Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3230/2023 28.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2714/2022 saylı qətnaməsinin ləğv edilməsi, Cavabdeh onunla birgə nikahdan doğulmuş övladları, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa görə 250 manat ümumilikdə 500 manat sabit pul məbləğində alimentin və xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi qulluğa görə hər ay 100 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki o, Cavabdeh xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahları 1 saylı “Asan Xidmət” Mərkəzində 73 saylı nikah qeydi ilə rəsmləşdirilmişdir. Cavabdeh ilə birgə nikahlarından xx.xx.2018-ci il təvəlüdlü X6 və xx.xx.2022-ci il təvəlüdlü X5 adlı övladları vardır. Hazırda dünya görüşləri fərqləndiyindən, cavabdeh öz həyatını yaşadığından, ailəsinə laqeyd münasibət göstərdiyindən, ailəyə heç bir maddi köməklik etmədiyindən ailə münasibətləri pozulmuşdur. Nikahları formal xarakter daşıyır, ayrı yaşayırlar, cavabdeh ailəni atıb getmişdir, uşaqlarına heç bir maddi köməklik etmir. İddiaçı heç yerdə işləmir, valideynlərinin köməyi ilə uşaqlarını saxlayır. Hazırda uşaqların sağlamlığına, inkişafına, məişət qayğılarının təminatına sərf etdiyi xərclər artmışdır, müəyyən olunmuş alimentlə uşaqların saxlanmasında çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh 370 manat maaş aldığını, tələb edilən alimenti ödəmək iqtidarında olmadığını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir; - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2714/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3864/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 193 manat alimentin X3 xeyrinə tutulması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin iddiaçı X4 ödənilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək, yəni xx.xx.2025-ci ilədək 30 manat miqdarında alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin nikahı pozulmuş və uşaqlar analarının himayəsində saxlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2714/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 193 manat alimentin və uşaq 3 yaşına çatanadək 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin uşaqların xərclərinin ödənilməsi üçün kifayət etməməsinə əsaslanaraq məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 250 manat, ümumilikdə 500 manat məbləğində müəyyən edilməsi, habelə uşaq 3 yaşına çatanadək müəyyən olunmuş aliment məbləğinin artırılaraq 100 manat məbləğində təyin edilməsini xahiş edir. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən xeyli az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən aliment müəyyənləşdirilərkən müvafiq dövrün həyat standartları və uşağın ehtiyaclarının səviyyəsi əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacı artmış, həm də uşaq üçün müəyyənləşdirilmiş yaşayış minumumu artırılmışdır. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüməsi nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Alimentin artırılacaq məbləği ilə bağlı qeyd olunmalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, alimentin təyin edilməsi zamanı yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə istinad edilməsi düzgün olsa da, aliment məbləğinin məhz həmin yaşayış minimumu həcmində müəyyən edilməsinə dair qanunvericilikdə hər hansı birbaşa göstəriş yoxdur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında alimentin məbləğinin qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərinə yaxın məbləğ kimi digər valideyndən tutulmalı olması qeyd edilmişdir. Qeyd olunmalıdır ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimentin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Eyni zamanda ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyildir. Məhkəmə qətnaməsi icra olunmaq üçün çıxarılır, istər valideynlərin, istərsə də uşağın vəziyyətini hər hansı bir şəkildə çətinləşdirməyə gətirib çıxarmamalıdır. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanılmalı olması və aliment ödəməli olan valideynin maddi vəziyyəti nəzərə alınmalı, müəyyən edilən aliment məbləği qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğdə olmalıdır. Bu baxımdan hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün tədbirlər görülməli, həmçinin konkret iş üzrə yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallara da qiymət verilməlidir. Məhkəmə qeyd edilən halları nəzərə alaraq hazırkı vəziyyətdə alimentin məbləğinin artırılaraq uşaqların saxlanması üçün hər uşağa görə 210 manat müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumuna yaxın məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın başqa zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. İddia tələbinin cavabdehdən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına çatanadək hər ay 100 manat məbləğində aliment tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 84.1, 84.2.2 və 86-cı maddələrinə müvafiq olaraq ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qanunvericilik normalarının məzmunundan göründüyü kimi, uşağın doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan ərdən maddi cəhətdən kömək göstərməsini tələb edə bilər. Hazırki iş üzrə iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş uşağın 3 yaşınadək ödənilməli olan 30 manat məbləğində pulun artırılması üçün kifayət qədər əsasların mövcudluğuna dair hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışdan və cavabdehin izahatından göründüyü kimi, sonuncu 370 manat əmək haqqı alır. Cavabdehin ödəyəcəyi alimentin məbləği də nəzərə alınarsa, uşağın üç yaşınadək saxlanması məqsədilə aliment ödəməyə zəruri vəsaitə malik şəxs hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia uşağın doğulduğu gündən üç il ərzində iddiaçıya ödənilməli olan 30 manat məbləğində alimentin dəyişdirilməsi hissəsində təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2714/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 3 (üç) yaşına çatanadək saxlanması üçün, yəni xx.xx.2025-ci il tarixinədək 30 manat miqdarında alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2714/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2018ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 210 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2714/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 210 manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-3230/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3230/2023
28.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver