Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-325/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 oktyabr 2017-ci il tarixli borc müqaviləsinə əsasən qaytarılmamış 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. 2017-ci ildə o, iddiaçıya müraciət edərək, ona 7700 ABŞ dolları məbləğində borc pul verməyi xahiş etmişdir. İddiaçı onunla razılaşıb ona 7700 ABŞ dolları məbləğində borc pul vermiş və bu barədə Cavabdeh ilə onun arasında 31 oktyabr 3017-ci il tarixdə yazılı borc müqaviləsi bağlanaraq Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş və reyestrdə 3M/1099 № ilə qeyd edilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh iddiaçıdan aldığı borc pulu 31 oktyabr 2018-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh 31 oktyabr 2017-ci il tarixli borc müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona ödənilməli olan borc məbləğindən heç bir məbləğdə pul ödəməmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi xəbərdarlıq etsə də, cavabdeh öz öhdəliklərini yerinə yetirilməsi istiqamətində hər hansı bir addım atmamışdır. Göründüyü kimi cavabdehə 7700 ABŞ dolları məbləğində pulu verdiyi tarixdən artıq 3 ildən də çox bir müddət keçməsinə baxmayaraq, cavabdeh həmin pul məbləğindən ona heç bir məbləğ qaytarmadıqlarından iddiaçıya zərər vurmuş, həmin pul məbləği ilə qazanacağı gəlirdən məhrum etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaya yazılı etiraz təqdim edərək, bildirmişdir ki, onunla iddiaçı arasında borc müqaviləsi rəsmən bağlansa da, o cavabdehə hər hansı bir pul vəsaiti əlbəəl verməmişdir. İddiaçıla onun qardaşı Yasin Məmmədov arasında borc pul məsələsi olmuşdur. O qardaşına görə iddiaçıdan əlbəəl pul almasa da, çıxılmaz vəziyyətdə qalib formal xarakter daşısa da, bu müqaviləni imzalamaq məcburiyyətində qalmışdır. Bu isə o demək deyil ki, o cavabdehə 7700 ABŞ dolları məbləğində pul vermişdir. Qanunlara əsasən bu borc müqaviləsi həqiqəti əks etdirmir və əsas kimi də qəbul edilə bilməz. Mülki iş üzrə ekspertiza təyin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu Əliyev.E.Q tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 7700 (yeddi min yeddi yüz) ABŞ dolları məbləğində pulu Cavabdeh borc vermiş, borclu göstərilən məbləği xx.xx.2018-ci il tarixədək qaytarılması barədə öhdəlik götürmüşdür; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, kredit borcunun xx.xx.2018-ci il tarixədək ödəniləcəyi qeyd olunsa da, bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də, kredit müqaviləsinə əsasən ona ödənilmiş 7700 ABŞ dolları məbləğində pulun beş gün ərzində ona qaytarılmasını xahiş etmiş, əks halda ödənilmiş pulların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-6845/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli Qətnaməsinin surətinə əsasən ilkin iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, İddiaçı, maraqlı şəxs Bakı şəhər Nərimanov Rayon İcra Şöbəsinə qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı "pul” tələbinə dair ilk və qarşılıqdlı iddia ərizələri rədd edilmişdir; xx.xx.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı 130 manat məbləğində dövlət rüsumu ödəmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 7700 ABŞ dolları məbləğində pulu borc almış və həmin məbləği xx.xx.2018-ci il tarixədək İddiaçı qaytarılması barədə öhdəlik götürmüşdür. İddiaçı borc müqaviləsi üzrə yaranmış 7700 ABŞ dolları məbləğində borcu Cavabdeh tələb edir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqavilələri bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən İddiaçı cavabdehə müqavilə üzrə 7700 ABŞ dolları məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə, həm də bundan sonra qaytarmamış, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, yaranmış borc məbləğini iddiaçıya ödəməlidir. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, onun qeyd etdiyi dəlillər (ona hər hansı pul vəsaitinin verilmədiyi, əslində İddiaçıla onun qardaşı Yasin Məmmədov arasında borc pul məsələsinin olması, çıxılmaz vəziyyətdə qalib formal xarakter daşısa da, bu müqaviləni imzalamaq məcburiyyətində qalması, borc müqaviləsinin həqiqəti əks etdirmədiyi və s.) Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu Əliyev.E.Q tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin etibarlız olub-olmaması zamanı məhkəmə araşdırmasının predmeti olmuş və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-6845/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli Qətnaməsi qanuni qüvvəsini almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7700 ABŞ dolları pul vəsaiti İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 7700 (yeddi min yeddi yüz) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-325/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-325/2022
07.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver