Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3231/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, cavabdeh X3 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh X5 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4732/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılması, yəni cavabdeh X2 birgə nikahdan olan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün sabit pul məbləğində 220 manat olmaqla, cəmi 660 manat məbləğində alimentin, ödənilmiş 57 manat mediasiya haqqının və hüquqi yardıma görə 6 saylı vəkil bürosunun hesabına ödənilmiş 150 manatın cavabdeh X2 tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012ci il təvəllüdlü X9, xx.xx.2015-ci il X7 doğulmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4732/2021 nömrəli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların ananın yanında saxlanılması və uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün sabit pul məbləğində 175 manat olmaqla, cəmi 525 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Uşaqlar böyüdükcə maddi tələbatlarının artması, təhsillərinin daha yaxşı və keyfiyyətli olması üçün fərdi hazırlıqlara getmələri və digər gündəlik ehtiyaclarının təmin olunması baxımından ciddi çətinliklər mövcuddur. İddiaçı özü işləmir. Cavabdeh isə xarici ölkələrdən ailə üzvlərinin adına maşınlar gətirərək onların alqı-satqısı ilə məşğuldur. Gündəlik və aylıq gəlirləri dəyişkən olmaqla, yaxşı qazanca malik olsa da, ancaq məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəməklə kifayətlənir. Məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment isə hazırki vəziyyətdə uşaqların normal yaşaması və saxlanması üçün çox az məbləğdir. Həmçinin, cavabdeh məsələnin razılaşma ilə həll edilməsini qəbul etmədiyi üçün məlumatlı olsa da, mediatora xaricdə olmasını bildirərək mediasiyada da iştirak etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 vəkili və nümayəndəsi Vəkil2 cavabdehin rəsmi iş yerinin olmamasını və gəlirlərinin daimi olmamasını bildirdi, eyni zamanda cavabdehin tərəflərin birgə nikahından olan uşaqlarının daima qayğısına qaldığını bildirərək məhkəmə qətnaməsi ilə müəyyən olunacaq aliment məbləğini ödəməyə razı olduğunu bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4732/2021 nömrəli qətnaməsi ilə İddiaçı ilə X8 arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il X4 İddiaçı yanında saxlanılması, X2 xx.xx.2021-ci il tarixdən başlayaraq, uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün sabit pul məbləğində 175 manat olmaqla, cəmi 525 manat məbləğində alimentin X2 tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ 814194 nömrəli doğum haqqında şəhadətnamədən aydın olur ki, X6 19 dekabr 2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçıdır. Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ 027603 nömrəli doğum haqqında şəhadətnamədən aydın olur ki, X9 30 noyabr 2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçıdır. 1 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat çöbəsi tərəfindən 27 noyabr 2015-ci il verilmiş AZ-İİİ 659240 nömrəli doğum haqqında şəhadətnamədən aydın olur ki, X7 26 oktyabr 2015-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası İddiaçıdır. Bakı 10 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən, X8 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən, İddiaçı tərəfindən 57 manat mediasiya haqqı ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən, İddiaçı 150 manat məbləğində vəsaiti 6 saylı vəkil bürosunun hesabına ödəmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il X7 doğulmuşdur. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4732/2021 nömrəli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqların ananın yanında saxlanılması və uşaqlar yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün sabit pul məbləğində 175 manat olmaqla, cəmi 525 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda isə İddiaçı bu məbləğin uşağın saxlanılmasına yetərli olmadığını bildirir və aliment məbləğinin artırılmasını və cavabdehdən hər ay hər uşağa görə 220 manat, cəmi 660 manat məbləğində sabit aliment, həmçinin ödənilmiş 57 manat mediasiya haqqının və hüquqi yardıma görə 6 saylı vəkil bürosunun hesabına ödənilmiş 150 manatın tutulmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Mülki iş materiallarında cavabdehin gəlirləri barədə hər hansı sübutun olmamasını və iddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşağın tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir; hansı ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4732/2021 nömrəli qətnaməsi ilə hər uşağa görə 175 manat aliment tutulmasını müəyyənləşdirərkən müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə həm uşaqlar böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumu 2023-cü il üçün artırılaraq 220 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin tələb olunan aliment məbləğinə münasibətdə iddianı etiraf etməsinin qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalı, iddianın etirafı qəbul olunduğundan iddia tələbi aliment məbləğinin artırılması hissəsində təmin olunmalı, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2 №-li Qərarının 8.14-cü bəndində qeyd edildiyi kimi, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə “hüquqlarının müdafiəsi üçün iddiaçının vəkilə ödədiyi 150 manat haqqın cavabdehdən alınıb ona ödənilməsi” hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının vəkilin xidmətindən istifadə etməsi iş materiallarında olan vəkil orderindən və ödəniş tapşırığından aydın olduğu üçün məhkəmə vəkil xərcinin cavabdehdən tutulmasını qanuni hesab edir, lakin tutulmalı olan məbləğə münasibətdə tələb olunan vəkil xərcinin 100 manat məbləğində tutulmasını daha ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya haqqı və poçt xərcinin əvəzi olaraq 57 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, cavabdeh X2 xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il X4 yetkinlik yaşlarına çatanadək saxlanması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 (altı yüz altmış) manat məbləğində müəyyən edilsin. Cavabdeh X2 57 (əlli yeddi) manat məbləğində mediasiya haqqı, vəkil xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-3231/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3231/2023
21.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver