Məhkəmə qərarları › İş №2(005)-3310/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3310/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3310/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12500 ABŞ dolları və 500 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2017-ci ilin əvvəlində ona yaxın tanışı bir xanım müraciət edərək, onun rəfiqəsininn düşdüyü çətin vəziyyətdən qurtarması üçün sonuncuya köməklik göstərməyimi xahiş etmişdir. O, mənə izah etmişdir ki, rəfiqəsinə problemlərinin həlli üçün 10 000 (on min) ABŞ dolları lazımdır. Qeyd edir ki, ona müraciət edən şəxsi uzun illərdi tanıyır, onların bir-birilərinə qarşılıqlı hörmət və etibarı var. Ona görə də onun sözünü yerə salmaq istəməməmişdir. xx xxxxxx 2017-ci il tarixdə o, tanışının rəfiqəsi Cavabdeh ilə Bakı şəhəri 5 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlamışdır. Həmin müqavilənin 1-ci bəndinə görə o, cavabdehə 10.000 (on min) ABŞ dolları vermiş və müqavilənin 2-ci bəndinə əsasən "borc alan" kreditin 5.000 (beş min) ABŞ dolları hissəsini 10 gün müddətinə, qalan 5.000 (beş min) ABŞ dolları hissəsini isə xx.xx.2018-ci il tarixədək iddiaçıya qaytarmalı idi. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Müqavilə bağlandıqdan sonra hadisələr belə cərəyan etmişdir: 2017-ci ilin iyun ayında cavabdeh ona bildirmişdir ki, müqavilə üzrə öhdəliyini yerinə yetirə bilər. Bunun üçün Lombarda qoyulmuş qızılını geri almalıdır. Cavabdeh qızılı aldıqdan və satdıqdan sonra borcu qaytaracağını söz verdi. İddiaçı ona inanmış və onun qızılı geri götürməsi üçün xx.xx.2017-ci il tarixdə Lombarda 2.500 (iki min beş yüz) ABŞ dolları, 500 (beş yüz) manat ödəmişdir. Qızıl elə həmin vaxt verilmədiyindən o, sonradan onu iddiaçı ilə alacağına söz vermişdir. Lakin cavabdeh yenə də onu aldadaraq qızılı onsuz götürmüşdür. Beləliklə, cavabdeh yalana əl ataraq onu yenə xərcə salmışdır. Məhkəməyə müraciət edənədək o, iddiaçıya nə kredit müqaviləsi üzrə ona verdiyi borcla, nə də Lombarda çəkdiyi xərclə bağlı hec nə qaytarmamışdır. Cavabdeh iddiaçı ilə nəinki görüşdən, telefon əlaqəsindən də yayınır. Kredit müqaviləsinin 8-ci bəndinə görə o, məhkəməyə müraciət edə bilər. İddiaçı ailəlidir və çəkdiyim ziyan maddi və mənəvi xarakter daşımaqla bitmir. Onun həyat yoldaşı və övladı da əziyyət çəkir. Cavabdeh tərəfindən borcun qaytarılmaması ilə bağlı ailəsində gərgin vəziyyət yaranmışdır və teztez münaqişə baş verir. Cavabdehdən yalanına və onu aldatdığına görə o, əlavə xərc tələb etmir. İddiaçıya və ailəsinə vurduğu mənəvi zərərin də əvəzini istəmir. Ancaq ona olan borcun tam həcmdə ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1725/2019 nömrəli, xx.xx.2019cu tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra cavabdeh qiyabi qətnamənin ləğv edilərək mülki işə onun iştirakı ilə baxılmasını xahiş etmiş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə qiyabi qətnamənin ləğv edilməsi qərara alınmışdır. Lakin məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməklə, məhkəmə bildirişləri və elektron sms göndərilsə də, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alan”-a 10000 ABŞ dolları məbləğində pul vermişdir. "Borc alan" kreditin 5.000 (beş min) ABŞ dolları hissəsini 10 (on) gün müddətində, qalan 5.000 (beş min) ABŞ dolları hissəsini xx/xx/2018 (iyirmi iki fevral iki min on səkkizinci il) tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əasən “Borc verən” “Borc alan”-a 10000 ABŞ dolları məbləğində pul vermişdir. "Borc alan" kreditin 5.000 (beş min) ABŞ dolları hissəsini 10 (on) gün müddətində, qalan 5.000 (beş min) ABŞ dolları hissəsini xx/xx/2018 (iyirmi iki fevral iki min on səkkizinci il) tarixədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. Lakin Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, yəni 10.000 ABŞ dolları məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçının Cavabdeh lombarda qoyulmuş qızılını geri götürməsi üçün xx.xx.2017-ci il tarixdə 2.500 (iki min beş yüz) ABŞ dolları, 500 (beş yüz) manat ödəməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu hissədə iddia tələbi əsassızdır, sübuta yetmədiyindən təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçı tərəfindən hər hansı tələb olmadığından, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Beləliklə, yuxarıda şərh olunan işin hallarını və qanunun tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 10.000 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə manatla) məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 10000 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə manatla) məbləğində pul tutulsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar