “Volkswagen Passat” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin və sonrakı qeydiyyat hərəkətləri barədə məlumatların kompüter çıxarışının surətindən görünür ki, “Volkswagen Passat” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmış və xx.xx.2020-ci il tarixdə adınan qeydiyyatdan çıxarılaraq, həmin tarixdə X12 adına qeydiyyata alınmışdır. Müxtəlif tarixlərdə İddiaçı nəqliyyat vasitəsindən istifadə və sərəncam hüququna dair etibarnamələr verilmişdir. xx.xx.2022-ci il tarixdə avtomobil X12 adından qeydiyyatdan çıxaraq, həmin tarixdə X3 adına qeydiyyata alınmışdır; “Lotto Kredit”-in xx.xx.2024-cü il tarixli, 01/24 nömrəli arayışdan görünür ki, “Volkswagen Passat” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobil kreditə görə xx.xx.2020-ci il tarixdə İddiaçı ilə “Lotto Kredit” arasında müqavilə bağlanmışdır. İddiaçı borcunu xx.xx.2022-ci il tarixdə tam ödəmiş və bu səbəbdən ona xx.xx.2022-ci il tarixdə avtomobili adına keçirilməsi üçün etibarnamə verilmişdir. Qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək məqsədilə 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə işin mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus “Volkswagen Passat” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol və sağ qapılarını cızmış və nəticədə “Volkswagen Passat” markalı, **-ST- *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan hadisə nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Hazırda iddiaçı hadisə nəticəsində nəqliyyat vasitəsinə dəymiş maddi zərər əvəzini cavabdeh tərəfindən ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə iddiaçının hazırki iddia tələbini irəli sürməyə sübyektiv hüququ ilə əlaqədar qeyd edir ki, “Volkswagen Passat” markalı, **-ST-*** avtomobil lizinq şirkətinin mülkiyyətində olmuş və avtomobil idarə etmək üçün İddiaçı etibarnamə əsasında verilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı lizinq şirkəti qarşısında olan öhdəliyini tam ödəmiş və ona həmin tarixdə avtomobili öz mülkiyyətinə keçirməsi üçün etibarnamə verilmişdir. Cavabdeh tərəfindən “Volkswagen Passat” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2022-ci il tarixdə zərər vurulmuşdur. Göründüyü kimi cavabdeh tərəfindən avtomobilə ziyan vurulmamışdan əvvəl iddiaçının avtomobil üzərində sahibkarlıq və mülkiyyət hüququ yaranmış, lakin mülkiyyət hüququ rəsmi qeydiyyata alınmamışdır. Qeyd edilən hal iddiaçının mülkiyyətçi olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olmasını kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.2 və 1096-cı maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehlərin təqsiri müəyyən edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, MN1671536 nömrəli İnzibati xəta haqqında protokoldan və Cavabdeh Yasamal RPİ-nin 28-ci Polis Bölməsində verdiyi izahatından göründüyü kimi, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdehnun qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən “Volkswagen Passat” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin qiyməti 800 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki iş üzrə isə cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə iddiaçının avtomobilinə hadisə nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün ekspert rəyinə əsasən müəyyən olunan məbləğin 800 manat təşkil etdyini, həmin məbləğin ağlabatan olduğunu və bu halı təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, dəymiş maddi ziyana görə cavabdehdən 800 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tam qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərci iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, tərəflərə aid edilməlidir. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 32 manatın 21,3 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki prosessual 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Maddi zərərə görə 800 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 32 manatın 21,3 manatı Cavabdehdan alınaraq İddiaçıə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar