Məhkəmə qərarları › İş №2(005)-3174/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3174/2022

05.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3174/2022 05.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən turun təşkili üçün ödədiyi 1319 ABŞ dolları pul vəsaitinin, dəymiş zərər kimi 800 ABŞ dolları (464 manat da bura daxil) əlavə xərcin və ödənilmiş 56 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdeh "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən nümayəndəliyinə yaxınlaşaraq Misir Respublikasının Şarm-ƏL-Şeyx şəhərinə turun təşkili üçün 2 nəfərlik birgə 1319 ABŞ dolları pul vəsaitini sözügedən şirkətə ödəmiş və bu barədə qəbz şirkətin özündə saxlanılmış, yalnız səfər sığortası şəhadətnaməsi və uçuş biletləri verilmişdir. Bunlardan əlavə tura günə 3 dəfə qidalanma 6 gecə 7 gün Misir Respublikasının Şarm-ƏL-Şeyx şəhərində “Albatros Granada-Yellow Place” 5 ulduzlu hoteldə qalmaq və transfer daxil idi. Daha sonra "xxxx" MMC vəd etdiyi Misir Respublikasının Şarm-ƏL-Şeyx şəhərinə olan turu təşkil etməmişdir. Tur şirkətinə xarici pasportla birlikdə korona virusla bağlı immun sertifikatını təqdim etmişlər. Turizm şirkəti isə bildirmişdir ki, bununla Misirə uçuş mümkün olacaq. Lakin hava limanında olarkən məlum olmuşdur ki, uçuşdan öncə immun sertifikatı olsa belə, qaydalara əsasən koronavirus testi verilməlidir. Bundan sonra uçuşa icazə verilməmişdir. Tur şirkəti ilə əlaqə saxlayarkən İddiaçı1 bildirmişdilər ki, “biletin batmasın deyə heç olmasa sən tək get səndə sertifikat qaydasındadır, sonra yoldaşını da göndərərik”. Lakin ora gedib çatdıqdan sonra, tur şirkəti ilə əlaqə saxlamış, İddiaçı2 üçün 1089 ABŞ yenidən pul tələb etmişdilər. Aldatdılar ki, bir həftə sonra İddiaçı2 da göndərəcəklər. İddiaçı1 yoldaşını gözləməyə görə bir həftə də artıq qaldıqdan sonra əlavə olaraq başqa tur şirkəti ilə əlaqə saxlayaraq əlavə 464 manat ödəniş etmişdir. Nəzərə alınmayan xərclər və cərimələrlə birlikdə 800 ABŞ dollarına (464 manat da bura daxil) yaxın xərci çıxmışdır. Bundan sonra "xxxx" MMC şirkətinə dəfələrlə şifahi müraciətlər etsə də, 1319 ABŞ dolları pul vəsaitinin geri qaytarılmasından müxtəlif bəhanələrlə imtina edilmişdir. Göstərilən səbəblərdən hüquqları "xxxx" MMC tərəfindən kobud surətdə pozulmuşdur. Alınmış biletlərdən görünür ki, "xxxx" MMC ilə Misir Respublikasının Şarm-ƏL-Şeyx şəhərinə olan turun təşkili ilə bağlı razılığa gəlinmiş, ‘‘Globus Travel and Tours" MMC isə ödədiyi məbləğin qarşılığında Misir Respublikasının Şarm-ƏL-Şeyx şəhərinə olan turu təşkil etməyi öz üzərinə öhdəlik kimi götürmüşdür. Turizm şirkəti vəd olunan xidməti təşkil edə bilmədiyinə görə, qarşı tərəfə onlara ödədiyi pulun və dəymiş ziyanın geri qaytarılması üçün şifahi müraciət etmiş, cavab olaraq yalnız 300 ABŞ dolları qaytara biləcəklərini qeyd etmiş, onların təklifi ilə qəti surətdə razı deyillər. Turizm xidməti üçün müvafiq ödəniş etsə də, qarşı tərəf öz öhdəliyinə düşən xidməti göstərməmiş, ödənişi isə hazırda geri qaytarmaqdan imtina etmişdir. Məhkəmənin 05 sentyabr 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC cavabdeh qismində cəlb edilmiş, daha sonra iddiaçının əsl olmayan cavabdehlərin əsl cavabdehlə əvəz edilməsinə dair ərizəsi əsasında Məhkəmənin 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə "xxxx" və "xxxx" MMC əsl Cavabdeh MMC ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək bildirmişdir ki, onlar xarici ölkəyə səfər üçün cavabdehdən tur paket alarkən immunitet sertifikatlarını göstərmiş, cavabdehin nümayəndəsi isə sənədlərinin qaydasında olduğunu və pcr testi verilməsinə ehtiyac olmadığını bildirmiş, lakin aeroportda olarkən 1 doz vaksin olduğundan immunitet sertifikatının yetərli olmaması və pcr testinin verilməməsi səbəbindən yoldaşı uçuşa buraxılmamışdır. Cavadeh isə onun biletinin batmaması üçün Misirə uçmasını və tezliklə yoldaşının da göndəriləcəyini bildirmiş, öz hesabına 1 həftə əlavə orada qalsa da cavabdeh öz vədlərinə əməl etməmiş, İddiaçı2 ora göndərilməsi üçün əlavə ödəniş tələb etmişdir. Cavabdeh tərəfindən onlara zərər vurulduğundan iddianın təmin edilməsini xahiş etmişdir. Digər İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, hazırki vəziyyətdə Cavabdeh MMC dayışıcı deyildir və hər hansı məsuliyyət daşımır. Misirə uçuşu AİRCAİRO aviaşırkəti təşkil edir və iddiaya cavab verməli olan şəxs daşıyıcı olaraq AİRCAİRO aviaşırkətinin satış nümayəndəsi Paşa Travel MMC-dir. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X1 Cavabdeh MMC-nin İddiaçı1 və İddiaçı2 Misirə səfəri üçün onlardan tur paketi aldığını, turizm zərfinə bilet, otel, transfer, sığortanın aid olduğunu, sifarişin dəyərinin 1306.49 USD təşkil etdiyini və səfər barəsində, o cümlədən tur təşkil edilən ölkəyə giriş qaydaları haqda bütün zəruri məlumatların verilməsini müştəriyə satışı həyata keçirən şirkət, yəni Cavabdeh MMC daşıdığından bu məsələdə onların heç bir məsuliyyəti olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: X2 elektron biletinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı Heydər Əliyev adına X4 X7 limanına uçuş və 27-xx.xx.2022-ci il tarixdə geriyə qayıdış nəzərdə tutulmuşdur; Səfər sığortası şəhadətnaməsinin surətindən görünür ki, Arzu Vəliyeva xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 30000 euro məbləğində sığortalanmışdır; Sərnişin İddiaçı1 elektron biletinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı Heydər Əliyev adına X4 X7 limanına uçuş və 27-xx.xx.2022-ci il tarixdə geriyə qayıdış nəzərdə tulumuşdur; Səfər sığortası şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 30000 euro məbləğində sığortalanmışdır. Sifariş haqqında məlumatdan görünür ki, 20.05.22-28.05.22-ci il tarixlərində Misirə səfərlə bağlı sifarişə otel, uçuş bileti, transfer, sığorta, qayıdış bileti daxildir və Cavabdeh MMC-nin agent olduğu müqavilənin dəyəri 1306,49 USD təşkil edir; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 və Hacıyev Orxan tərəfindən X6 Şeyxə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində tur üçün 928 manat ödəniş edilmişdir; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ümumi 2065,57 manat ödəniş edilmişdir; İddiaçı tərəfindən təqdim edilmiş telefon yazışmalarını əks etdirən fotoşəkildən görünür ki, “Elbrus” adlı şəxs xx.xx.2022-ci il tarixdə yazmışdır ki, “Bu qədər abi. Mövzu aydındır. İmunitet sertifikatında 1 doz məlumatı yox idi. Sadəcə immunitet sertifikatı ilə gedə bilər məlumatı var idi. Anlaşılmazlıq burada çıxır” və “Xeyrlisi abi. Gel qaydasına salacayıq bir yolnan. Məsləhət sənindir”. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında turist xidmətlərinin göstərilməsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh MMC İddiaçı1 və İddiaçı2 X5 Şeyx şəhərinə 20.05.22-28.05.22-ci il tarixlərində səfər üçün turizm zərfi təşkil etmiş və səyahətlə əlaqədar (bilet, otel, transfer və s.) lazımi işləri görməyi öhdəsinə götürmüşdür. İddiaçılar hava limanında olarkən, İddiaçı2 səfər edəcəyi xarici ölkənin tələb etdiyi COVİD-19 virusuna dair qaydalara əməl etmədiyindən (1 doz vaksin olması və pcr testi verməməsi səbəbindən) uçuşa buraxılmamışdır. Digər İddiaçı1 isə sənədləri qaydasında olduğundan uçuşa buraxılmışdır. İddiaçılar keyfiyyətli xidmət göstərilmədiyinə, uçuşun şərtləri barədə lazımi qaydada məlumat verilmədiyinə, həmçinin bu barədə Cavabdeh MMC-yə bildirdikdən sonra İddiaçı1 səhayətə tək getməsinin, daha sonra isə arvadı İddiaçı2 göndəriləcəyinin bildirilməsi səbəbindən məcbur qalaraq əlavə ödəniş edərək planlaşdırdığı vaxtdan daha çox xarici ölkədə qaldığından çəkdiyi xərclərin əvəzinin, turun təşkili üçün ödədiyi 1319 ABŞ dolları pul vəsaitinin, dəymiş zərər kimi 800 ABŞ dolları əlavə xərcinin ödənilməsini tələb edir. Mülki Məcəllənin 862.1 və 862.2-ci maddələrinə əsasən, turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. Turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Göründüyü kimi, turist xidmətlərinin göstərilməsinə dair müqavilə mülki hüquq qanunvericiliyi ilə tənzimlənən mülki-hüquqi müqavilə növlərindən biridir. Müqavilə üzrə görüləcək işin həcmi, məbləği, keyfiyyəti və işin başa çatdırılması kimi bir sıra əhəmiyyət kəsb edən hallar xidmət müqavilələrinin özəyini təşkil edir. Xidmətlər istehlakçıya göstərildikdə, yaranan hüquq münasibətlərinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilir. Həmin Qanunun 1-ci maddəsinə görə istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. İstehlaklakçıların əsas hüquqlarından biri istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması və malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun, düzgün məlumat əldə etmək hüququdur (3-cü maddə). Qanunun 5.1 və 13.1-ci maddələrinə görə, istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Göründüyü kimi, istehsalçı, icraçı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə, eləcə də xidmət haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan xidmət təqdim etmək, həmçinin xidmət haqqında dolğun və düzgün məlumat vermək vəzifəsi daşıyır. Hazırki iş üzrə materiallarından görünür ki, Cavabdeh MMC iddiaçılara xarici ölkəyə səyahət üçün tur təşkil edəcəyini və həmin səyahətlə əlaqədar aviabiletlərin, daşıma, qidalanma və oteldə qalmaq məsələlərinin həll edilməsini öz öhdəsinə götürmüşdür. Bununla bağlı tərəflər arasında bağlanmış yazılı müqavilə təqdim edilməsə də, iddiaçının cavabdeh təşkilatdan bilet alması və həmin biletdən yararlanması, otel və sair xidmətlərindən istifadə etməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh fasiləsiz audio yazının aparıldığı məhkəmə iclasında həmin xidmətlərin cavadehə göstərilməsini qəbul etmiş, lakin xarici ölkəyə giriş qaydaları barədə məlumatın verilməsinin onların vəzifəsi olmadığını bildirmişdir. Bununla bağlı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Bu baxımdan iddiaçı artıq həmin xidmətlərin cavabdeh tərəfindən göstərildiyini sübut etmək yükündən azad olur. İddiaçıların əsas dəlilləri ondan ibarətdir ki, uçuş ilə əlaqədar iddiaçıların birinə, yəni İddiaçı2 xarici ölkəyə uçuş üçün COVİD-19 virusundan immunitet sertifikatının olmasının kifayət etdiyi bildirilmiş və İddiaçı2 cavabdeh tərəfindən verilmiş yanlış məlumata görə pcr testinin verilməməsi səbəbindən xarici ölkəyə uçuşa buraxılmamışdır. İmmunitet sertifikatı ilə bağlı kifayət qədər məlumatının olmaması və 1 dozanın kifayət etməməsi səbəbindən uçuşa buraxılmaması iddiaçı tərəfindən təqdim edilmiş telefon yazışmalarında da öz əksini tapmışdır. Cavabdehin nümayəndəsi immunitet sertifikatı ilə bağlı yaranmış problem səbəbindən uçuşa buraxılmamasını təsdiq etsə də, məlumat verilməsinin onların öhdəliyinə aid olmadığını, bu məsələdə həmin xarici ölkəyə uçuşu həyata keçirən şirkətin satış nümayəndəsinin öhdəlik daşıdığını bildirmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.9, 1.1.12 və 1.1.13-cü maddələrinə əsasən, turizm xidmətləri – səyahətin məqsədindən asılı olaraq turistlərə ödənişli əsaslarla göstərilən yerləşmə, nəqliyyat (nəqliyyat vasitələrinin turistlərə kirayəyə verilməsi daxil olmaqla), turagent, turoperator, turizm bələdçisi, ictimai iaşə (qidalanma), əyləncə, idman-sağlamlıq, mədəni, işgüzar tədbirlərin təşkili xidmətləri və turistlərin tələb və ehtiyaclarının ödənilməsini təmin edən digər xidmətlərdir. Turoperator – turizm zərfinin hazırlanmasını, birbaşa və ya turagent vasitəsilə satışını həyata keçirən hüquqi şəxsdir. Turagent isə turizm xidmətlərinin və ya turoperatorlar tərəfindən hazırlanmış turizm zərfinin satışını həyata keçirən və ya bu sahədə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxsdir. “Turizm haqqında” Qanunun 14.1.1, 14.1.5 və 14.1.6-cı maddələrinə görə turistlərin aşağıdakı hüquqları vardır: - getdiyi ölkənin (yerin) ərazisinə daxil olma, orada olma qaydaları, yerli əhalinin adətləri, dini mərasimlər, müqəddəs yerlər, xüsusi mühafizə olunan təbiət, tarix, mədəniyyət abidələri və digər turizm obyektləri, ətraf mühitin vəziyyəti barədə məlumat almaq; - təklif edilən turizm zərfinin (turizm xidmətinin) xüsusiyyətləri, turizm xidmətlərinin göstərilməsi üzrə müqavilənin şərtləri haqqında tam, dəqiq və düzgün məlumat almaq; - turizm zərfinin (xidmətinin) satışına dair müqavilə şərtlərinin yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etmək. Hazırki işdə cavabdeh turagent kimi çıxış etdiyini və məsuliyyət daşımadığını bildirsə də qeyd olunmalıdır ki, tur barədə müştəriyə verilmiş yanlış məlumata görə məsuliyyət satışı həyata keçirən turagentin üzərinə düşür. Belə ki, yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi istehlakçıya xidmət göstərən şəxs, yəni turizm zərfinin satışını həyata keçirən turagent turistə getdiyi ölkənin ərazisinə daxil olma, orada olma qaydaları və sair barədə dolğun və düzgün məlumat vermək vəzifəsi daşıyır. Belə ki, hazırki iş üzrə istehlakçılara satışı həyata keçirən şəxs məhz turagent olmuş, onlar həmin turizm zərfini cavabdehdən əldə etmiş və kifayət qədə dolğun və düzgün məlumat vermək vəzifəsi də onun üzərinə düşmüşdür. Əks yanaşma məntiq və qanunauyğunluq prinsipi ilə ziddiyyət təşkil etmiş olar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13.4-cü maddəsinə görə isə satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Nəzərə alınmalıdır ki, adıçəkilən Qanunun 16-cı maddəsinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 24.23.1 və 24.23.2-ci bəndlərinə görə, icra olunmuş işlərdə və ya göstərilmiş xidmətlərdə çatışmazlıqlar aşkar edildikdə, istehlakçı göstərilmiş xidmətin (yerinə yetirilmiş işin) dəyərinin müvafiq məbləğdə azaldılmasını tələb edə bilər. Beləliklə, cavabdeh tərəfindən yuxarıda qeyd olunan qanunvericilik normalarının əhəmiyyətli dərəcədə pozularaq təklif edilən turizm zərfinin (turizm xidmətinin) xüsusiyyətləri, ölkəyə giriş-çıxış qaydaları haqqında tam, dəqiq və düzgün məlumat verilməməsi, lazımi keyfiyyətli xidmət göstərilməməsi nəticəsində istehlakçılara zərər dəymişdir. Bu hallar isə iddiaçılara “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” və “Turizm haqqında” Qanunlara uyğun olaraq zərərin ödənilməsini tələb etmək hüququ vermişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçılara cavabdehin öz öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsində zərər dəyməsi və onların zərərin ödənilməsini tələb etmək hüququ təsbit olunsa da, iddiaçıların tələb etdiyi və cavabdehə turun təşkili üçün ödənilmiş 1319 ABŞ dollarının bötüvlükdə deyil, yalnız iddiaçılardan biri İddiaçı2 tərəfindən uçuşun həyata keçirilməsinin mümkün olmaması səbəbindən dəymiş zərərə görə ödənilmiş məbləğin yarısının, yəni 659,5 ABŞ dollarının tutulmasını məhkəmə ədalətli və məqsədəmüvafiq hesab edir. Belə ki, digər İddiaçı1 əldə etdiyi turizm zərfi çərçivəsində xarici ölkəyə səyahətini həyata keçirmişdir. İddiaçıların İddiaçı2 səyahətinin baş tutmaması səbəbindən İddiaçı1 planlaşdırılmış vaxtdan əlavə 1 həftə xarici ölkədə qalması və bunun üçün çəkdiyi 800 ABŞ dolları əlavə xərcin ödənilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçılar həmin əlavə xərclərin məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində yarandığını, əlavə xərclərin çəkilməsinə zərurət olduğunu, eləcə də iddiaçının bildirdiyi kimi məhz cavabdehin xahişi əsasında orada 1 həftə qalmalı olmasını sübut edə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddia tələbinin qeyd edilən hissəsi üzrə sübutetmə yükü bilavasitə iddianı irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Həmçinin Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsi qaydalarını və şərtlərini tənzimləyən 21.3-cü maddəsinə uyğun olaraq, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.3-cü maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, iddiaçı qeyd edilən hissədə tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən və tələbin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia iddiaçının xarici ölkədə planlaşdırılmış müddətdən artıq qalmasına görə çəkdiyi 800 ABŞ dolları məbləğində əlavə xərcin ödənilməsi hissəsində təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 659,5 ABŞ dolları (ödəniş gününün məzənnəsi üzrə manatla) və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 17,40 manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 659,5 ABŞ dolları (ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə) və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 17,40 manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar