Məhkəmə qərarları › İş №2(005)-319/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-319/2022

06.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-319/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əkbərli Samiq Sadiq oğlunun katibliyi Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 20 000 manat pulun, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 25000 manat pul cavabdehdən iddiaçının xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83, mənzil 43-ün sahibidir. Mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədi mövcuddur. 21 dekabr 2020-ci il tarixində səhər saat 09 radələrində yataq otağinin döşəməsindən tüstü çıxmasını görüb eyvana çıxdı və bu zaman iddiaçıya məlum oldu ki cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83, mənzil 14-15-də yanğın baş verir.Bu barədə FHN-nə məlumat verdi və daha sonra yanğın söndürüldü. Aparılmış araşdırılma zamanı yanğının cavabdehə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83, mənzil 14-15-də olan kamin tipli qaz sobasından qaynaqlandığı məlum olmuşdur. Həmin yanğın söndürülən zaman iddiaçıya məxsus mənzilə su axması nəticəsində mebellərinə və mənzilinə yetərincə ziyan vurulmuşdur. Belə ki, iddiaçının paltar dolabı sıradan çıxmış, mənzilin divarları, döşəməsi, pərdə və paltarlar sıradan çıxmışdır. Bunu təqdim etdiyi fotolardan da görmək mümkündür. Cavabdehin təqsiri üzündən iddiaçıya məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu AR FHN- nin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı R.Dəmirov tərəfindən qəbul olunmuş 14 iyun 2021-ci il tarixli Materialın aidiyyatı üzrə göndərilməsi haqqında qərarla da təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, yəni mebel, döşəmə, divar kağızları , bütün paltarlar ,2 ədəd şuba, dolablarda olan bütün paltarlar sıradan çıxmışdır. Paltarların siyahısını və qiymətini məhkəmə gedən zaman təqdim edəcək. Korlanmış əşyalar və pul əskinasları iddiaçı tərəfindən saxlanılmışdır və sübut kimi təqdim oluna bilər. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 20 000 manat təşkil edir. Həmçinin, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində ustaların tərtib etdiyi smetaya əsasən təmir dəyəri 25000 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Əvvəlki məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, hazırki mülki iş üzrə cavabdehin əməlində deliktin törədilməsinin sübut edilmədiyini, hər hansı delikt olmadığı üçün də hazırki iddia tələbi üzrə cavabdehdən pul tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MA seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin 43 saylı mənzili İddiaçı adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 147 nömrəli kitabının 14307 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası FHN-nin Əməliyyat İstintaq İdarəsinin təhqiqatçısı kapitan X2 qərarından görünür ki, 21 dekabr 2020-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanda yerləşən yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə əlaqədar toplanmış material aidiyyəti üzrə Bakı şəhəri, Səbail rayon Prokurorluğuna göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim edilmişdir. Qərarın əsaslandırıcı hissəsinə əsasən, FHN Əməliyyat-İstintaq İdarəsinə 14 iyun 2021-ci il tarixdə daxil olmuş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2021-ci il tarixli, 10/151 nömrəli məhkəmə yanğın-texniki ekspertizasının rəyi ilə müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yaşayış binasında yerləşən mənzillərdə yanğının mənbəyi 14-15 nömrəli mənzilə daxil olduqda irəlidə "kamin" tipli qaz sobasının tüstü borusunun yerləşdiyi tavanla üçüncü mərtəbənin döşəməsi arasında boşluq hissədə olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istiiik ixrac edə bilən texniki qurğulardan “kamin" tipli qaz sobasının tüstü borusunun yerləşdiyini, eləcə də həmin zonada yanğına səbəb ola bilən digər amillərin olmadığını və təhqiqat tərəfindən müəyyən edilən hadisənin baş vermə şəraitini, yəni hadisə ərəfəsində qeyd olunan “kamin” tipli qaz sobasının yandırılmış vəziyyətdə olduğunu nəzərə alaraq, yanğın tıxaclanma yaranmış tüstü borusunun mərtəbələrarası hissəsində yanma məhsullarının borudan (birləşmə, istismar zamanı yaranmış çat, korroziya və s. yerindən) mərtəbələrarası hissəyə yönəlməsi və orada yerləşən taxta konstruksiyaların davamlı termiki təsirə məruz qoyaraq alışmasından baş verməsi üçün xarakterikdir. Belə olan halda baş vermiş hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 1.2, 7.6 bəndlərinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 1.13 bəndinin 3-cü abzasının, eləcə də 9.239 bəndinin və “Qazdan istifadə qaydalarının 2.7-ci bəndinin tələbi pozulmuşdur. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yerləşən yaşayış binasının ikinci mərtəbəsində 14-15 nömrəli mənzilin daxilində “kamin" tipli qaz sobasından istifadə zamanı soba nəzarətsiz saxlanılaraq təhlükəsiz istismarı təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 7.6 bəndinin və “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 1.13 bəndinin 3-cü abzasının tələbi həmin mənzilin sahibi tərəfindən pozulmuşdur. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yerləşən yaşayış binasının ikinci mərtəbəsində 14-15 nömrəli mənzilin məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə dövrü olara texniki baxış keçirilməsi təmin edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 1.2 "Qaz təsərrüfatında təhiükəsizlik qaydalarının 9.239 bəndinin və “Qazdan istifadə qaydalarfnın 2.7 bəndinin tələbi evdaxili qaz avadanlıqlarına texniki baxışların keçirilməsini həyata keçirən təşkilatın vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur. Beləliklə yoxlama zamanı müəyyən edilmişdir ki, 21 dekabr 2020-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yaşayış binasında baş vermiş yanğın hadisəsi 14-15 nömrəli mənzilə daxil olduqda irəlidə “kamin" tipli qaz sobasının tüstü borusunun yerləşdiyi tavana üçüncü mərtəbənin döşəməsi arasında boşluq hissədə yanğın tıxaclanma yaranmış tüstü borusunun mərtəbələrarası hissəsində yanma məhsullarının borudan (birləşmə, istismar zamanı yaranmış çat, korroziya və s. yerindən) mərtəbələrarası hissəyə yönəlməsi və orada yerləşən taxta konstruksiyaların davamlı termiki təsirə məruz qoyaraq alışması nəticəsində baş vermişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 7.6 bəndinin və “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 1.13 bəndinin 3-cü abzasının tələbi 14-15 nömrəli mənzilin sahibi tərəfindən və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarfnın 1.2 “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.239 bəndinin və “Qazdan istifadə qaydalarının 2.7 bəndinin tələbi evdaxili qaz avadanlıqlarına texniki baxışların keçirilməsini həyata keçirən təşkilatın vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur. İş materiallarında olan İcbari Sığorta Bürosunun məhkəmə sorğusuna verilmiş cavab məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti ev 83, 43 saylı mənzilə aid 21 dekabr 2020-ci il tarixdə qüvvədə olmuş icbari sığorta müqaviləsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı müvafiq ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2022-ci il tarixli, 10/1414-9/1551 №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 83, 43 saylı mənzilində baxış keçirən zaman ekspertiza tədqiqatına təqdim edilmiş “Hair” markalı kondisionerin yenisi ilə əvəz edilməsi müəyyən edildi. Həmin kondisionerin təzə vəziyyətdə orta bazar qiyməti təxminən 550.0 manat müəyyən olunur. İddia ərizəsində qeyd edilən əşyalar barədə kifayət qədər məlumat olmadığından tədqiqat aparılmadı. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83, mənzil 43 saylı mənzilin təmirində yaranmış qüsurların aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 2724 manat məbləğində müəyyən olunur. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83, mənzil 43 saylı mənzilə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yerləşən 14-15 nömrəli mənzilin tavanında baş vermiş yanğın nəticəsində ziyan dəymişdir. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yaşayış binasında yerləşən mənzillərdə yanğının mənbəyi 14-15 nömrəli mənzilə daxil olduqda irəlidə "kamin" tipli qaz sobasının tüstü borusunun yerləşdiyi tavanla üçüncü mərtəbənin döşəməsi arasında boşluq hissədə olmuşdur. Həmin zərərin məbləği ekspert tərəfindən 2724 manat dəyərində müəyyən edilmişdir. Mənzildə kondisionerin təzə vəziyyətdə orta bazar qiyməti təxminən 550.0 manat müəyyən olunur. İddia ərizəsində qeyd edilən əşyalar barədə kifayət qədər məlumat olmadığından tədqiqat aparılmadı. İddiaçının iddia tələbinin əsasını cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 ünvanında yerləşən 14-15 nömrəli mənzilində baş vermiş yanğın nəticəsində ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83, mənzil 43 saylı mənzilə dəyən ziyanın ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Qanunvericiliyin tələbinə görə vurulmuş zərər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə təqdim edilən sübutlara qiymət verərək qeyd edir ki, məhkəmə baxışı zamanı aparılmış ekspertiza ilə vurulmuş zərərin həcmi 1242 manat müəyyən edildiyindən iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdeh X3 tərəfindən vurulmuş zərərin əvəzi olaraq 1242 manat İddiaçı xeyirinə tutulmalıdır. Lakin bu zaman nəzərə alınmalıdır ki, yararsız vəziyyətə düşmüş əmlaklara münasibətdə iddia tələbi sübut edilmədiyindən, həmin hissədə tələb əsassızdır. Belə ki, ekspert də iddia ərizəsində qeyd edilən əşyalar barədə kifayət qədər məlumat olmadığından tədqiqat aparılmasının qeyri-mümkün olduğu nəticəsinə gəlmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, FHN-nin Əməliyyat İstintaq İdarəsinin qərarı ilə Cavabdeh “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi” qaydalarının və “Qaz təsərrüfatında təhlükəsizlik” qaydalarının pozulmasında təqsirli olduğu müəyyən edilmişdir. Habelə, keçirilmiş bir neçə məhkəmə iclaslarında Cavabdeh deliktin törədilməsində təqsirinin olmadığını göstərən, habelə təqsirini aradan qaldıracaq hər hansı dəlil-sübutu təqdim etməmiş, bununla belə məhkəməyə hər hansı vəsatətlə müraciət etməmiş, sadəcə sonuncu məhkəmə iclasında cavabdehin əməlində təqsirli olmasını sübut edəcək halların aşkar olmadığını bildirmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının hər hansı tələbi olmadığından iş üzrə ödənilmiş 30 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul cavabdehdən tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 83 saylı evin, 43 saylı mənzilinə dəymiş zərərin əvəzi olaraq 2724 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq “Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar