Məhkəmə qərarları › İş №2(005)-3215/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3215/2022

30.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3215/2022 30.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMCyə məxsus “Ford Transit” yük avtomobilinin avtoqəza nəticəsində iddiaçının idarə etdiyi “Mercedes Benz” C180 markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyanın aradan qaldırılması üçün 2900 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən avtomobilinə dəymiş ziyana görə 1300 manat , hüquqi xidmətlərə görə 150 manat və 39 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı etibarnamə əsasında idarə etdiyi ‘‘Mercedes Benz” C-180 minik markalı, ** SM *** qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsində “Chevrolet Camaro” markalı minik avtomobili “Ford Tranzit” markalı yük avtomobilini ötmək istəyərkən “Ford” markalı avtomobil “Chevroleti” vurdu. Zərbənin təsirindən isə “Chevrolet” də iddiaçının idarə etdiyi avtomobili vurdu. Xəsarət alan olmasa da idarə etdiyi avtomobilə xeyli ziyan dəydi. Hadisə yerinə gəlmiş Bakı şəhəri, DYPİ-in əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək bütün zəruri tədbirlər görüldü. Müəyyən olundu ki, hadisəni törədən şəxs Cavabdeh2 idarə etdiyi “Ford Tranzit” yük avtomobilini etibarnamə əsasında sürür və bu maşın "xxxx" MMC-yə məxsusdur. Nur çörəyi daşımaqla məşğuldur. Xalq sığorta tərəfindən verilmiş sığorta aktı PXA 85766-da zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2900 (iki min doqquz yüz) manat göstərilsə də iddiaçı 1682.13 AZN ödənilmişdir. Bu sığorta təşkilatı ümumi məbləği "xxxx" MMC tərəfindən təqdim olunan akt əsasında müəyyən etmişdir. Qeyd etmək lazımdır ki, qəza törətmiş “Ford Transit” yük avtomobili sığortalı olmuşdur və onun sığorta məbləği 5500 (beş min beş yüz) AZN müəyyən edilmişdir. Həmin məbləğ hər iki maşına dəymiş zərərə uyğun olaraq mütənasib bölündüyündən avtomobillərin tam təmir olunması yetərli olmamışdır. Ona görə də vurulmuş maddi zərərin tam aradan qaldırılması üçün lazım olan vəsait "xxxx" MMC tərəfindən ödənilməlidir. Mənim avtomobilimin tam təmir olunması üçün əlavə olaraq 2900 manat vəsait lazımdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi X2 iddia tələbinin əsassız olduğunu bildirərək, yol nəqliyyat hadisəsinin onlara məxsus avtomobil tərəfindən törədilmədiyini, iddiaçıya cəmiyyət tərəfindən hər hansı maddi ziyan vurulmadığını bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli İXP-3896366 №-li protokoldan görünür ki, Cavabdeh2 AR İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xəta törətmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli TP-4309060 №-li İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 AR İXM-nin 327.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 40 manat məbləğində İnzibati cərimə edilmişdir. İş materiallarında olan ƏN-İV № 817374 saylı Nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Mercedes C180” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı Gasanov Elmar etibar edilmişi etibarnamə qaydasında İddiaçı xx.xx.2029-cu il tarixinədək idarə etmək üçün vermişdir. İş materiallarında olan AD N 521322 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Ford Transit» yük markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli X2 ilə Cavabdeh1 MMC arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AD521322 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən buraxılış ili 2009 olan «Ford Transit» yük markalı **- TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixinədək icarəyə götürən Cavabdeh1 MMC-yə verilir. İş materiallarında olan "xxxx" MMC-nin dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Mercedes C180” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2900 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan "xxxx" MMC-nin yük avtonəqliyyatı üçün verilmiş № 010886 saylı xx.xx.2021-ci il tarixli yol vərəqəsinin surətindən görünür ki, yol vərəqəsinə əsasən Cavabdeh2 «Ford Transit» yük markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh1 MMC tərəfindən icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2022-ci il tarixli 9/3354 saylı ekspert rəyinin surətindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" servis tərəfindən tırtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlra əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “Mercedes C180” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2480 manat müəyyən edilir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı etibarnamə əsasında idarə etdiyi ‘‘Mercedes Benz” C-180 minik markalı, ** SM *** qeydiyyat nişanlı minik avtomobilini idarə edərkən xx.xx.2021-ci il tarixdə cavabdeh «İsrafiloğlu” MMC-yə məxsus Cavabdeh2 “Ford Tranzit” yük avtomobilini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. DYPŞ-də araşdırma aparılmış və Cavabdeh2 baş vermiş yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olduğu və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsi ilə İnzibati xəta haqqında xx.xx.2021-ci il tarixli İXP-3896366 №-li protokol tərtib edilmiş və həmin protokol əsasında eyni tarixli TP-4309060 №-li İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Cavabdeh2 40 manat məbləğində İnzibati cərimə edilmişdir. "xxxx" MMC-nin qüsur aktından görünür ki, “Mercedes C180” minik markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2900 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla qismən sübuta yetmişdir. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh2 hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən 24 may 2022-ci il tarixli 9/3354 saylı ekspert rəyinə əsasən müəyyən edilmiş nəqliyyat vasitəsinin təmir-bərpa xərci və "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmiş 1682 manat vəsait əsas götürülməklə, Cavabdeh2 798 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə digər cavabdeh «İsrafiloğlu” MMC-yə münasibətdə iddia tələbini Mülki Məcəllənin 1108.2-ci maddəsinin tələbləri baxımından əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materialları ilə sübuta yetir ki, «İsrafiloğlu” MMC tərəfindən Cavabdeh2 «Ford Transit» yük markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol vərəqəsi əsasında istifadəyə verilmişdir. Həmin yol vərəqəsi qeyd olunan hadisə baş verən vaxt qüvvədə olmuşdur. Belə ki, MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yuxarıda sadalananlardan göründüyü kimi, «İsrafiloğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti «Ford Transit» yük markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanuni əsaslarla Cavabdeh2 vermiş, beləliklə də yüksək təhlükə mənbəyi onun sahibliyindən hüquqa zidd götürülməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbini hüquqi xidmətlərə görə 150 manat pulun cavabdehlərdən tutulmasına münasibətdə sübutlar mövcud olmadığından əsassız hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 dəymiş maddi zərərə görə 798 manat pul və 39 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar