Məhkəmə qərarları › İş №2(005)-3181/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3181/2022

15.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3181/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Ədilova Solmaz İmran qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə görə hakim Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə uyğun olmayan iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə görə, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədə cavabdehlərin ünvanını Bakı şəhəri, 17-ci Polis Şöbəsi və Bakı şəhəri, Nərimanov rayon Baş Polis İdarəsi kimi qeyd etmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbləri baxımından iddia tələblərinə cavab verməli olan şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) və s. qeyd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələbinə əsasən iddiaçı iddia tələbində mülki işə baxılmasının iddia ərizəsini verdiyi məhkəmənin inzibati yurisdiksiyasına aid olmasını təsdiq edən sübut əlavə etməlidir. Əks halda məhkəmə iddia ərizəsinin ərazi aidiyyəti üzrə həmin məhkəməyə aid olub-olmamasını müəyyən etmək imkanından məhrum olmuş olur. Bununla yanaşı məhkəmə iddiaçıya izah edir ki, qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq iddia tələbinə cavab verməli olan şəxslər qismində müvafiq dövlət orqanları çıxış edir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya qeyd edilən nöqsan aradan qaldırdıqdan sonra müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlava edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qaytarılarsa, qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152.1.2, 153.3, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ərizə ilə aidiyyət qaydalarına riayət etməklə müvafiq məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar