Məhkəmə qərarları › İş №2(005)-3277/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3277/2021

09.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3277/2021 09.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin cavabdeh Həsənov Anar Oqtay oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi cavabdeh Həsənov Anar Oqtay oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini təmin edib təbiətə vurulmuş 900 (doqquz yüz) manat məbləğində ziyanın X1 üzrə Dövlət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 yanvar 2020-d il tarixdə Cavabdeh tərəfindən ünvan 1 ünvanında 1 ədəd diametri 14 sm olan köküstə yaş sərv ağacı qanunsuz olaraq kəsilmişdir. Həmin ağacın qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 900 (doqquz yüz) manat məbləğində ziyan vurulmuşdur. Vurulmuş ziyanın qanunvericiliyə əsasən X1 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Beləliklə, 12.02.2020-ci il tarixdə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılan Cavabdeh tərəfindən 900 (doqquz yüz) manat məbləğində ziyanın X1 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "xxxx" MMC-nin direktoru Cavabdeh ünvanlanmış 13.02.2020-ci il tarixli, 26/234 saylı məktubun surətindən görünür ki, Toplanmış material əsasında aparılmış inzibati araşdırma nəticəsində 12.02.2020-ci il tarixdə işə baxılmış Nazirlər Kabinetinin 27.10.2016-cı il tarixli 421 saylı qərarına əsasən diametri 14 sm olan 1(bir) ədəd sərv ağacının kəsilməsi nəticəsində tərəfimizdən 900 (doqquz yüz) manat məbləğində təbiətə dəymiş maddi ziyan hesablanmışdır. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh tərəfindən təbiətə dəymiş maddi ziyana görə 900 (doqquz yüz) manat məbləğində ödənilməsini xahiş edilmişdir. Əks tədqirdə həmin qərarın məcburi şəkildə təmin olunması üçün toplanmış materiallar aidiyyəti üzrə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rayonlar üzrə icra və probasiya şöbəsinə və məhkəməyə təqdim ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 16.01.2020-ci il tarixli, 55889 nömrəli akt əsasında yaşıllıqlara dəymiş ziyanın hesablanmasına dair cədvəlinə əsasən ümumi dəymiş məbləğin ziyanı 900 manat müəyyən edilmişdir. İş materiallarında olan 17.02.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına MN ******* nömrəli cərimə qərarı ödəniş təyinatı əsasında 5000 manat məbləğində vəsait köçürülmüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, 16 yanvar 2020-d il tarixdə Cavabdeh tərəfindən ünvan 1 ünvanında 1 ədəd diametri 14 sm olan köküstə yaş sərv ağacı qanunsuz olaraq kəsilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X1 üzrə Dövlət Fonduna 900 məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdeh dəymiş ziyan məbləğinin iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 900 məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 39.3-cü maddəsinə əsasən, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yuxarıda sadalanan işin faktiki hallarından göründüyü kimi, Cavabdeh tərəfindən maddi ziyan vurulduğu işin mübahisəsiz halıdır. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh tərəfindən təbiətə ziyanın vurulması, həmin ziyanın cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasında səbəbli əlaqənin olduğu sübuta yetmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 900 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 900 (doqquz yüz) manat iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar