Məhkəmə qərarları › İş №2(005)-3223/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-3223/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-3223/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı oglunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oglu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı oglunun iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır, yəni tərəflər arasında mübahisə mövcud olduqda məhkəmədə iş başlanılır. Lakin İddiaçı oglu Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilə bağlanması öhdəliyinin qoyulmasını xahiş etsə də, iddia ərizəsinə iddiaçının bu məsələ ilə bağlı cavabdehə müraciətini və cavabdehin imtinasını təsdiq edən müvafiq sənəd əlavə edilməmişdir. Beləliklə məhkəmə, iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədin əlavə edilmədiyini nəzərə alıb hesab edir ki, İddiaçı oglunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı oglunun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilə bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı ogluna qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar