Məhkəmə qərarları › İş №2(005)-3302/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3302/2022

06.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3302/2022 06.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı Niyaz qızının iştirakı ilə, İddiaçı Niyaz qızının Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Niyaz qızı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü Əhəd-zadə Dərya Rəmzi qızının yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay 200 manat olmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2899/2021 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə övladı Əhəd-zadə Dərya Rəmzi qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh uşağın saxlanılması üçün heç bir maddi kömək göstərməmişdir. Tənha ana olduğundan uşağın saxlanması üçün 175 manat aliment uşağın tələbatını ödəmir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəmək tək qadın olaraq ona çox çətindir. Məhkəmə iclasında İddiaçı Niyaz qızı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü Əhəd-zadə Dərya Rəmzi qızı doğulmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı Niyaz qızı qeyd edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2899/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü Əhəd-zadə Dərya Rəmzi qızının İddiaçı Niyaz qızının yanında saxlanması, uşağın yetkinlik yaşına çatanadək saxlanması ilə bağlı Cavabdeh hər ay 175 manat sabit məbləğdə alimentin tutuluraq İddiaçı Niyaz qızına verilməsi qət edilmişdir; Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikaha xx.xx.2021-ci il tarixdə xitam verilmişdir; İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı Niyaz qızı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Əhəd-zadə Dərya Rəmzi qızı anadan olmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2899/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü Əhəd-zadə Dərya Rəmzi qızı anasının himayəsinə verilmiş və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı Niyaz qızına ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin pozulması ilə nəticələnə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri ilə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddiaçının alimentin 200 manat məbləğində müəyyən edilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən, həmçinin cavabdehin alimenti uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan artıq məbləğdə ödəmək imkanına malik olmasını sübuta yetirmədiyindən iddia qismən təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların başqa zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2899/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı Niyaz qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü Əhədzadə Dərya Rəmzi qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Niyaz qızına ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2899/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü Əhəd-zadə Dərya Rəmzi qızının saxlanılması üçün Cavabdeh İddiaçı Niyaz qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü Əhəd-zadə Dərya Rəmzi qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Niyaz qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar