Məhkəmə qərarları › İş №2(005)-3200/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3200/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3200/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində pulun və məhkəmə üçün ödənilən 60 manat dövlət rüsumunun mənim xeyrimə tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Cavabdeh mənim doğma bacımdır. 2022-ci il tarixdə cavabdeh mənə başqa bir şəxsə borclu olduğunu bildirərək ona kömək etməyimi xahiş etmiş bunun üçün məndən 7000 manat məbləğində borc pul istəmişdir. Cavabdeh doğma bacım olduğu üçün ona inanaraq kömək etmək məqsədi ilə zəhmətlə işləyərək qızımın xeyir işi üçün yığdığım puldan ona 7000 manat borc pul verdim. Cavabdeh məndən borc pulu alan zaman mənə olan borcunu yaxın zamanda qaytaracağını bildirdi. Lakin 7000 manat borcundan 3000 manat geri qaytarsa da, qalan 4000 min manat borcunu mənə geri qaytarmamışdır. Belə ki, cavabdeh yaxın zamanadək mənə olan borcunu hissə-hissə qaytaracağını bildirsə də sonradan borcunu ümumiyyətlə ödəməyəcəyini bildirmişdir. Sonuncu dəfə ona müraciət edərkən "get hara istəyirsən şikayət et mən sənin pulunu qaytarmayacam" deyərək mənə olan borcunu ödəməkdən imtina etmişdir. Beləliklə cavabdeh verdiyi vədə əməl etməmiş, mənim etibarımdan suiistifadə edərək mənim pulumu mənimsəmişdir. Buna görə şikayət ərizəsi ilə Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət etmişəm, lakin müraciətimin heç bir nəticəsi olmamış, polis bölməsində məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur.” II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, cavabdeh baxıcılıq işləri ilə məşğuldur. Onu polis saxlamışdı, çünki kimdənsə pul almışdı və işini düzəltməmişdi. Polis saxlayarkən qardaşı qızları ona zəng etmişdirlər ki, bacınızı aparırlar. Cavabdeh 7.000 manat məbləğdən 3.000 manatını hissəhissə göndərib, lakin digər məbləğin ödənilməsi üçün ondan möhlət istəmişdir. Sonradan cavabdeh pulu qaytarmayacağını bildirdi. Şahidlər gəlmədilər və hesab edir ki, qorxdular. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia tələbinə etiraz edir. Özü agır xəstədir və bu səbəbdən məhkəmə iclaslarına gələ bilməmişdir. İddia tələbində qeyd olunan 4.000 manat məbləğini qəbul etmir, lakin iddiaçıya 750 manat məbləğində borcu var. Pensiya kartı kreditə yönəldilib və 4 aydan sonra krediti bitir. Ondan 5.000 manat faizlə götürmüş və həmin məbləği ödəmişdir. Şahidlər var və pulu verəndə bildirmişdir ki, əsas məbləğdən çıxılsın, faizdən yox. Həmin məbləği az-az götürmüş və qaytarmışdər. Özüm onkoloji xəstədir və pulu verərkən şahidləri olub. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi tərəflər arasında mülki münasibətlərin tənzimlənməsi üçün müvafiq razılaşmanın olması zəruridir. Hazırda tərəflər arasında şifahi razılaşmanın olması tərəflərin məhkəmə iclasında izahatları ilə sübut olunmuşdur. Belə ki, audio-video yazısı aparılan məhkəmə iclasında iştirak edən Cavabdeh, iddiaçıdan 5000 manat məbləğində faizə pul götürdüyünü, lakin həmin məbləği ödədiyini, hazırda iddiaçıya 750 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, pulun verilməsinə dair sübutetmə yükü iddiaçının, pulun qaytarılmasını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçıdan borc aldığını etiraf etmiş, qeyd olunan məbləği qaytardığını bildirsə də buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, cavabdeh tərəfindən iddia tələbi üzrə göstərilən borcdan ödənişlər edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı sübut aşkar edilməmişdir. Halbuki, cavabdehin bildirdiyi hallar bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və cavabdeh bu hallara dair sübutetmə vəzifəsi daşıyır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və buna görə də təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat məbləğində məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu təmin edilmiş iddianın həcminə mütənasib olaraq tərəflərə aid edilməli, iddianın qiyməti nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 60 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 4000 (dörd min) manat məbləğində borc və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. IV. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində borc və ödənilmiş 60 (altmış) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar