Məhkəmə qərarları › İş №2(005)-3289/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3289/2025

05.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3289/2025 05.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öz xeyrinə 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat pulun, 2 il üçün 10 faiz olmaqla 1900 (min) doqquz yüz) manat penyanın və ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı, Cavabdeh ilə iş görmək üçün ona 2023-cü ildə təxminən yay aylarında 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat məbləğində pul vermişdir. İş birliyi RENT A CAR işlətmək olmalı idi və şərik kimi 40/60-a işləməli idik. Ancaq həmin dövrdən etibarən bu şəxs müxtəlif bəhanələr gətirərək nə iş birliyi qurdu, nə də pulumu geri qaytardı. Dəfələrlə həm özü ilə, həmçinin anası (Təranə adlı) ilə dəfələrlə əlaqə yaradaraq pulumu geri tələb etsəm də, mənə qarşı hədə-qorxular gəlinmişdir. Nəhayət hazırda Nərimanov rayon Polis İdarəsinə müraciət etdikdən sonra bu şəxs mənə borcunun olmasını etiraf etmiş və bu zaman da hətta borcunun cəmi 6000 manat olmasını bildirmişdir. Halbuki borc manat məzənnəsi ilə 19.000 (on doqquz min) manatdır.” II. Tərəflərin mövqeləri: Cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, mübahisə predmeti olan pulun necə, nə vaxt və hansı şəkildə verilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir, iddia tələbi yalnız iddiaçının formal mülahizələrinə uyğun əsaslandırılmışdır. Həmçinin, DİN Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar sübut kimi ümumiyyətlə qiymətləndirilməməlidir. Belə ki, sözügedən qərarda birgə iş görüb qazanc əldə etmək məqsədilə İddiaçı tərəfindən Cavabdeh 19000 (on doqquz min) manat pulun 2023-cü il tarixdə verilməsi qeyd olunmuşdur, halbuki hüquq-mühafizə orqanına başqa hər hansı sübut təqdim edilməmiş və ya müəyyən edilməmiş, verilmiş ifadələrdə isə kifayət qədər bir birinə zidd məqamlar mövcuddur. Lakin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar qəbul edilməsi cavabdehə hər hansı öhdəlik yaratmadığından sözügedən qərardan şikayət verilməmişdir. Eyni zamanda bildirir ki, Cavabdehlə 2023-cü ilin yay aylarında hər hansı iş birliyi baş tutmamış, adına ümumiyyətlə adına hər hansı şirkət mövcud deyil və heç vaxtı da olmamışdır. Bundan əlavə bildirir ki, cavabdehin sanki onunla iş görmək adı ilə pulun məhz 2023-cü ilin yay aylarında verilməsi tamamilə cəfəngiyyat xarakterli bir məlumatdır və sözügedən tarixin qeyd edilməsi sırf iddia müddətinin ötürülməməsinə yönəlmiş bir cəhddən başqa bir şey deyil. Belə ki, iddiaçı ilə “WhatsApp” mobil tətbiqi üzərindən aparılmış danışıqlardan görünür ki, o ən azından 5 avqust 2017-ci il tarixdə hüquqlarının pozulduğunu bilirdi (əlavə olunur). Sözügedən danışıqlarda iddiaçı cavabdehdən 2017-ci ilin iyun ayından başlayaraq pul tələb edir. 2020-ci ilin mart ayının 29-da iddiaçı ilə cavabdeh arasında baş tutan yazışmaların mətninə nəzər yetirsək görərik ki, iddiaçı bu vəziyyətin altı ildir davam etdiyini etiraf edir. Buna görə də, İddiaçı tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə cavabdeh tərəfindən Nərimanov Rayon Məhkəməsinə müraciət olunur. Həmçinin cavabdehin nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, istənilən halda iddia tələbi heç bir şəkildə təmin edilə bilməz, çünki iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçının mübahisə etdiyi əsas məqam cavabdehin sanki onunla iş görmək adı ilə verilmiş pulun cavabdehdən alınaraq qaytarılması barədə tələbi təşkil edir. Etiraz ərizəsinə qoşma şəklində əlavə edilmiş iddiaçı ilə WhatsApp" mobil tətbiqi üzərindən aparılmış danışıqlardan görünür ki, o ən azından 5 avqust 2017-ci il tarixdə hüquqlarının pozulduğunu bilirdi. MM-nin 373-cü maddəsinin 2-ci hissəsinə əsasən, həmin tələb məhkəməyə ən son tarixi belə götürsək xx.xx.2020-ci il tarixinədək irəli sürülə bilərdi. Çünki əgər iddiaçı onun tərəfindən verilmiş pulun cavabdeh tərəfindən qaytarılmamasını qanunsuz hesab edirdisə, bu barədə tələbini həmin dövrdə verməli idi və müddətin axımı məhz həmin vaxtdan başlamışdır. Lakin iş materiallarından göründüyü kimi, bu barədə tələb məhkəməyə iddia müddəti ötürüldükdən sonra verilmişdir. Halbuki, AR Mülki Məcəlləsinin (MM) 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, cavabdeh ondan iş adı ilə 10000 ABŞ dolları və 2000 manat məbləğində pul almışdır. Aralarında olan razılığa əsasən “Rent A Car” ilə məşğul olub, şərik kimi 40/60 nisbətdə gəlir ilə işləməli idilər. Lakin bu baş tutmamışdır. Artıq iki ildən çox müddət keçsə də pulunu qaytarmırlar. Cavabdeh illər öncə də ondan borc almış, lakin həmin borcu ödəmişdir. Hazırda tələb etdiyi pulu 2023-cü ilin yay aylarında həyətlərində vermişdir. Pulu artıq 2024-cü ilin axrından tələb etməyə başlamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, bu iş birliyi tərəflər arasında olmayıb. 2023-cü ildə pulun verilməsi həqiqəti əks etdirmir. 2014-2015-ci illərdə tərəflər arasında dost münasibətləri olub və bu çərçivədə verilən pul olub. 17-ci Polis Bölməsinin qərarı sübut kimi qəbul oluna bilməz. Pulun alınması barədə heç bir sübut təqdim olunmayıb. 2017-ci ildən iddiaçı cavabdehdən pul tələb edir, yazışmalarda da qeyd edir ki, 6 ildir bu məsələ davam etdirilir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X3 27 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh (xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olan. ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan) bildirmişdir ki, İddiaçılə aralarında ailəvi dostluq münasibəti vardır. 2011-ci ildə Asif ona iş görmək üçün 5.000 ABŞ dolları pul vermişdir. 2012-ci ildə maşın bankda kredit olduğu üçün 5.000 manat kassaya ödəniş etmişlər və birlikdə maşını bankdan çıxarmışlar. Həmin puldan isə 2700 manat. 500 manat və 300 manat olmaqla Asifə qaytarmışdır. Hal hazırda onun Asifə 6000 manat borcu qalmışdır. Ən qısa zamanda həmin pulu qaytacağma söz vermişdir. Qərarla tərəflər arasında olan münasibətlər mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. -14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -445.7-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur -560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Beləliklə məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, aralarında olan şifahi razılaşma əsasında İddiaçı tərəfindən Cavabdeh “birgə iş qurmaq” məqsədilə 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat məbləğində pul verilmişdir. Lakin iddiaçının verdiyi pul qarşılığından gözlədiyi əməl Cavabdeh tərəfindən yerinə yetirilməmiş, aralarında olan razılıq baş tutmamışdır. Bu səbəbdən hazırda iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək ödədiyi pulun Cavabdeh öz xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Göründüyü kimi, iddiaçı birlikdə iş qurmaq məqsədilə müəyyən məbləğdə pul vəsaitini cavabdehə vermiş, lakin sonradan cavabdeh öz vədini yerinə yetirmədiyindən iddiaçı verdiyi pulu cavabdehdən geri istədiyi və sonuncu da pulu geri qaytarmadığı üçün hazırkı məhkəmə mübahisəsi ortaya çıxmışdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin əsası kimi MM-nin əsassız varlanma barədə müddəaları nəzərdən keçirilə bilər. Belə ki, qeyd olunan Məcəlləyə əsasən, əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Bu hal yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ilk olaraq mübahisə ilə bağlı polis şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin təhqiqatçısı polis mayoru X3 27 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 2023-cü ildə birgə iş görüb qazanc əldə etmək məqsədilə tanışı Cavabdeh 19000 manat pul versə də, sonuncu ona qazanc verməmiş və aldığı pulları da geri qaytarmamışdır. Bununla da tərəflər arasında yaranmış münasibətlərin mülki xarakterli olması müəyyən edilmiş və cinayət işininn başlanması bu əsasla rədd edilmişdir. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin 27 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin etirafedici hərəkətləri, yəni hüquq mühafizə orqanında araşdırma zamanı borcun təsdiqi borcun mövcudluğunu və onun qaytarılmasını sübut etmək vəzifəsinin yalnız cavabdehin özünə mənsubluğunu, habelə hər hansı formada (pulun qaytarılmasında) dəlillərinin sübutedici əsaslarla öz təsdiqinin tapmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, Cavabdehnın İddiaçı hesabına sonralar aradan qalxmış əsasa söykənən - hüquqi əsas olmadan varlanması iş materialları ilə təsdiq olunur. Belə ki, iddiaçı Cavabdeh 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat məbləğində ödəniş etmişdir. Lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmamışdır. Əmlakından - pulundan məhrum olan iddiaçı da hazırda razılaşma üzrə ödədiyi pul məbləğini geri tələb edir. Pul məbləği cavabdeh tərəfindən geri ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat pul alması, bununla belə tərəflər arasında olan razılığın baş tutmaması, Cavabdehnın əsassız varlanması ilə iddiaçının öz əmlakından məhrum olmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə öz hüquqlarının bərpası üçün - ödədiyi məbləğin qaytarılmasını Cavabdeh geri tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qeyd olunan hissədə əsaslıdır və buna görə də təmin edilməli, cavabdehdən Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin “2 il üçün 10 faiz olmaqla 1900 (min) doqquz yüz) manat penyanın tutulması” hissəsinə münasibətdə isə hesab edir ki, iddia qeyd olunan hissədə əsaslı deyildir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər MM-in 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Nəzərə alınmalıdır ki, iddiaçı məhz 2024-2025-ci illər üzrə illik 5 faiz hesablanmaqla 1900 manat vəsaitin tutularaq, ona ödənilməsini xahiş etmişdir. Lakin, işin hallarından göründüyü kimi, iddiaçının hazırki tələbi müəyyən müddətə qaytarmaq məqsədilə borc pul verilməsi ilə bağlı deyil, məhz tərəflər arasında olan “birgə iş qurmaq” barədə razılığın sonradan baş tutmaması nəticəsində yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qeyd olunan hissəsi təmin edilməməlidir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçının hüquqlarının pozulmasından ən azı 5 avqust 2017-ci il tarixdə xəbərdar olduğunu, müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu bildirərək iş üzrə iddia müddəti tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin dəlilləri ilə razılaşmır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Nəzərə almaq lazımdır ki, Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Eyni zamanda, qanunvericilikdə, tənzimlənməsi xüsusi maraq kəsb edən, iddia müddəti şamil edilməyən tələblər müəyyən edilmişdir. Həmin tələblərin irəli gəldiyi hüquq münasibətlərinin təbiəti və xüsusi əhəmiyyətini nəzərə alaraq dövlət belə tələblərin “müddətsiz” müdafiə edilməsinə təminat verir. Qeyd edilməlidir ki, iddia müddəti öhdəliklərin icrası ilə bağlı tələblərə şamil olunmaqla, kreditorun öz tələbini məhkəmə qaydasında məcburi icra etdirmək imkanına qoyulmuş bir məhdudiyyətdir. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.4-cü maddəsinə görə tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi, əsassız varlanma münasibətlərində əsassız varlanma obyektini qaytarmaq üçün iki il müddət müəyyən edilmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir. Hazırki iş materialları ilə müəyyən olunur ki, iddiaçı 2023-cü ilin yay aylarında cavabdeh ilə aralarında olan “birgə iş qurmaq barədə” razılığa əsasən sonuncuya pul vermişdir. Tərəflər arasında olan hazırki mübahisə 2023-cü ilin yay aylarında yaranmış münasibətlərlə bağlıdır. Bununla belə, tərəflər arasında olan razılıq baş tutmamış, iddiaçı xx.xx.2025-ci il tarixdə ərizə ilə Nərimanov RPİ-nin 17-ci PŞ-nə, xx.xx.2025-ci il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə tətbiq edib, işin yuxarıda müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulan iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi qismən təmin edildiyindən, tərəflərin dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddianın təmini rədd edilmiş hissəsinə münasib olaraq hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 147 manat dövlət rüsumunun 134 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu kimi 134 (yüz otuz dörd) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 10000 (on min) ABŞ dolları və 2000 (iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu kimi 134 (yüz otuz dörd) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar