Məhkəmə qərarları › İş №2(005)-315/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-315/2023

21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-315/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 15000 (on beş min) manat pulun, dövlət rüsumu üçün ödənilmiş 135 (bir yüz otuz beş) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun yaxın yoldaşlıq münasibəti olmuşdur. Mən kartof alqı-satqısı ticarətini həyata keçirirdi. Cavabdeh yoldaş kimi ona müraciət etdi ki, onu da öz ticarət fəaliyyətinə qoşsun. Pərviz onu ticarət fəaliyyətinə qoşularkən onun dövriyyədə mal qalığı kimi 70.000 manat məbləğində vəsaiti var idi. Həmin malların satışından əldə olunan vəsait ticarət fəaliyyətimin genişləndirilməsinə imkan verirdi. Bunu bilən Cavabdeh 30.000 manat vəsait qoymaqla alqı-satqı prosesinə girməyi təklif etdi. Cavabdeh kartof alışına 30.000 manat qoyaraq ticarət fəaliyyətinə başladıqdan bir neçə gün sonra ə bildirdi ki, malların dövriyyəsinə və pul vəsaitlərinin uçotuna özü nəzarət edəcəkdir. Bundan sonra Cavabdeh özünün tanıdığı şəxsləri iş prosesinə cəlb etdi və onlara əmək haqqı verməyə başladı, dəfələrlə ona bildirdi ki, kartof alqı-satqısında böyük gəlir yoxdur. Bundan sonra Cavabdeh təşəbbüsü ilə tanımadığım şəxslər vasitəsi ilə Rusiya Federasiyasından 5 ədəd TİR maşını ilə kartof sifariş verdi. Həmin mallar 2020-cu ilin yanvar ayında Rusiya Federasiyasında yüklənilib Respublikamıza gətirdi. Bakı şəhərində malların satış obyektələrinə paylanmasını və pulların yığılmasını Pərviz həyala keçirmişdir. Nəticədə kartof alqı- satqısı nəticəsində onun dövriyyədə olan 70.000 manat puluna görə qazanc əldə etməli olduğu halda həmin məbləğ ona qaytarılmadı. Cavabdeh malların xarab olduğunu 29000 manat məbləğində malın dəyərinin “Grant marketdən" ala bilmədiyini buna görə də zərər qoyduğunu bildirmişdir. Araşdırma ilə müəyyən etdi ki, Cavabdeh “Grant marketə 29.000 manat məbləğinda kartof verməyibdir. Ticarət fəaliyyətinə qoyduğu pulun 22.000 manatını götürmüş 8000 manat zərər qoymuşdur. Pərvizin ziyan qoymaqla bağlı izahalarını dinlədikdən sonra bütün zərərin çıxılmasından sonra ona 15.000 manat pul ödəməsini bildirdi. Pərviz isə bu biznesin ona aid olduğunu bildirərək özünün qoyduğu 8000 manat pulu ondan tələb etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər orqanlarında işləyən qohumları vasitəsi ilə ona hədə-qorxu gəlməyə başlamış və nəticədə qohumluq və tanışlıq münasibətlərindən istifadə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh ilə onunla arasında yaranmış münasibətlər mülki hüquq xarakterli münasibətlər olduğundan və qanunla müəyyən edilmiş öhdəliklərin icrası ilə bağlı olduğundan məhkəmə qaydasında həll olunmalıdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun şəkildə izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddia tələbində zamanı belə bildirilməyən vaxtda tərəfindən İddiaçı onun ticarət fəaliyyətinə qoşulmağına müraciət etməsi qeyd edilmişdir. Tamamilə əsassız olduğunu bildirmiş və qeyd etmişdir ki, 2019-cu ilin noyabr ayında İddiaçı və onun iş ortağı Cavanşir adlı şəxs tərəfindən Rusiya Federasiyasından ölkəyə kənd təsərrüfatı məhsullarının idxalı işinin yalnız maliyyələşdirilməsi ona təklif olunmuşdur. İşin xüsusiyyəti ondan ibarətdir ki, sərmaye qoyuluşu onun tərəfindən, RF-nın Tambov, Ryazan və digər vilayətlərdən kartofun idxalı və satışı Ülvi və Cavanşir tərəfindən yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Əldə olunan şifahi razılaşmaya əsasən gəlirin 30 %-i Cavanşir, 35 %-i Ülvi və qalan 35 %-i onun gəlirinə hesablanmalı idi. İddia tələbində qeyd olunan digər bir hala əsasən İddiaçı 70000 (yetmiş min) manat məbləğində vəsaiti var idi. Lakin ona müraciət etdiyi zamanda maliyyə vəziyyəti çətin olduğundan, müəyyən vaxtlarda ondan və onunla işləyən şəxslərdən az miqdarda pul borcları götürülmüşdür. Əlavə olaraq bildirilmişdir ki, həmin dövrə görə ondan ailə üzvünün əməliyyat olunması ilə əlaqədar borc belə istəmişdir. Bu onun göstəricisidir ki, iddia ərizəsində qeyd olunan 70000 (yetmiş min) manat pul vəsaitinə iddiaçı malik olmamışdır. İddia ərizəsində qeyd olunan digər hala görə öz təşəbbüsü ilə iddiaçının tanımadığı şəxslərin vasitəsi ilə Rusiyadan 5 tır kartof sifariş edilmişdir. Bildirilmişdir ki, onun RF ilə heç bir əlaqəsi olmamışdır. Amma iddiaçının həyat yoldaşı Rusiya vətəndaşıdır və onun ordakı ailə üzvlərinin köməyi ilə kartof bazaları haqda məlumat toplamış və əlaqələr qurmuşdur. Buna misal olaraq Bakıda dəfələrlə birlikdə görüşdükləri zaman, iddiaçının qaynı RF-da kartof məhsullarının bazar qiymətindən daha ucuz qiymətə satışının axtarışı ilə məşğul olduğu ona bildirilmişdir. İddiaçı ona yeni il qabağı qiymətlərin qalxacağına görə 5 Tır kartofun idxalını ondan maliyyələşdirilməsi təklif edilmişdir. Lakin onun ilkin olaraq verdiyi pul vəsaiti ilə idxalçının idxal etdiyi 2 Tır kartofu hələ də Cavanşirin köməyi ilə sata bilmədiklərini əsas gətirərək bu təklifi rədd edib, ona bu fikirdən daşınmalı olduğunu bildirmişdir. Buna baxmayaraq iddiaçı bu iş üçün Türkiyədə yaşayan Şamko adlı qohumundan 80000 manat alıb həmin 5 Tır kartofu onunla şərikli gəlir əldə etmək məqsədi ilə idxal etmişdir. Bunu bildikdən sonra o, gəlirinə şübhə ilə yanaşdığı bu işin nəticəsini bilmək istədikdə, məlum olmuşdur ki, iş zərərə uğramışdır. Kartof Bakıya gəldikdən sonra iddiaçı tərəfindən ona bildirilmişdir ki, onu aldatmışlar, məhsulun bir qismi xarab, qalan hissəsi isə cücərmiş halda göndərilmişdir. Yəni, dəyəri bazar qiymətindən iki dəfə ucuz başa gələcəkdir. Bu səbəbdən iddiaçının idarəçiliyi altında Meyvəli bazarında kartofun satışını həyata keçirən işçisi Çingizin vasitəsi ilə yuxarıda qeyd edilmiş kartofu ucuz qiymətə satmışlar. İddiaçı onu işə cəlb etməmişdən əvvəl dövriyyəsində yalan olaraq göstərilmiş 70000 (yetmiş min) manat əslində onu işə cəlb etdiyindən bir müddət sonra Şamko adlı qohumundan alıb batırdığı həmin 80000 (səksən min) manatdır. İddia ərizəsində qeyd olunan digər bir hala görə Bakı şəhərində malların satış obyektlərinə paylanmasını və pulların yığılması onun tərəfindən həyata keçirildiyi qeyd olunmuşdur. Satış öhdəliyi isə əslində iddiaçı və ona bu işlərdə kömək edən tanışları Cavanşir və Çingizin tərəfindən həyata keçirildi. İddiaçı ilə arasında olan ilkin razılaşmaya görə vəzifəsi bu işlərin yalnız maliyyələşdirilməsi olmuşdur. Grandmart marketlər şəbəkəsinə kartof satışı bilavasitə iddiaçı tərəfindən təşkil olunmuşdur. Bu əməkdaşlığın təməli iddiaçının həmin vaxt kirayə yaşadığı evin 1-ci mərtəbəsində fəaliyyət göstərən Grandmart filialında qoyulmuşdur. Yəni işin təşkil olunması ilə əlaqədar danışıqlar bilavasitə iddiaçı tərəfindən aparılmışdır. İddia tələbində qeyd olunmuş hala əsasən onun tərəfindən Grandmart satış üçün kartof verilməsi isə onunla absurd və həqiqətə uyğun olmayan haldır ki, həmin zamanadək və sonrakı dövrlərdə Grandmart marketlər şəbəkəsi ilə bu və ya digər şəkildə heç bir əlaqə və ünsiyyəti olmamışdır. 2020-ci ilin ikinci yarısında gəlirimin həddsiz dərəcədə az olduğunu və çox hallarda olmadığını başa düşdükdən sonra verdiyim pulun geri almaq qərarına gəlmişdir. Bu səbəbdən İddiaçı hesabat tələb etdikdə, verilmiş bütün pul məbləğinin “Grandmart” marketlərinin meyvə-tərəvəz şöbələrini hüquqi şəxs statusunda təhcizatı işləri ilə məşğul olan Samir müəllim adını verərək bildirdi ki, O bir müddət ərzində onlardan aldığı, ümumi dəyəri 40.000 azn (qırx min) olan kartof məhsulunun ödənişini etməmişdir. Səbəb olaraq da qeyd etdi ki, Samir müəllim ilə bu və digər səbəblərdən əlaqə yaratmaq mümkün olmur. Məsələni aydınlaşdırmaq üçün İddiaçı və mühasibimiz X3 müəllim ilə görüşdülər .Görüş zamanı Samir müəllim tərəfindən təqdim olunan sənədlər əsasında müəyyən olundu ki, bütün ödənişlər tam şəkildə U.Rəşidzadəyə ödənilmiş və görüşdə iştirak edən İddiaçı də təqdim olunan sənədlərə və həmin pulun ona ödənildiyinə heç bir etiraz etmədi. Buna baxmayaraq həmin günün axşamı İddiaçıylə görüşüb ona etiraz bildirərək, O və adları yuxarida qeyd olunan Cavanşir və sonradan satış işlərinə cəlb olunan Çingiz barəsində onların qanuna zidd əməllərinə görə hüquq mühafizə orqanlarına müraciət edəcəyini dediyi zaman “Sən heçnə eləmə,mən sənə bütün məbləği iki ay ərzində qaytaracam.” İddiaçı iki aydan gec olmayaraq işə qoyduğum pul vəsaitinin tam ödənilməsini xahiş etmişdim.Bu söhbətimizdən dörd ay keçməsinə baxmayaraq, İddiaçı tərəfindən pulum qaytarılmadı, hətta bununla əlaqədar bir səy belə göstərilmədi. Əvəzinə növbəti dəfə görüşdüyümüz zaman pulumu qaytarmaq üçün Saray və Novxanı qəsəbələrindəki sahib olduğu torpaq sahələrini satıb pulumu ödəmək kimi yeni vədini verdi. Bu məqsədlə İddiaçı mənimlə torpaqlarından birini alan şəxsi görüşdürdü.Görüş zamanı əldə etdikləri razılığa əsasən torpağın alıcısı ümumi məbləği üç ay ərzində her aym sonu 8000 (səkkiz min) manat ödəməklə bitirəcəyini bildirdi.Lakin iki ay keçdikdən sonra yalnız bir dəfə 4600 (dörd min altı yüz) manat pul verib bildirdi ki, qalan 3400 (üç min dörd yüz) manat atasına lazım olduğuna gorə ona vermişdir və 3 güne onuda gətirəcək.Bu ödənişdən sonra İddiaçı mənə olan borcunun 35400(otuz beş min dörd yüz)manat ödəməsindən yayınaraq yenidən onunla əlaqəni kəsmişdir. Sonradan aydın olur ki,torpaq satışı ilə bağlı görüş vaxtın uzadılması məqsədi ilə iddiaçı və onun tanışı tərəfindən qurulmuş bir absurd teatrı idi Həmin vaxtdan indiki günə qədər borcu ödənilməmiş, hətta İddiaçı ilə heç bir əlaqə yarada bilməmişdir. Başqa sözlə etibardan sui istifadə edərək iş qurmaq məqsədi ilə verdiyi sərmayə qeyri-qanuni olaraq İddiaçı tərəfindən mənimsənilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırılması üçün 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia edir ki, aralarında şifahi razılaşmanın olduğunu və həmin razılaşma üzrə Cavabdeh 30.000 manat vəsait qoymaqla alqı-satqı prosesinə girməyi təklif etmiş, ticarət fəaliyyətinə qoyduğu pulun 22.000 manatını götürmüş 8000 manat zərər olmuş, bütün zərərin çıxılmasından sonra ona 15.000 manat pul ödəməsini bildirdi. Pərviz isə bu biznesin ona aid olduğunu bildirərək özünün qoyduğu 8000 manat pulu ondan tələb etdi. Cavabdeh tərəf iddia tələbinə etiraz etmiş, həmin pul məbləğini qəbul etməmiş, iddiaçının ona borclu olduğunu, bu səbəbdən artıq hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, borcun olmasını və ya qaytarılmasını təsdiq edən iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilk növbədə onun tərəfindən cavabdehə tələb olunan məbləğdə pul məbləğinin verilməsi halını sübut etməli idi. Lakin iddiaçı öz iddiasının əsaslığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; İddiaçı tələbində qeyd olunan pulun hansı hüquqi əsasla cavabdehdən tələb etməsini göstərə bilməmişdir. İddiaçı tərəfin istinad etdiyi hallar hər hansı sübut növü ilə öz təsdiqini tapmır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 15000 (on beş min) manat pulun cavabdehə verilməsi halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, tələb olunan pul vəsaitini cavabdehə verdiyini sübut etməsi yükü iddiaçının üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incum bit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə mülki işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi sübuta yetirilə bilməmişdir. Belə ki, iddiaçı 15000 (on beş min) manat pulun verilməsinə dair sübut təqdim etməmişlər. Eyni zamanda, tərəflər arasında bu münasibətləri təsdiqləyən hər hansı bir müqavilə də bağlanmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçı iddia tələbini sübut edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununla belə, məhkəmə istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia rədd edilməlidır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar