Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3178/2022 20.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4092 manat məbləğində pulun və Mülki Məcəllənin 445-ci maddəsinə əsasən həmin məbləğin 5 faizinin (204 manat) alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Nəsrəddin Tusi küçəsi 225 ünvanında yerləşən “Xətai 20” adlı aptekdə dərmanların satışı ilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək məşğul olmuşdur. Həmin yerin icarə müqaviləsində qeyd edilən aptekin tərəfindən işlədilməsi göstərilmişdir. Cavabdeh bacısı qızı Cavabdeh ilə birlikdə Fatmayi kəndində yerləşən aptekdə şərikli dərman satışı ilə məşğul olmağı, satışa çıxarılacaq dərmanların siyahısını tərtib etməyi, “Xətai 20” adlı aptekdəki malların yeni açılacaq aptekə daşınmasını qərarlaşdırmışlar. Həmin malların dəyəri cəmi 6512 manat təşkil etmiş, bu məbləğin 2592 manat məbləğində hissəsi ona çatmalı idi. Dərmanların ümumi məbləği Zeytun apteklər şəbəkəsi tərəfindən “Xətai 20” adlı aptekin adına yazılmış qaimələrdə öz əksini tapmışdır. Bu da onu göstərir ki, həmin mallar onun ödədiyi pulla alınmışdır. Eyni zamanda, adına olan ***-***-**-** mobil nömrəsinə gələn sms-lərdə də müvafiq məbləğlər görünür. Cavabdeh ilə danışığından sonra qeyri-rəsmi yaşadığı Samir adlı şəxs apteki şərikli işlətməyin əleyhinə olduğunu bildirərək, onun Fatmayi kəndindəki apteki işlətməyinə mane oldu, onun həmin aptekə daxil olmağına imkan vermədi. Aptekdən kənarlaşdırdıqdan sonra o Cavabdeh ona aid olan məbləğin (2592 manat) qaytarılmasını tələb etmişdir. Cavabdeh çatacaq məbləğin qaytarılmasına dair dəfələrlə vəd versə də, həmin məbləği bu günədək qaytarmamışdır. Bu barədə yuxarıda qeyd edilən whatsap yazışmaları və səs yazıları vardır. xx.xx.2022-ci il tarixində, saat 14:00 radələrində Fatmayi kəndində yerləşən aptekə gedərək 2592 manat məbləğində pulun Cavabdeh tərəfindən ona qaytarılmasını tələb etmiş, lakin onu orada təhqir edərək, aptekin dəmir jalüzünü bağlamış və içəridə 30 dəqiqə saxlamışdır. Həmin anda mobil telefon vasitəsilə 102-yə zəng etmiş və kömək istəmişdir. Sonra Cavabdeh qorxaraq jalüzü açmış və onun 102-yə olan şikayətini geri götürməyimi istəmişdir. Aptekdə olan kamera görüntüləri də, qeyd edilən hadisənin baş verdiyini sübut edir. Həmçinin Cavabdeh 2020-ci ildə öz adına Fatmayi kəndində torpaq almaq üçün ondan 1500 manat məbləğində pulu borc kimi götürmüşdür. 2022-ci ilin iyun ayında həmin borc məbləğinin geri qaytarılmasını ondan tələb etmiş, lakin Cavabdeh pulu qaytarmayacağını bildirmişdir. Bu barədə ***-***- **-** mobil nömrəsində olan səs yazıları da vardır. Həmçinin cavabdehin anası da qızının 1500 manat məbləğində borcunun olduğunu təsdiq edərək, həmin məbləğin özü tərəfindən geri qaytarılacağını bildirmiş, lakin məbləği bu günədək geri qaytarmamışdır. Bu barədə də sms və səs yazıları vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçı onun xalasıdır. Aptek işlətməsi ilə əlaqədar ondan dərman almışdır. Mal almış və onun pulunu ona geri qaytarmışdır. Dərmanın pulu olan 2595 manatı iddiaçının evinin qarşısında ona vermiş, həmin vaxt iddiaçının oğlu və gəlini evin həyətində əyləşmiş, eyni zamanda işçisi də avtomobildə onu gözləmişdir. Torpaq alınması məqsədilə onlara xala kimi kömək etdiyini, heç vaxt borc vermədiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, əvvəllər Zenfira xanımla işləmiş, daha sonra Zenfira xanım obyekti bağladığı üçün Günel xanımla işləməyə başlamışdır. Zema xanımın obyekti ziyana gedirdi və mallarını satmaq istəyirdi. Bu zaman Zema xanım həmin malları Günel xanıma götürməyi təklif etmiş, Günel xanım da bununla razılaşmışdır. Zema xanım şərik olmaq istəyirdi. Lakin Günel xanım həyat yoldaşının razılaşmadığını bildirərək imtina etmişdir. Onlar həmin malların dəyərini hesabladılar və 2595 manat müəyyənləşdirdilər. Həmin pulu Zema xanıma vermək istədilər, lakin Zema xanım götürmədi. O evə gedəndə Günel xanım öz avtomobili ilə onu evə aparırdı. Bir gün Günel xanım ilə evə gedərkən ona xalasına pulunu verəcəyini və pulu verdikdən sonra onu evinə aparacağını bildirmişdir. Birlikdə Zema xanımın evinə yollanmışlar və Günel xanım Zema xanıma pulu verərkən, avtomobildə Günel xanımı gözləmişdir və 2595 manat pulu maşında özü saymışdır. İşdən çıxdıqları zaman, saat təxminən 22:00 radələrində evinin qarşısında Zema xanıma həmin pulu verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, cavabdeh onun bacısıdır. Xalasının aptekdə dərmanları olmuş və o apteki bağlayarkən həmin dərmanları bacısına vermişdir. Dərmanların dəyərinin nə qədər olduğunu dəqiq bilmir. Bacısı telefonda danışarkən dərmanların pulunu xalasına verdiyini, lakin xalasının götürmədiyini bildirmişdir. Daha sonra telefonda danışarkən xalası pulu götürmədiyi üçün onun evinə getdiyini və evində həmin pulu verəcəyini bildirmişdir. Bacısı ilə axşam saatlarında danışarkən yolda olduğunu, xalasıgilə getdiyini bildirmişdir. Həmin gündən sonra yenidən bacısı ilə danışdığı zaman o pulu xalasına verdiyini demişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər qohumluq münasibətlərindədir. Onlar arasında dərmanların alqı-satqısından irəli gələn hüquq münasibətləri yaranmışdır. Bu hal tərəflərin izahatları və şahid ifadələri ilə təsdiq olunur. İşin mübahisələndirilən halı həmin dərmanların dəyəri olan 2592 manat pulun verilibverilməməsi ilə bağlıdır. Eyni zamanda iddiaçı torpaq alınması üçün cavabdehə 1500 manat borc verdiyini bildirir və həmin pulun qaytarılmasını tələb edir. Mülki Məcəllənin 567 və 598.2-ci maddələrinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Eyni Məcəllənin 427.2 və 427.4-cü maddələrinə uyğun olaraq, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. (Mülki Məcəllənin 529.1 və 529.3-cü maddələri). Hazırki işdən göründüyü kimi, cavabdeh 2592 manat məbləğində iddiaçıdan mal aldığını qəbul edir. Lakin həmin malın dəyərini sonradan evinə gedərək iddiaçıya verdiyini iddia edir. Bununla bağlı qeyd edilməlidir ki, tərəflər arasında faktiki münasibətlər, yəni qohum olma faktı, eləcə də şifahi alqı-satqı müqaviləsinin bağlanması nəzərə alınarsa pulun qaytarılmasının yalnız müvafiq halı təsdiq edən yazılı sənədin olduğu halda qəbul edilməsi mülki qanunvericiliyin prinsipləri ilə ziddiyyət təşkil etmiş olar. Məhkəmə şahid ifadələrini, tərəflərin izahatlarını, təqdim edilmiş səs yazılarını iş üzrə digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, iddiaçı həmin məbləği tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı məhkəmədə izahatında müvafiq iddianı cavabdehin onun mənzilindən könüllü qeydiyyatdan çıxmadığı, onunla pis rəftar etdiyi üçün verdiyini, cavabdehin onun evinə gələrkən orada başqa şəxslərin olmadığını bildirmiş və digər ziddiyyətli izahatlar vermişdir. Həmçinin səs yazılarında cavabdeh və onun tanışı borcu ödədiyindən borcunun olmaması barədə notarial təsdiq edilmiş sənəd verməsini iddiaçıdan xahiş etmiş, iddiaçı isə borcu qaytardıqlarını sübut edə bilməmələrərini, yalnız mənzilindən qeydiyyatdan çıxdıqdan sonra müvafiq sənədi verəcəyini bildirmişdir. Qeyd olunan səs yazıları və tərəflərin izahatı əsasında məhkəmə iddiaçının qərəzli mövqedən çıxış edərək iddia qaldırdığı qənaətinə gəlir. İş üzrə mövcud olan sübutları tərəflərin qarşılıqlı münasibətlərinə uyğun araşdıraraq məhkəmə hesab edir ki, cavabdeh aldığı dərmanın pulunu iddiaçıya ödəmişdir. Belə ki, iddiaçı borcun ödənilməməsini bildirməklə kifayətlənmiş, təqdim etdiyi səs yazılarında isə bu halı təsdiq edən hər hansı bir mötəbər sübut aşkar olunmamışdır, cavabdeh öz növbəsində müvafiq borcunun olduğunu etiraf etmiş, həmin borcun qaytarılmasını təsdiq edən şahidləri dəvət etmişdir. “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3 və 106.1-ci maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 184.2-ci maddəsinə görə isə işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçının torpaq alınması üçün verdiyi 1500 manat borcun qaytarılması tələbinə gəlincə isə qeyd edilməlidir ki, müvafiq pulun məhz borc kimi cavabdehə verilməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmiş, cavabdeh isə ona borc verilmədiyini, yardım üçün xalası, yəni iddiaçı tərəfindən anasına 500 manat verildiyini bildirərək iddianı qəbul etməmişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı mülki işdə iddiaçı iddia ərizəsində cavabdehə müəyyən məbləğdə borc pul verməsini göstərsə də, təqdim etdiyi səs yazılarında həmin halı təsdiq edən sübut aşkar olunmamışdır. Eyni zamanda həmin səs yazıları iddia tələbinin əsaslılığının sübuta yetirilməsi üçün kifayət etmir. Göründüyü kimi, iddiaçı iddianın əsasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, cavabdeh tərəf isə iddianı etiraf və ya qəbul etməmişdir. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Borcun mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının tələb etdiyi məbləği cavabdehə verməsinə dair etibarlı sübutlar mövcud deyil. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri) Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə iddianın Mülki Məcəllənin 445-ci maddəsinə əsasən pulun 5 faizinin (204 manat) cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi pulun qaytarılması hissəsində təmin edilmədiyindən, qeyd edilən tələb isə əsas borc məbləğindən törəmə tələb olduğundan, iddia həmin hissədə də əlavə araşdırma aparılmadan təmin edilməməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3178/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3178/2022
20.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver